Koronavirusa yoluxan gənclərdə infarkt riski iki dəfə artıb – ARAŞDIRMA

Son illər gənclər arasında ani ürək tutmasından ölümlərin sayı çoxalıb. Statistikalar göstərir ki, bu hal təkcə Azərbaycanda deyil, bütün dünyada artıb.

Bir sözlə qəfil ürək tutmasından gənclərin ölümü hazırda bütün dünya səhiyyəsinin gündəmindədir.

Stopnarkotik.az "bizim.media"ya istinadən xəbər verir ki, ABŞ-ın məşhur Klivlend Klinikası və Cənubi Kaliforniya Universiteti tərəfindən aparılan yeni araşdırma COVID-19-a yoluxan gənclərdə infarkt riskinin 2 dəfə artdığını göstərib.

Təbii ki, bu məlumat diqqətin COVID-19-a yönəlməsinə səbəb olub. Ani ölümlərin bir səbəbi bu olsa da, başqa məqamlar da ölüm yaşının gəncləşməsinə şərait yaradır. Gənclər arasında insulin müqavimət, artıq çəki və piylənmə problemləri də artıb. Digər tərəfdən, gənc əhali arasında siqaret və spirtli içkilərin vərdişə çevrilməsi, hərəkətsizlik də ani ürək tutmasından baş verən ölümlərdə rol oynaya bilər.