“Bizim qalib olmağımızı, güclü olmağımızı istəməyən qonşu ölkələr Azərbaycanda narkomaniyanı yaymağa çalışırlar”
Azərbaycanda narkomaniyaya qarşı mübarizə ilə təkcə dövlət qurumları deyil, bəzi Qeyri-Hökumət Təşkilatları da məşğuldur. Bu kimi QHT-lərdən biri də Gənclərin Anti-Narkomaniya İctimai Birliyidir. Odur ki, təşkilatın sədri Büllur Məmmədova ilə söhbətimizdə ölkəmizdə narkomaniyanın durumu və bu sahədə görülən işlərlə bağlı məlumat almağa çalışdıq.
- Büllur xanım, bildiyiniz kimi, narkomaniyaya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı dövlət orqanları səviyyəsində mübarizə gedir. Amma narkomanların sayının artması, narkotik dövriyyəsinin qalması, bir neçə dəfə narkotik satışı ittihamı ilə həbsə düşən şəxslərin yenidən bu ittihamla tutulması onu deməyə əsas verir ki, hələ bu sahədə arzuolunan nəticəyə nail ola bilməmişik. Sizcə, səbəb nədir?
- Bəli, dövlət proqramı da təsdiq olunub. İkinci proqram da artıq icra olundu. Bu vəziyyətin isə səbəbi odur ki, ümumiyyətlə, narkotiklər və narkomaniya təkcə Azərbaycanda yayılmayıb, bütün dünyada yayılıb. Son zamanlar dünyada sürətlə yayılmağa davam edir və Azərbaycan da dünyanın bir hissəsi olduğu üçün ölkəmizdə də özünü biruzə verir.
Azərbaycanda narkotiklər və narkomaniya 44 günlük müharibədən sonra daha çox yayılmağa başladı. Bu da o deməkdir ki, bu bizim qalib olmağımızı, güclü olmağımızı istəməyən digər ölkələrin bizə qarşı törətdiyi haldır. Biz bilirik ki, Azərbaycana narkotik ən çox İran tərəfdən keçirilir. Bu da o anlama gəlir ki, qonşularımız bizim güclü olmağımızı istəmirlər. Onlar istəyirlər ki, bizim gənclərimizi, vətəndaşlarımızı narkotiklə məhv etsinlər.
Amma buna nail ola bilməyəcəklər. Çünki bizim hökumətimiz, dövlətimiz güclüdür. Biz mübarizəmizi gücləndirmişik, artırmışıq və mübarizədən də qalib çıxacağıq. Narkotiki məhv edə biləcəyik. Bu da vətəndaş olaraq hər birimizin borcudur ki, maarifləndirmədə aktiv şəkildə iştirak edək. Yəni fərd olaraq mübarizə iştirakçısı yalnız təşkilatlar, dövlət qurumları, dövlət proqramları, polislər olmamalıdır. Hər bir vətəndaşımız narkotiklə mübarizədə fəal şəkildə iştirak etməlidirlər. Necə ki, Vətən müharibəsində bir olduq, birlik olduq, birləşdik, şəxsiyyətindən, yaşından asılı olmayaraq hamımız biraraya gəldik, narkotiklə mübarizədə də elə etməliyik. Bir olmalıyıq, narkotikə qalib gəlməliyik.
- Siz də qeyd etdiniz ki, Vətən müharibəsində bizə qalib gələ bilməyən düşmənlər müharibəni narkotik müstəvisinə keçirdilər. Deməli, narkotiklə bizə qarşı yönəlmiş müharibə Vətən müharibəsinin davamıdır. Bu baxımdan hesab edirsiniz ki, hər bir fərdin narkomaniyaya qarşı mübarizədə iştirakı anti-narkomaniya hərəkatına çevrilməlidir?
- Bəli, düşünürəm ki, fərd olaraq hər birimiz narkotiklə mübarizə aparmalıyıq. Çünki elə bir dövrə gəlib çatmışıq ki, yaşadığımız ərazidə, hətta yaşadığımız binada, qonşularımızda, tanışlarımızda, hətta qohumlarımızda belə narkotikdən istifadə edənlər var. Heç kim deyə bilməz ki, bu hal yoxdur. Ona görə, biz hamımız birlik olmalıyıq, mübarizə aparmalıyıq. Yəni mübarizəni təkcə fərd olaraq - həkim, narkoekspert və yaxud polis, bizim kimi qeyri-hökumət təşkilatları, sizin kimi jurnalistlər yox, vətəndaş olaraq hamımız aparmalıyıq.
