"Ümid edirəm yayılan məlumat səhvdir və Regional Təhsil İdarəsinin müdiri qaralama kampaniyasından təngə gəlib, istefa verib".
Bunu təhsil eksperti Qoşqar Məhərrəmov bildirib.
O deyib ki, əsəbiləşmək dəlilik əlamətidir və psixoloji bir durumdur:
"Hər bir halda biz təhsil işçiləri təmkinimizi qorumalıyıq. Hamımız bəzən olur əsəbiləşir, qəzəblənir və gördüyümüz işdən sıxılırıq. Hər bir müəllim qarşısında onu dinləyən, öyrənmək istəyən, ümumi məqbul davranışlar göstərən şagird və tələbə görmək istəyir. Müəllimlik ona görə çətindir ki, heç bir digər peşədə insanlar bütün günü bir çox halda intellekti özündən qat-qat aşağı olan, naz edən, həvəssiz, funksiyasını icra etmək istəməyən insanlarla məşğul olmur".
Ekspert əlavə edib ki, müəllimlər qəzəblənib şagirdə və ya tələbəyə əl qaldırana və onu təhqir edənə qədər haqlıdır:
"Bunu etdisə, haqsızdır. Müəllimlər siniri çıxarılmış diş kimi olmalıdır. Nə qədər çətin olsa da, bunu bacardıqda professional müəllim ola biləcəyimizi unutmamalıyıq. Şagirdin nadincliyi, tərbiyədən kənar davranışı bizim şəxsimizə yox, peşəmizədir. Bu davranışın isə nizamnamədə lazımi mənfi nəticəsi olmalıdır. Döymək və söymək polisin yol hərəkətinin təşkilində eyni davranışı göstərməyinə oxşayır. Qanun hansı qanun pozuntusuna hansı cərimənin veriləcəyini qeyd edib. Polisin işi sadəcə bunu icra etməkdir. Hansı polis qeyri-peşəkar sayılır? Dostyana yanaşıb lazımsız suallar verən, sonra başqa məsələlərə keçən, ya da əsəbiləşən, söyən və ya döyən polis. Biz müəllimlər də sadəcə rəsmi prosedurları icra etməliyik. Bu işin çox çətin olduğunu bilirəm. Amma etməyimiz lazım olan budur".
Qeyd edək ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev vəzifəsindən azad olunub. O, işdən çıxarılması ilə bağlı ərizə yazıb. Onun ərizəsi qəbul olunub və işdən çıxarılıb. Qeyd edək ki, bir neçə gün əvvəl mətbuatda onun 9-cu sinif şagirdini döyməsi ilə bağlı məlumatlar yayılmışdı./musavat