“Bu, çərçivə sazişi olacaq…Zəngəzur dəhlizi regiona firəvanlıq gətirəcək”
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn Birləşmiş Ştatlar və Azərbaycan arasında ikitərəfli münasibətlərdə irəliləyiş və ABŞ-nin Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının imzalanmasına dəstəyini müzakirə etmək üçün Azərbaycana səfər edib. Səfər zamanı O’Brayn Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. Dövlət katibinin köməkçisi Azərbaycan və Ermənistan arasında keçən ay sərhədin müəyyən edilməsinə dair əldə edilən razılaşmanı mühüm irəliləyiş kimi qiymətləndirib.
Ceyms O'Braynın Azərbaycana səfəri, ABŞ-nin Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının əldə edilməsi istiqamətində hazırkı səyləri və iki ölkə arasında sülhə nail olunmasının perespektivlərini “Amerikaın Səsi”nə şərh edən ATƏT-in artıq fəaliyyət göstərməyən Minsk Qrupunun keçmiş həmsədri, ABŞ-nin yüksək səviyyəli diplomatı Ceyms Uorlik bildirib ki, O'Braynın bölgə ilə məşğul olduğunu eşitmək ümidvericidir.
“Təfərrüatlarını bilməsəm də mənim başa düşdüyümə görə, onun Ermənistana uğurlu səfəri olub. Azərbaycanla əlaqələr son dərəcə vacibdir. Azərbaycan uzun illərdir ki dostdur və bu, təkcə ikitərəfli münasibətlər üçün deyil, ən əsası Azərbaycan və Ermənistan arasında sülh sazişi üçün mühüm dövrdür. Buna görə də onun səfəri çox vaxtında edilmiş səfərdir və ümid edirəm ki, bu, irəliyə doğru müəyyən müsbət addımlarla nəticələnəcək”, - diplomat qeyd edib.
Azərbaycanla Ermənistan arasında münasibətlətə toxunan C.Uorlik bildirib ki, sülh perspektivlər heç vaxt bundan daha yaxşı olmayıb, amma prosesdə ilk addım razılığın əldə olunmasıdır: “Mənim anladığım qədər bu, tam tamamlanmış sülh sazişi olmayacaq. Bu, çərçivə sazişi olacaq. Ancaq tərəflərin sərhədlərin demarkasiyası, nəqliyyat və hər iki tərəfi narahat edən digər mühüm məsələlərdə irəliləyə biləcəyi prinsiplərə əsaslanan belə bir sazişin imzalanması müsbət addımdır”.
Amerikalı diplomat “Hazırda diqqət tələb edən təxirəsalınmaz məsələlər hansılardır və ABŞ iki ölkə arasında razılığın əldə olunmasına necə kömək edə bilər” sualını belə cavablandırıb: “Müzakirə olunan üç əsas məsələ var və bundan artıq da ola bilər. Bunlardan birincisi sərhəddəki kəndlər idi. Ermənistan bu dörd kəndi Azərbaycana qaytarmaqla bu problemi həll etdi. İkinci məsələ sərhədin demarkasiyasıdır. Bunun sovet sərhədləri əsasında həyata keçirilməsi ilə bağlı razılıq olsa da, təbii ki, hansı xəritələrdən istifadə edildiyi və sərhədin dəqiq harada olması ilə bağlı mübahisəli məsələlər olacaq. Ancaq düşünürəm ki, zaman keçdikcə bu sahəni bilən mütəxəssislər bu məsələnin həllində uğur qazana bilərlər. Üçüncü məsələ Azərbaycanı Ermənistan üzərindən Naxçıvana birləşdirəcək dəhliz - Zəngəzur dəhlizi məsələsidir. Bu məsələdə irəliləyişin vacib olduğuna inanıram. Bunun nəyə bənzədiyi, avtomobil və ya dəmir yolu xətti olması hələ də aydın deyil. Lakin bu, hər iki ölkənin marağındadır. Açığını deyim ki, bu, nəqliyyat əlaqələrinin genişləndirilməsi zaman keçdikcə regiona firavanlıq gətirə bilər”.
Ukraynada davam edən müharibə fonunda Kremlin Azərbaycanla Ermənistan arasında sülh prosesindəki rolunu şərh edən Uorlik deyib: “Rusiyanın regionda böyük marağı var və bu, bütün diqqət Ukraynaya yetirilsə belə dəyişməyəcək. İnanıram ki, Rusiya cənub sərhədində sabitlik və firavanlıq olmasını istəyəcək”.
Amerikalı diplomat hesab edir ki, xaos və münaqişə Rusiyanın marağında deyil: “Onlar Azərbaycanın əsas ərazisindən Naxçıvana və potensial olaraq Türkiyəyə dəmir yolu xətti vasitəsilə kommunikasiya əlaqələrinin yaradılmasında maraqlıdırlar. Bütün bunların Rusiyanın diqqətində olduğunu və sülh prosesində maraqlı olduğunu düşünürəm. Deyə bilərəm ki, dünyada uzun illərdir Ermənistan və Azərbaycan arasında münaqişənin sülh yolu ilə həlli məsələsi ilə Rusiyanın Xarici İşlər naziri Lavrov qədər məşğul olan yüksək səviyyəli liderlər çox azdır. Bunun dəyişəcəyini düşünmürəm. Rusiya hökuməti hərbi münaqişənin olmamasında maraqlıdır. Təbii ki, onlar hər iki ölkədə öz təsirlərini saxlamaqda maraqlı olacaqlar. Ermənistanda siyasi vəziyyətin necə dəyişdiyini gördükcə bunu diqqətlə izləmək lazımdır”./azpolitika.info