Gənclərin pis vərdişlərdən, xüsusilə narkotikdən uzaq durmasında və sağlam həyat yaşamasında idmanın böyük rolu var. Necə deyərlər, “sağlam bədəndə sağlam ruh olar”. Əslində, idman narkotik tələsinə düşməmişdən əvvəl də sağlam yaşamın atributlarından biri olmalıdır. Görünür, məhz bu səbəbdən də ölkəmizdə xeyli sayda Olimpiya İdman Kompleksləri yaradılıb.
Amma hazırda bu təsisatların nə qədər effektiv fəaliyyət göstərməsi, narkotik və digər asılılıqları yayılmasının qarşısının alınmasında nə qədər rol oynadığı sual altındadır. Burada mühüm məqamlardan biri də idman komplekslərindəki xidmətlərin əhalinin aztəminatlı təbəqəsi üçün hansı dərəcədə əlçatan olması, maddi gəliri aşağı olan ailələrin uşaqlarının bu komplekslərin xidmətlərindən pulsuz istifadə edə bilib-bilməməsidir.
Qeyd edək ki, ölkəmizdə əhalinin idmanla məşğul olması üçün nəzərdə tutulmuş 52 Olimpiya İdman Kompleksi var. Onlardan 7-si Bakı və ətrafında (Respublika Olimpiya Mərkəzi, Bakı Olimpiya İdman Kompleksi, Maştağa Olimpiya İdman Kompleksi, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Hövsan Olimpiya İdman Kompleksi, Bakı Olimpiya Stadionu, Şağan Olimpiya İdman Kompleksi) yerləşir. Xırdalan şəhərində Abşeron Olimpiya İdman Kompleksi, Sumqayıtda Paralimpiya İdman Kompleksi və Sumqayıt Olimpiya İdman Kompleksi, Mingəçevir şəhərində Gəncə Olimpiya İdman Kompleksi, Gəncə şəhərində Gəncə Olimpiya İdman Kompleksi, Naxçıvan şəhərində Naxçıvan Olimpiya İdman Kompleksi və Naxçıvan MR ərazisində Şərur Olimpiya İdman Kompleksi var. Qalan 39 Olimpiya İdman Kompleksi isə Şəki, Bərdə, Lənkəran, Quba, Şamaxı, Zaqatala, Masallı, Qazax, Ağdam, Salyan, Qusar, Oğuz, Sabirabad, Biləsuvar, Şəmkir, Şərur, İsmayıllı, Şağan, Ağdaş, Göyçay, Balakən, Füzuli, Tovuz, İmişli, Qəbələ, Astara, Cəlilabad, Qobustan, Şirvan, Xaçmaz, Qax, Saatlı, Göygöl, Goranboy, Yardımlı, Tərtər, Ağcabədi, Beyləqan və Kürdəmir rayonlarının mərkəzində yerləşir.
Təəssüf ki, çox sayda ictimai idman obyektlərinin mövcudluğuna baxmayaraq, onların faydalılıq prinsipi ilə fəaliyyət göstərdiyi mübahisəlidir. Belə ki, insanları sağlam yaşama və aktivliyə çağıran, bunu təlqin edən idman obyektlərinin işi özünü doğrultsaydı, bu amil narkomaniyanın qarşısının alınmasına, azalmasına təsir göstərərdi, yeniyetmə və gənclərimiz zərərli vərdişlərə qurşanmaz, ölkəmizdə narkotik ticarəti “ayaq tutub yerisə” də, narkomaniya bu dərəcədə tüğyan etməzdi.
Ümumiyyətlə, bu gün əhalinin narkomaniyadan qurtulmasında rolu olan hər bir yolun qarşısını açmaq, müvafiq sektorların daha əlçatan olmasına çalışmaq lazımdır. Birinci şərt kimi isə dövlət tərəfindən hər bir uşaq və yeniyetməyə (xüsusilə aztəminatlı ailələrdən olanlara) idman komplekslərində müxtəlif idman növləri ilə məşğul olmaq üçün pulsuz iştirakçı kartları vermək və əhalinin gənc təbəqəsinin həm də burada asudə vaxtını səmərəli keçirməsi üçün daha çox imkanlar yaratmaq zəruridir.
Stopnarkotik.az olaraq qarşıda bu mövzuya dair, yəni Olimpiya İdman Komplekslərinin hər birinin fəaliyyəti ilə bağlı daha ətraflı araşdırma təqdim edəcəyik. Bizi izləyin.
Stopnarkotik.az