İsveçrə narkomaniya ilə mübarizədə “Portuqaliya metodu”ndan istifadə edəcək - Federal Şura qanunvericilik bazasına yenidən baxır

İsveçrədə bütün növ narkotiklər, eləcə də onların alqı-satqısı, ticarəti və istehlakı qadağandır. İstisna yalnız şəxsi istifadə üçün bir neçə qramlıq marixuana üçün var. İsveçrə Federal Şurası “narkotik” sözü ilə bağlı olan maddələrin istifadəsinə görə cəza və onun miqyasını tənzimləyən qanunvericilik bazasına yenidən baxmağı planlaşdırır.

Ölkənin Federal Səhiyyə İdarəsinin narkotik vasitələrin, psixotrop maddələrin, onların analoqlarının və “prekursor”larının ekspertizası üzrə eksperti Adrian Qşevend izah edir ki, “narkotik və psixotrop maddələrdən istifadə edənlərin davamlı cinayət məsuliyyətinə cəlb edilməsi mümkün deyil. Bu yolla qarşıya qoyulan məqsədlərə və istehlakın azalmasına nail olmaq alınmır”.

Onun fikrincə, bu o demək də deyil ki, narkotik maddə bazar və mağazalarda kökə kimi satılmalıdır. “Ölkəmizdə narkotik vasitələrin ticarəti bundan sonra da qadağan olunacaq. Qeyri-tibbi məqsədlər üçün narkotik satan satış məntəqələri şəklində olmayacaq. Amma istehlakçılar artıq təqib edilməyəcək”, - deyə ekspert bildirir.

Xatırladaq ki, İsveçrənin narkomaniyaya qarşı mübarizə sahəsində “dörd prinsip” siyasəti 1980-ci illərin “heroin böhranı” adlandırılan hadisənin səbəb və nəticələrinin qiymətləndirilməsi əsasında formalaşıb. Hazırda dövlət orqanlarının diqqət mərkəzində olan gənclərin çətənə, kokain və ya ekstazi kimi maddələrdən həddindən artıq istifadə etməsidir. Ancaq qırx il əvvəl "heroin səhnəsindəkilər"dən fərqli olaraq, bu gənclər ciddi asılılıqları olan, yaxud "gizli" antisosial davranışa, cinayətə meylli insanlar deyillər. Bu gün onlar tam sosial inteqrasiya olunublar, davranışlarında heç bir problem görmürlər və bəzən meyl və vərdişlərini əslində nəzarət altında saxlayırlar. Belə desək, “asta templi” narkotk istifadəsinin  qanunvericiliklə cəzalandırılması mənfi nəticələrə gətirir.

“Kriminallaşma belə insanlara damğa vurur, onları cəmiyyətdə çıxdaşa çevirir, onları düşdükləri bataqlıqdan “çıxarmaq” və müalicə obyektinə çevirmək daha çətindir. Nəticədə, yeni narkotik istifadəçiləri profilaktik proqramlara və mütəxəssislərə şübhə ilə yanaşır, onlarla əlaqə qurmaq istəmirlər”, - deyə Adrian Qşevend İsveçrənin “SRF” kanalına müsahibəsində bildirir.

Qeyd edək ki, İsveçrə bu məsələdə Portuqaliyanın təcrübəsindən istifadə edir. Portuqaliyada az həcmdə narkotik istifadəsi sərt cəzalandırılmır və narkotik istifadəsi çoxalma xətti üzrə getmir. Narkotiklərin fəsadları ilə bağlı dövlət orqanları insanlara məlumat çatdırırlar və istifadəçilər bu zaman hansısa problemlə üzləşdikdə müvafiq orqanlara məlumat verirlər. İsveçrədə narkotik maddə istifadəsinə qoyulan qadağanı aradan qaldırmaq və hətta son addım kimi “Narkotik və psixotrop dərmanlara nəzarət haqqında Federal Qanunu” (Betäubungsmittelgesetz) kökündən dəyişdirmək istəyirlər. Amma Federal Şuranın nöqteyi-nəzərindən belə tələskənlik əks nəticə verə bilər. Başlanğıc üçün hökumət narkotikin nəzarətli paylanmasında pilot layihələri işə salmaq niyyətindədir.

Narkomaniyaya qarşı mübarizə sahəsində islahatlarla bağlı qərarı hökumət yekun nəticələr əsasında qəbul edəcək. İsveçrədə narkomaniyaya qarşı mübarizə aparan qruplar və solçu siyasətçilər illərdir ki, bu cür islahatların aparılmasını tələb edirlər. Bununla belə, ölkə hələ də ən azı “az dozalı narkotik” istifadəsini tam leqallaşdırmaqdan uzaqdır.

Narkotiklərdən cəzasız istifadə ideyası səhiyyə sahəsində ixtisaslaşmış bir çox siyasətçiləri də narahat edir. Hazırda İsveçrənin narkomaniyaya qarşı mübarizə proqramı 4 əsas sütunun üzərində dayanır:

1. Profilaktikanın prinsipləri;

2. Xəstəliyin müalicəsi;

3. Xəstənin səhhətinə dəymiş zərərin məhdudlaşdırılması;

4. Yalnız bundan sonra cəza.

Hal-hazırda, effektivliyi artıq bütün dünyada aparılan tədqiqatlar çərçivəsində sübut edilmiş bu model dünyanın bir çox ölkələrində standart hesab olunur. Amma o şərtlə ki, polis məhbəsə atmaq üçün kiminsə cibinə narkotik atmasın.

Stopnarkotik.az