“Heç vaxt heç kimi cəza yolu ilə "islah etmək" və "yenidən tərbiyə etmək" mümkün olmayıb...” Qernet
(Əvvəli bu linkdə: Azərbaycanda təkrar cinayətkarlıq halları 60 faizi keçib – BU, RƏSMİ STATİSTİKADIR, QEYRİ-RƏSMİ İSƏ…)
2023-cü il iyulun 28-i tarixini, yəni bu günü (dünən – red.) Sumqayıt şəhərində narkotik vasitələrin satışını təşkil edən və çətənə kollarının kultivasiya ilə məşğul olan qrupun əməliyyatla üzə çıxarılması xəbəri ilə açdıq. Bu dəfəki narkotik əməliyyatında ələ keçirilən şəxslərdən də ikisi - Rəvail Məmmədov ilə 2008-ci ilin oktyabr ayının 28-də Sumqayıt şəhər sakini Tünzalə Kərimovanın qəsdən öldürülməsində şübhəli bilinən Ərəstun Zülfüqarov əvvəllər məhkum olunmuş şəxslərdir...
Azərbaycanda cinayətkarlıq statistikasında təkrar cinayət törədilməsi xüsusi yer tutur və belə desək, “sanballı” çəkiyə mallikdir. Ötən yazımızda da qeyd etdiyimiz kimi, ölkədə təkrar cinayətkarlıq göstərici 60%-i aşır...
Ən pisi isə odur ki, ölkəmizdə təkrar cinayətkarlığın statistikası nəinki illik, aylıq, hətta günlük artır. Bu durum daha çox hər gün təzələnən “Keçmiş məhum tutuldu” sərlövhəli yazılarda əks olunur. Məsələn, Stopnarkotk.az saytında 27.07.2023-ci tarixində günün birinci hissəsinədək bu səpkili 5 xəbər var: https://stopnarkotik.az/az/salyanda-narkotik-satan-kecmis-mhkum-saxlanildi.html;
https://stopnarkotik.az/az/kecmis-mhkum-kulli-miqdarda-narkotikl-yaxalandi.html;
https://stopnarkotik.az/az/mobil-telefon-ogurladigi-ucun-saxlanildi-uzrindn-heroin-cixdi.html
https://stopnarkotik.az/az/kecmis-mhkumun-evind-14-kq-heroin-askarlandi-mliyyat.html;
Bu göstərici demək olar ki, günaşırı təkrarlanır. Təqdim olunan linklərdəki məlumatda əks olunan 5 təkrar cinayətkarlıq faktının 4-ü narkotiklə bağlıdır. Yəni həbsdən çıxdıqdan sonra “əli dinc durmayan”, təkrarən kriminala yönələn şəxslərdən 4 nəfərin cinayətkarlıq yolu narkotiklə kəsişənlərdir. Bəlkə də elə təəssürat yaranar ki, keçmiş məhkumlar cəzaçəkmə müəssisələrində islah olunub, cəmiyyətə yararlı şəxs olmaq üçün keçdikləri əzablı yolda tab gətirdikləri məşəqqətləri, məhrumiyyətləri yenidən azad olmaq naminə unutmazlar. Onlar sahib olduqlarının qədrini onları itirdikdən, əlləri üzüldükdən sonra daha yaxşı bilər, bir daha həbsxana divarlarına qayıtmamaq üçün islah olunarlar. Amma, göründüyü kimi, belə olmur. Sanki yenidən cinayət etmək meyli bu şəxslərdə şakərə çevrilir. Bir növ həbsxana divarlarına “adətkərdə olurlar”.
İlk baxışdan belə düşünmək olar ki, hansı insan miskin həbsxana həyatından ötrü rəzalətə və ictimai qınağa qatlaşmaq bahasına azadlığından vaz keçər?! İslah olunmaq yerinə, həbsxanada daha da təkmilləşərək, onları kriminala “adətkər” duruma salan, kriminal dünyanın bir halqası olmaqda daha bir üst səviyyəyə keçməyə vadar edən nədir? Bəlkə başqa bir alternativin olmaması? Bu alternativi, seçimi onlardan nə alır? Onların beyni hansı əsirliyə təslim olur ki, azadlığı, islahı təkrar həbsxana divarlarının səssizliyinə tərcih edirlər?
