İranda daha üç nəfər prezident olmaq istəyir - SİYAHI

Xəbər verdiyimiz kimi, dünəndən etibarən İranda keçiriləcək 14-cü prezident seçkilərində iştirak üçün namizədlərin qeydiyyatı başlayıb. Proses iyunun 3-dək davam edəcək. İyunun 4-dən etibarən Konstitusiyanın Keşikçiləri Şurası namizədlərin ölkə prezidenti postunun tələblərinə uyğun olub-olmadığını müəyyən etmək üçün bir həftə ərzində araşdırma aparacaq. Namizədlərin yekun siyahısı iyunun 11-də açıqlanacaq.

Dünən sabiq deputat, İran Demokrat Partiyasının qurucusu Mustafa Kəvakbian, 12-ci çağırış Məclisin (parlament) üzvləri Məhəmməd Səbaqian və Abbas Moğtadai seçkilərdə iştirak etmək üçün qeydiyyatdan keçmək alınmaq məqsədilə sənədlərini təqdim ediblər.

Stopnarkotik.az-ın modern.az-a istinadən məlumatına görə, daha üç nəfərin namizədliyini irəli sürəcəyi gözlənilir.

Keçmiş səhiyyə naziri, islahatçı Məsud Pezeşkian, Ali Milli Təhlükəsizlik Şurasının keçmiş baş katibi, mühafizəkar Səid Cəlili və keçmiş vitse-prezident Məhəmməd Rza Mirtacəddini namizədlik üçün müraciət edəcəklərini açıqlayıblar.

İranda növbədənkənar prezident seçkiləri iyunun 28-nə planlaşdırılıb. Namizədlərdən heç biri lazımi miqdarda səs yığa bilməsə, iyulun 5-də ən çox səs toplayan iki namizədin iştirakı ilə seçkilərin ikinci turu keçiriləcək.

İran qanunvericiliyinə əsasən, prezident birbaşa ümumi səsvermə yolu ilə dörd il müddətinə seçilir. Eyni şəxs ardıcıl iki müddətdən çox dövlət başçısı seçilə bilməz. Prezident postuna namizəd olmaq istəyən şəxs 40-75 yaşlarında, dövlət qurumlarında rəhbər vəzifələrdə iş təcrübəsinə malik İran vətəndaşı olmalıdır.

Mayın 19-da İranın şimalındakı Şərqi Azərbaycan əyalətində göyərtəsində ölkə prezidenti İbrahim Rəisinin və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın olduğu helikopter qəzaya uğrayıb. Helikopterdə olan 9 nəfərin hamısı həlak olub.