ABŞ-də bu ilin sonunda keçiriləcək prezident seçkisinin təkcə bu ölkənin deyil, bütünlükdə dünya düzəninin taleyinə ciddi təsir göstərəcəyi gözlənilir. Bu baxımdan xüsusilə də gələcək Prezidentin Ukrayna və Yaxın Şərqlə bağlı tutacağı mövqe olduqca önəmlidir.
“Bloomberg” agentliyi özünün Donald Trampa yaxın olan mənbələrinə istinadla onun Ukrayna ilə bağlı gələcək planları barədə yazıb.
Yazıda qeyd olunur ki, Tramp ABŞ-nin bəzi NATO üzvləri qarşısında öz öhdəliklərini azaltması variantını nəzərdən keçirir. Yəni, onun prezidentliyi dövründə ABŞ orduya, silahlanmaya az vəsait xərcləyən bəzi dövlətlərə dəstək verməkdən imtina edə bilər.
O, eyni zamanda, prezident seçkilərində qalib gəldikdən sonra Ukraynanı Rusiya ilə sülh danışıqlarına məcbur etməyi planlaşdırır.
Qeyd olunur ki, Trampın komandası onun ABŞ seçkilərində qələbəsindən dərhal sonra Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenskinin iştirakı ilə sülh sammitinin keçirilməsi imkanını müzakirə edir: “Mənbələrdən biri aydınlaşdırıb ki, Ukraynanı danışıqlara qayıtmağa məcbur etmək üçün Tramp ona hərbi dəstəyi azaltmaqla, Putini isə əksinə, Kiyevə yardımı artırmaqla hədələyə bilər”.
Yəni, Tramp hər iki tərəfə təzyiq göstərməklə, onları danışıqlar masasına oturtmaq fikrindədir. Lakin bu danışıqların ilkin şərtlərinin nə olacağı, işğalçı qoşunların Ukrayna ərazilərindən çıxarılması məsələsinin bu şərtlərə daxil olub-olmayacağı barədə heç nə deyilmir.
Yazıda bildirilir ki, Trampın müttəfiqləri mahiyyət etibarilə “ikipilləli NATO ittifaqı”nı müzakirə edirlər. Onlar hesab edirlər ki, NATO-nun məşhur 5-ci maddəsi (hücum altında olan hər hansı ittifaq üzvünün kollektiv müdafiəsi haqqında) yalnız müdafiə xərcləri tələblərinə cavab verən ölkələrə şamil ediləcək.
Eyni zamanda, mənbələr qeyd edirlər ki, bu məsələ ilə bağlı hələlik heç bir siyasi qərar verilməyib, çünki bəzi “trampistlər ” geridə qalan ölkələr üçün “yeni tariflərin tətbiqini” müdafiə edirlər. Yəni, respublikaçılar arasında bəzi NATO ölkələrinə daha aşağı tariflər tətbiqini istəyənlər, onların hərbi xərclərinə görə fərq qoyulmasının əleyhinə olanlar da kifayət qədərdir. Onlar hesab edirlər ki, bu fərqləndirmə alyansın mövcudluğunu risk altına salacaq.
Bir sözlə, “Ukrayna müharibəsini 24 saata dayandıra bilərəm” deyən Trampın bunu hansı yolla, belə tezliklə edə biləcəyi qaranlıq qalır. Onun hər iki tərəfə güclü təzyiq rıçaqlarına malik olacağını söyləmək isə kifayət qədər çətindir.../azpolitika.info