Bu mənzərədən bəlli olur ki, cəzaçəkmə müəssisələri islah-əmək müəssisəsi deyil, təsadüfən əlindən hansısa qəza çıxaraq yolu həbsxanaya düşən şəxsin belə, ən qısa zamanda peşəkar cani kimi çıxmasını təmin edən konveyerdir.
Bəs nəinki təkrar cinayətkarlığın, ümumiyyətlə cinayətkarlığın ilkin mərhələdə qarşısını almaq üçün hansı addımlar atmaq olar? Bu məsələdə başqa ölkələrin nə kimi müsbət təcrübələri var?
Təkrar cinayətin artan sosial təhlükəsi ondan ibarətdir ki, bu xüsusiyyət qalıcı keyfiyyətə keçir, bir sıra insanlar cəmiyyətdə qəbul edilmiş normalara uyğun davranmaq əvəzinə, onların həlli yolu kimi cinayətə üstünlük verir. Bu, həm də cinayət törətmiş şəxslərə yönəlik səmərəli təsir göstərmək iqtidarında olmayan hüquq-mühafizə sisteminin mükəmməl olmamasından, cəzanın təsirinin zəif olmasından (bəlkə də psixoloji aspektdən), məhkumların islah edilməsi və yenidən tərbiyə olunması məqsədlərinə nail olunmamasından xəbər verir. Cinayətlərin təkrarlanması konkret cinayətin ictimai təhlükəlilik dərəcəsini artırmır, amma cinayət qanunu ilə qadağan olunmuş müəyyən əməli törədən təqsirkar şəxsin şəxsiyyətinin “ictimai təhlükəliliyi”ndən xəbər verir.
Rusiyalı kriminalistlər təhlillərə əsasən qeyd edirlər ki, müəyyən cinayət əməllərini dəfələrlə törədən şəxslərin portret xüsusiyyətlərindəki sabit əlamətlər bunlardır:
Birincisi, residiv daha çox 28-35 yaşa düşür ki, bu kifayət qədər məntiqlidir: yetkinlik yaşına çatmayanlar arasında hüquq pozuntusu getdikcə inkişaf edir ki, bunda narkomaniyanın tüğyan etməsi və insanların da bu yaşda narkotiklərlə tanışlığı önəmli rol oynayır. Başqa sözlə, narkotik caynağına keçmiş yeniyetmələr cinayətə bulaşıb cəzasını çəkdikdən sonra da yenidən cinayət törədə və vaxtı nəzərə alsaq, qanunsuz əməlin təkrar törədilməsi artıq yuxarıda göstərilən yaş kateqoriyasına düşə bilir. Yəni narkotiklər insanın potensial caniyə çevrilməsinə yol açır.
İkincisi, residivist, yəni təkrar cinayətkarlar adətən yaxşı maaşlı işlərdən məhrumdurlar və əksər hallarda təkrar cinayətə baş vurmaq bu cür iş tapmamaları ilə bağlıdır. Buradan belə nəticə çıxır ki, onların cəmiyyətin sosial strukturunda ən aşağı pillədə durması da təkrar cinayəti tətikləyən amildir.
Burada haşiyə çıxaraq qeyd edək ki, Avropa cinayətkarları cəzalandırmaq üçün tamamilə fərqli yanaşma nümayiş etdirir. Bizdə cəzaların çoxu həbslə bitir, Avropada isə bu 9%-dir. Avropada orta həbs müddəti 1 il 8 aydır, bizdə isə bundan dəfələrlə çoxdur.
Həmçinin, Azərbaycanda həbsxananın islah etmədiyi ortadadır. Avropada residiv 20-25% təşkil edir, ABŞ-da (çox sərt cəza sistemi var) cəza çəkənlərin 50-60%-i yenidən həbsxanaya qayıdır, Norveçdə isə bu rəqəm 20%-dən azdır. 1988-ci ildə Rusiyada təkrar cinayətlərin payı 25,9% idi, 1997-ci ildə - 33,7%; 2013-cü ildə - artıq 47,7%-ə çatdı.
Bəşəriyyət tarixdə, ölüm cəzası da daxil olmaqla, ağlasığmaz və amansız cəzaları sınaqdan keçirib, amma bu gözlənilən nəticəni vermir; cinayət kütləvi xarakter daşıyır və repressiyaların təsiri altında “azalmır”.
