Fransa prezidenti Emmanuel Makron Parisdə keçirilən beynəlxalq kənd təsərrüfatı sərgisinə hücum edən fermerlərin qarşısına çıxmağa cəsarət etməyib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə “İzvestiya” nəşri məlumat yayıb.
"Sərgidə olan Fransa prezidenti etirazçıların qarşısına çıxmağa cürət etmir. Yüzlərlə insan pavilyonlara basqın edib. Jandarmlar Makronun istefası çağırışlarının getdikcə daha çox eşidildiyi kütlənin hücumunu çətinliklə dəf edir", - deyə “İzvestiya”nın müxbiri Anastasiya Rikeza hadisə yerindən bildirib.
Qeyd edək ki, bundan əvvəl Makron qəzəblənən fermerləri sakitləşməyə çağırıb və iğtişaş yaratmaqla vəziyyəti yaxşılaşdırmayacaqlarını bildirib.
"CLPRESS" agentliyinin məlumatına görə, sərgi çərçivəsində Fransa prezidenti fermerlərin 15 nümayəndəsi ilə görüşməli və razılığa gəlməlidir.
Xatırladaq ki, 2024-cü ilin yanvarından fermerlərin etirazları bütün Fransanı bürüyüb. Etirazçılar hakimiyyətdən kənd təsərrüfatı siyasətinə yenidən baxmağı tələb edirlər.