- Bəllidir ki, narkotikin cənginə düşmüş şəxslərin əksər hissəsi yeniyetmələr və gənclərdir. Narkomaniyaya qarşı aparılan mübarizədə onları narkotikdən uzaq tutmaq üçün görülən işləri yetərli hesab edirsinizmi? Sizcə, daha hansı işlər görülməlidir?
- Bəli, təəssüf olsun ki, son zamanlar statistika da narkomaniyanın ən çox gənclərin arasında yayıldığını göstərir. Yetərli şəkildə davamlı olaraq maarifləndirmə işləri aparılmalıdır və bu iş dayanmamalıdır. Bundan əlavə, beynəlxalq təcrübə də öyrənilməlidir. Yəni maarifləndirmə ilə paralel beynəlxalq təcrübə də mütləq şəkildə öyrənilməlidir. Və biz narkotik istifadə edən şəxsdən cəmiyyət olaraq da imtina etməməliyik. Yəni onları cəmiyyətə qaytarmalıyıq. Şəxs narkotikdən istifadə edirsə, “onu öldürək, yaxud da onu cəmiyyətdən təcrid edək”-deyə düşünməməliyik, belə olmaz. Onu müalicə etməliyik, sağaltmalıyıq, yenidən cəmiyyətə qaytarmalıyıq. Bu üzrə də işlər güclü şəkildə getməlidir.
- Narkomaniyaya qarşı mübarizədə bir sıra ictimai təşkilatlar və QHT-lər də yer alır. Onlar xüsusilə də orta məktəblərdə bir sıra maarifləndirici tədbirlər keçirirlər ki, bunları DİN də təşkil edir. Sizcə, onların fəaliyyəti dövlət orqanlarının mübarizə tərzindən daha fərqli olmalı deyilmi? Belə hesab edirsinizsə, prosesi necə görürsünüz?
- Biz qeyri-hökumət təşkilatları olaraq məktəblərdə, universitetlərdə, həmçinin texnikum, kolleclərdə, yəni insanlarımızın çox olduğu yerlərdə, uşaqların sıx toplaşdığı yerlərdə, həyətlərdə, məhlələrdə maarifləndirmə kampaniyasını aparırıq. Bizim kampaniyanın polislərin apardığı kampaniyadan fərqi odur ki, məktəblərə polis gedəndə hamı qorxur, çəkinir. Polis görəndə elə bilirlər ki, polis gəlib onları ancaq tutacaq. Bu bizim şüuraltında çoxdan qalmış fikirlərdir. Amma onlar bizi görəndə rahat olurlar. Bizi onlardan biri kimi qəbul edirlər. Onlarla danışan zaman da deyirik ki, biz sizin içinizdən gəlmiş biriyik. Biz olduqca sadə olmağa çalışırıq ki, onların problemlərini dinləyək, yardım etməyə çalışaq. Onlardan biri olduğumuzu deyirik. Onlar da bizə inanaraq söhbətlərində səmimi olurlar və bizi özlərinə daha çox yaxın hiss edirlər.
- Bir ictimai birlik olaraq siz narkomaniya ilə mübarizədə necə iştirak edirsiniz? Bu sahədə aparılan mübarizəyə hansı töhfəni verə bilirsiniz? Bu mübarizədə fərqli üsulların, yeniliklərin, dəyişikliklərin, innovativ metodların gərəkli olduğunu düşünürsünüzmü? Sizcə, mübarizə strategiyasında daha effektiv nəticə üçün hansı dəyişiklikləri edə bilərik?
- Bizim təşkilatımız sırf maarifləndirməni öndə tutur. Bizim maarifləndirmə tədbirlərimiz yalnız gedib hansısa məktəbdə çıxış edib-qayıtmaqla bitmir. Biz yeniyetmələrə narkotik istifadə edən gəncin necə olduğunu, onların həyat tərzinin necə dəyişdiyini, hətta narkotik istifadəsindən sonra sağalmış gənci belə göstəririk. Bəzən özümüzlə birgə əvvəl narkotikdən əziyyət çəkmiş, indi isə sağalmış gəncləri aparırıq, şagirdlərə göstəririk. Yəni mütləq şəkildə nümunələrlə göstəririk.
Bundan əlavə, bizim təşkilat beynəlxalq təcrübəni öyrənir və beynəlxlaq təcrübəni də öz həyatımızda, təşkilatımızda nümayiş etdiririk ki, yəni belə hallarda hər şey yaxşılığa doğru getsin, narkotiklə mübarizədə biz müsbət nəticə ala bilək.