Həbs çoxlu mənfi təsirləri olan səmərəsiz cəzadır. Narkobaronların, narkotik tacirlərinin cəzalandırılması istisna olmaqla. Söhbət kriminal aləmə ilk dəfə yolu düşənlərdən gedir. Eyni zamanda, həbsxana o mənada “vacibdir” ki, bəşəriyyət hələ də cəmiyyəti ağır cinayətlərdən qorumaq üçün başqa heç nə düşünə bilməyib. Azadlıqdan məhrumetmənin məhbusların psixikasına və mənəviyyatına zərərli təsiri, həm də islah və tərbiyə etməməsi məlumdur. Bu barədə ətraflı şəkildə sovet psixoloqu M.N.Qernet (Həbsxanada: Həbsxana Psixologiyası Oçerkləri. Ukrayna Qanunu, 1930) belə yazır: “Həbsxana islah yeri deyil, o kriminal peşəkarlaşma məktəbi rolunu oynayır. Heç vaxt heç kimi cəza yolu ilə "islah etmək" və "yenidən tərbiyə etmək" mümkün olmayıb. Tam əksinə”. "Qanuni, yaxud qeyri-qanuni olaraq cinayət-hüquqi zorakılıq işləri tətbiq edilmiş şəxslər əhalinin aqressivliyi artan, cəmiyyətdən çıxdaş edilmiş təbəqəsini təşkil edir", - deyə A.E. Jalinski bildirir(Jalinski A.E. Dəyişiklik ərəfəsində cinayət hüququ. Nəzəri və instrumental təhlil. 2-ci nəşr. M., 2009).
Azadlıqdan məhrumetmənin yeganə real məqsədi ağır cinayət törətmiş şəxsin təcrid olunmasıdır. Ancaq bizdə mövcud olan həbs müddətini və saxlama şəraitini, zorakılıqları nəzərə alsaq, sual yaranır: həbsxanasız necə davranmalı? Hansı təcrid müddəti cinayətkara öz əməli və gələcəyi haqqında düşünməyə vaxt vermək üçün kifayətdir? Xüsusilə, “zonda hökm sürən” ruhi və fiziki sağlamlığın itirilməsi, ailə bağlarının pozulması, iş və təhsil bazasının itirilməsi, ətraf mühitdə hər kəsə və hər şeyə qarşı nifrəti nəzərə alsaq.
Birincisi, ölüm hökmünün tamamilə rədd edilməsi ilə azadlıqdan məhrumetməni yalnız ekstremal hallarda “son cəza tədbiri”nə çevirmək. Avropa ölkələrində və Yaponiyada həbs cəzasına məhkum edilənlərin sayını minimuma endirməyə çalışırlar. Məsələn, Yaponiyada cinayətkarların 95%-dən çoxu pul cəzasına məhkum edilir. Böyük Britaniyada isə həbsə məhkum edilmiş insanların nisbətini azaltmaq üçün müxtəlif ağırlıqda altı növ ictimai iş mövcuddur.
İkincisi, Qərbi Avropa ölkələrində, Avstraliyada, Kanadada, Yaponiyada qısamüddətli həbs hökm sürür. Adətən, şərtlər həftələr və aylarla hesablanır, hər halda - 2-3 ilə qədər, yəni psixikada geridönməz dəyişikliklərin başlanmasına qədər. 2016-cı ilin əvvəlinədək Avropa ölkələrində orta həbs müddəti 1 il 8 ay olub. Yaponiyada həbs cəzasına məhkum edilənlərin 50%-dən çoxu 2 ilə qədər azadlıqdan məhrum edilir.
Üçüncüsü, şəxsin təhlükəsizliyi və ya deqradasiyası penitensiar müəssisələrdə cəzaçəkmə şəraitindən əhəmiyyətli dərəcədə asılı olduğundan, müasir sivil dövlətlərdə məhbusların layiqli yaşayış səviyyəsi (normal qidalanma, sanitar-gigiyenik və “məişət” şəraiti, yüksək keyfiyyətli tibbi xidmət, işləmək, idmanla məşğul olmaq, qohumları ilə görüşmək imkanı), onların insani ləyaqətini alçaltmayan rejim qurulur, həmçinin sınaq müddəti (sınaqlar) sistemi də mövcuddur ki, məhbuslar davranışına görə ciddi şəkildə fərqləndirilir.
Məsələn, İrlandiyada həbsxanalarda məhbuslar ayrı-ayrı otaqlarda yaşayırlar. Burada məhbuslar üçün qəlyanaltı sıyıq, iki yumurta, süd, portağal, ağ çörəkdən ibarətdir.
