MÜHARİBƏNİN MÜMKÜN 4 SSENARİSİ – “Ukrayna üçün uzun sürən savaşdan çıxış yoxdur”

Ukraynanın uzun sürən hərbi münaqişədən çıxması çətin olacaq.

Bunu Ukrayna Silahlı Qüvvələrinin keçmiş Baş Komandanı, hazırda isə Ukraynanın Londondakı səfiri vəzifəsini daşıyan Valeri Zalujnı Böyük Britaniya Kral Beynəlxalq Münasibətlər İnstitutundakı çıxışında deyib. Onun sözlərinə görə, ötən il Qərb Ukraynanı kifayət qədər silahla təmin etməyib və bu, 2023-cü ilin yayında Ukraynanın əks-hücumunda “əhəmiyyətli uğur” əldə etməyə imkan verməyib: “Nəticədə biz uzun sürən müharibə vəziyyətinə düşdük. Mənim şəxsi fikrimcə, bu uzun sürən müharibədən çıxış yolu... demək olar ki, mümkünsüz görünür”.

O qeyd edib ki, müharibə indi Rusiyaya hərbi gücünü bərpa etməyə imkan verəcək “statik və yorucu döyüşlər” mərhələsinə keçir.

Zalujnı gələcəkdə hətta ukraynalı qadınların səfərbər olmasını da istisna etməyib: “Əgər Avropanı müharibədən xilas etmək üçün qadınları hərbi xidmətə çağırmaq zərurəti yaranarsa, o zaman biz bunu edəcəyik. Amma mənim şəxsi fikrimcə, Avropada müharibənin qarşısını başqa yollarla almaq lazımdır, ukraynalı qadınları hərbi xidmətə çağırmaqla yox".

Valeri Zalujnının kifayət qədər pessimist çıxışıyla bağlı həmin Britaniya Kral Beynəlxalq Münasibətlər İnstitutunun tanınmış eksperti, politoloq Con Laf maraqlı məqalə ilə çıxış edib. Onun fikrincə, Ukraynada davam edən müharibənin 4 mümkün ssenarisi var. Bunlar aşağıdakılardır:

- Uzun sürən müharibə - bu, hər iki tərəfin imkanlarının sərhədlərini sınaqdan keçirən yorucu bir münaqişə deməkdir;

 

- “Dondurulmuş münaqişə” - cəbhə xəttini hazırkı mövqelərdə möhkəmləndirəcək atəşkəs;

- “Ukraynanın qələbəsi” – Qərbin siyasətində və Ukraynaya dəstəyində elə bir dəyişiklik ki, Ukraynaya Rusiyanı ən azı 23 fevral 2022-ci ildə demarkasiya xəttinə qaytarmağa imkan verəcək;

- "Ukraynanın məğlubiyyəti" - Ukrayna tərəfinin Rusiyanın şərtlərini (hökumət dəyişikliyi, demilitarizasiya, neytrallıq) və ərazi itkilərini qəbul etməsi.

Maraqlıdır ki, Lafın proqnozlarına görə, bu ssenarilər içərisində Ukrayna üçün ən riskli olanı “uzun müharibə” variantıdır.

Belə ki, “uzun müharibə” ssenarisi Ukraynadan məhdud resurslar şəraitində mübarizəni davam etdirməyi, zədələnmiş infrastrukturu bərpa etməyi, iqtisadiyyatı və sosial sistemi saxlamağı tələb edəcək. “Uzun müharibə” Ukraynanın iqtisadi, insan və sosial kapitalını daha da məhv edəcək, iqtisadi inkişaf imkanlarını məhdudlaşdıracaq və Aİ-yə daxil olmaq üçün zəruri islahatları ləngidəcək. Cəmiyyətin tükənməsi, onun artan yoxsulluğu və resursların bölüşdürülməsi ilə bağlı mülki və hərbi hakimiyyət orqanları arasında gərginliyin artması müşahidə olunacaq. Nəhayət, müəllifin fikrincə, bunlarla bərabər Ukraynanın Qərb tərəfdaşları ilə münasibətlərinin onların məhdud dəstəyinə görə “sönük” məcraya düşməsi ehtimalı Kiyev üçün təhlükəli “siyasi kokteyl” yarada bilər.

Bütün bunları nəzərə alan Laf dolayısı ilə Zalujnının pessimizmini bölüşür və təsdiq edir ki, hər şey yaxın zamanda Qərbin atmalı olduğu addımlardan asılı olacaq. Müharibənin uzanması variantının seçilməsi isə Ukrayna dövlətçiliyinin məhvi riskini artıracaq…/azpolitika.info