İranın nüfuzlu məmurlarından biri, ölkənin təhlükəsizlik şefi Əli Şamxani bu yaxınlarda vəzifədən kənarlaşdırıldı. Bu, bəzi suallar doğurdu. Çünki Şamxani perspektivli məmur, hətta prezident Rəisini əvəzləyəcək ən şanslı namizədlərdən hesab olunurdu.
Bu gün Əli Şamxaninin vəzifədən kənarlaşdırılmasının təfərrüatları məlum olub. Stopnarkotik.az bu barədə "İran İnternational" saytına istinadən xəbər verir.
Sayt iddia edir ki, İranın keçmiş təhlükəsizlik şefi Əli Şamxani ilə məşhur narkobaron Naci Şərifi-Zindəşti arasında bağlantılar olub. Mənbənin bildirdiyinə görə, Şamxani narkobaronun ona şəxsən verdiyi narkotikdən əlavə, Zindəştidən ildə təxminən 3,5 milyon dollar rüşvət alırmış.
Şamxaninin Zindəşti ilə münasibətləri onun may ayında vəzifəsindən uzaqlaşdırılmasının səbəblərindən biri olub. Mənbə deyir ki, Şərifi-Zindəşti və onun “Dostlar Klubu” ləqəbli tərəfdaşları İranın narkotik bazarında üstünlük əldə etmək üçün SEPAH-ın geniş imkanlarından və tranzit marşrutları ilə logistika üzərində nəzarətindən istifadə ediblər.
Klub yüksək rütbəli SEPAH məmurları və İran Ali Milli Təhlükəsizlik Şurasının yüksək rütbəli üzvlərindən, həmçinin Tehran Bələdiyyəsinin menecerlərindən və parlamentin deputatlarından ibarətdir.
“Dostlar Klubu”nun yüksək rütbəli üzvü olan Şamxani vəzifəsindən kənarlaşdırılsa da, narkotik paylama şəbəkəsi hələ də fəaliyyət göstərir. Bildirildiyinə görə, bu şəbəkə İranda dövriyyədə olan narkotiklərin 20 faizindən çoxuna, Tehranda satılan narkotiklərin isə təxminən 35 faizinə nəzarət edir.
Naci Şərifi-Zindəşti mollaların arasında
Şamxaninin tərcümeyi-halı o qədər ziddiyyətlidir ki, təxminən on il bu postda işlədikdən sonra, onun vəzifədən uzaqlaşdırılmasının səbəbini müəyyənləşdirmək çətindir. Son aylarda Şamxaninin kənara çəkildiyi ilə bağlı şayiələr yayılmışdı, çünki sərt xətt tərəfdarları onu etirazları yatıra bilməməkdə günahlandırırdı. Məsələn, noyabr ayında internetdə yayımlanan videoyazılı ifadələrində sərt xəttli din xadimi, keçmiş deputat Həmid Rəsai onu etirazları yatıra bilməməkdə ittiham etmişdi.
Bu fakt Albaniyada yerləşən müxalif "Mojahedin-e-Xalq" (MEK) qrupuna bağlı olan “Çevrilişədək üsyan” haker qrupunun prezident ofisinin 120 serverini sındıraraq, daxili kommunikasiyalara, prezident Rəisinin görüş protokollarına, onlayn konfrans platformaları və ofisindəki 1300-ə yaxın kompüterə giriş əldə etdikdən sonra öz təsdiqini tapıb. Açıqlanan sənədlər arasında prezident aparatı ilə Şamxaninin ofisi arasında, onun Rəisi administrasiyası ilə münaqişələr səbəbindən istefaya getməsi ilə bağlı şayiələri təsdiqləyən yazışmalar var. Prezident Administrasiyasının rəhbəri Qulam-Hüseyn İsmaili Şamxaniyə ünvanladığı məktubda onu 22 yaşlı Məhsa Əmininin həbsdə öldürülməsindən sonra İranı bürümüş etiraz dalğası ilə bağlı məlumatsızlığına görə tənqid edib. İsmaili alçaldıcı bir tonda Şamxaninin ofisini “sadəcə hadisələri təsvir və təhlil etdiyinə” görə danlayıb və ondan etiraz hadisələri ilə bağlı “meta-analizlər və proqnozlar” verməsini istəyib.
Şamxaninin də, əksər rejim insayderləri kimi, ticari maraqları üçün səlahiyyətlərindən sui-istifadəsi, qohumbazlıq, o cümlədən oğulları Həsən və Hüseynin iri gəmiçilik şirkətləri kimi onlarla biznesə sahib olması ilə bağlı qalmaqallarda "haqlı payı" var. Həmçinin, onun ailə üzvlərinin İranda və xaricdə ekstravaqant həyat tərzi keçirməsi ilə bağlı məlumatlar da öz yerində. Hətta onun körpə nəvəsinin yalnız bir bank hesabında yüz minlərlə dolların və bir neçə mülkün olması ilə bağlı "şayiələrdən" sonra səlahiyyətlilər bank hesabının bloklandığını elan etdilər.
"İran İnternational"ın araşdırmaçı jurnalisti Mojtaba Purmohsen Şamxaninin qardaşı oğulları Muud və Naci Shamxani də daxil olmaqla, qohum-əqrabalarının korrupsiyası haqqında bir sıra ifşaedici faktlar üzə çıxarıb.
Şərhçi Murteza Kazemian kimi bir sıra ekspertlər də bu fikirdədirlər ki, Şamxaninin vəzifəsindən kənarlaşdırılması Britaniyaya casusluq ittihamı ilə edam edilən İran müdafiə nazirinin keçmiş müavini, Britaniya-İran vətəndaşı Əlireza Əkbərinin işi ilə bağlı ola bilər. Əkbəri Şamxaninin yaxın tərəfdaşı idi və onun edam edilməsi həm də rejimdə Şamxaninin mövqelərini zəiflətmək məqsədi daşıyan addım kimi şərh edilirdi.
Stopnarkotik.az