Frayburq həbsxanasında (Almaniya) məhbuslar və həbsxana işçiləri eyni qazandan yemək yeyirlər.
Dördüncüsü, “cinayət-qurban” münasibətlərinin tənzimlənməsi üçün alternativ, qeyri-cinayət mühakiməsinin formalaşdırılması və inkişafı, “qisas məhkəməsi”ndən “cərimə məhkəməsinə” keçidlə bağlı təkliflər daha israrlı səslənir. Bu strategiyanın mahiyyəti zərərçəkmiş və cinayətkar arasındakı münasibətləri cinayət işi açılmadan həll etmək üçün xeyirxah və “maraqlı olmayan vasitəçi”dən (“arbitr” kimi bir şey) istifadə etməkdir. Bir növ mediasiya kimi.
Yenidən sosiallaşmanın Yapon təcrübəsi
Cinayətin, o cümlədən qətlin minimum səviyyəsinə malik olan Yaponiyada həbs cəzasının tətbiqi və icrası prinsipləri diqqətə layiqdir. “Daha çox cinayətkarın həbsxanaya salınması” ideyası Yaponiyanın istintaq orqanlarında tamamilə yoxdur. Məhdud sayda cinayətkar həbs cəzasına məhkum edilir və buna görə də həbsxanalar məhbuslarla adekvat və effektiv reabilitasiyanı təmin edə bilər. Cəzanın məqsədlərini və əsas prinsiplərini müəyyən edən dominant konsepsiya cinayət törətmiş şəxslərin fərdi rəftar əsasında reabilitasiyası konsepsiyasıdır.
Təəssüf ki, post-sovet məkanının cinayət və penitensiar siyasəti “cəzanın faydaları” haqqında çoxdan köhnəlmiş repressiv fikirlərə əsaslanır.
- Azadlıqdan məhrumetmə müstəsna (əvəzedicisi cəza tapılmadığı üçün məcburi) cəza tədbiridir, yalnız ağır zorakılıq xarakterli cinayətlərə görə və yalnız yetkinlik yaşına çatmış cinayətkarlara münasibətdə tətbiq edilir. Azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməsinin şərtləri məhkumların sonrakı sosiallaşmasına, yenidən adaptasiyasına kömək etməlidir.
Avropa cəza sistemi ilə bağlı statistika:
1) Avropada hər 100.000 nəfərə düşən məhbus sayı 124 nəfərdir. Bu, Rusiyada 467 nəfər, Litvada 305 nəfərdən ibarətdir.
2) 2014-cü ildə Avropa Şurasına daxil olan 45 ölkədə 1 212 479 nəfər alternativ cəza növləri (şərti, ictimai işlər, ev dustaqlığı və ya elektron monitorinq) alıb.
4) Bir məhbusa xərclənən günlük orta məbləğ: Norveçdə 358 avro, Danimarkada 182, Finlandiyada 170, Rusiyada 26, Ukraynada 2,7 avro, Gürcüstanda 12,6, Ermənistanda 18,8 avro, Azərbaycanda isə 5,9 avro həcmindədir. Amma “yerli və milli” statistikaya əsaslanaraq deyə bilərik ki, bu rəqəm də mübahisəlidir. Çünki bizim toplumun cəzaçəkmə müəssisəsində “peredaça” kimi təcrübəsi var, yəni məhbusun öz evinin maliyyəsi hesabına həbsdə saxlanılması. Azərbaycan həbsxanalarındakı “peredaça” ənənəsini nəzərə alsaq güman edə bilərik ki, bizdə məhbuslara sərf olunan məbləğ deyildiyi qədər deyil. Burada yalnız söhbət 5,9 avro miqdarında pul silinməsi ehtimalından gedə bilər ki, bu da həbsxanaların məhbusların maddi resursları sayəsində “iqtisadi çarxları fırlanan obyekt” olmasına dəlalət edir. Yəni Azərbaycandakı həbsxanalar, oradakı fantastik narkotik biznesini də nəzərə alsaq, “cəmiyyəti kriminallaşdıran rentabelli pulsilmə mexanizmi”dir.
Bu, ən azı son günlərədək belə idi. Penitensiar Xİdmətin rəhbərliyində baş verən dəyişiklikdən sonra bu sahədə hər hansı müsbət irəliləyişin olub-olmayacağını tezliklə görəcəyik...
Asya ŞÜKÜROVA
Stopnarkotik.az