- Deyə bilərsinizmi, beynəlxlaq təcrübədə fərqli nələr var?
- Beynəlxalq təcrübədə mütləq şəkildə maarifləndirmə var. Bu təcrübəyə əsasən deyə bilərik ki, narkotik istifadəçiləri əsasən valideynlərindən sevgi görməmiş və başqalarında sevgi axtaran şəxslərdir. Biz valideynlərə deyirik ki, övladınıza ən çox sevgi verin, sevgini aşılayın, övladınızın üstünə qışqırmaqla, “sən beləsən” deməklə uşaq daha çox sizdən qopacaq və narkotikə doğru gedəcək. Bunu ən çox da narkotik istifadəsini yaşamış gənc ailələrə, övladı narkotik istifadəçisi olan analara deyirik. O analara deyirik ki, artıq sənin oğlun narkotik istifadə edib, bunu gizlətməklə sən heç nə əldə edə bilməzsən. Sən çalışmalısan ki, bunu başa düşüb övladını müalicəyə yönləndirəsən və onu sağaldasan. Biz deyirik ki, narkotik istifadə edən şəxsin üstünə qışqırsan, onu Qurana and içməyə məcbur etsən bunun faydası olmayacaq. Qurana əl basmaqla narkotiki tərgitmək kimi anlayış yoxdur. Çox təəssüf olsun ki, bizim tez-tez rastlaşdığımız halların içində narkotik istifadə edən şəxsin valideyni bunu aşkarlayandan sonra onu aparır məscidə, ona Qurana əl basdırıb tövbə etdirir. Bu isə uzağı bir-iki gün çəkir. Sonra da evdə dava-dalaş başlayır. Bəzən də görmüşük ki, narkotik istifadə edən şəxslər cinayət törədirlər. Ümumiyyətlə, narkotik istifadə edən bir şəxs müəyyən bir vaxtdan sonra onun satıcısına çevrilir. Bu da nəyə görə olur – istifadəçi öz dozasını təmin etmək istəyir. İlk olaraq narkotik istifadəçisi evdən pul ala bilir, evdəkilər bu zaman bilmirlər ki, o narkotik istifadə edir. Ailə ona günlük olaraq 5-6 manat pul verir. Ailə biləndən sonra ki, o narkotik istifadəçisidir, istər-istəməz onun pulu kəsilir. Və bu narkotik istifadə edən şəxs də özünü təmin etməkdən ötrü narkotik satmağa başlayır və öz narkotikini də bu yolla təmin edir. Ona görə, narkotik satan şəxs bir müddət sonra satıcıya çevrilir.
Bundan başqa, bir narkotik istidəçisi ən azı 5, ən çoxu isə 20 nəfər adamı öz əhatəsinə toplayır. Yəni başqalarını da bu yola çəkir. Deyə bilərikmi ki, narkotiki bizə küçədən keçən hər hansı biri verdi, biz bilmədən istifadə etdik? Siz yoldan keçərkən təsadüfən kimsə sizə nəsə versə necə reaksiya verərsiniz? Başlayarsınız qışqırmağa, səsi yüksəltməyə ki, bu mənə sataşır, nəsə verir…
Ən çox da bir insanı narkotikə onu dostları çəkir. Yəni əhatə düzgün seçilməlidir ki, bu hallar baş verməsin.
- Sizcə, müvafiq dövlət qurumları xüsusilə də narkomaniyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış QHT-lərlə işbirliyini necə qurmalıdır?
-Mütləq şəkildə əməkdaşlıq olmalıdır, tək əldən səs çıxmaz. Yəni dövlət qurumları ilə QHT-lər birgə işləməlidirlər. Məsələn, bizim təşkilat DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsi ilə, həm də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ilə daimi olaraq əməkdaşlıq edir.
- Əməkdaşlıqda ən çox hansı nüanslar yer alır?
- Ən çox maarifləndirmə yer alır. Hətta narkotiklərin yandırılmasında təşkilat rəhbəri olaraq iştirak etdim. Biz gördük ki, narkotiklər necə məhv edilir. Bəzən deyirlər ki, bu qədər narkotik müsadirə olunur, həmin narkotiklərin aqibəti necə olur? Çox adam da inanmır ki, həmin narkotiklər məhv edilir. Biz də vətəndaş cəmiyyəti olaraq öz gözlərimizlə gördük ki, həqiqətən həmin narkotiklər məhv olunur, yandırılır. Biz ölkə olaraq narkotik istehsal etmirik, yəni bizim ölkəmizə narkotik kənardan, qaçaqmalçılıq yolu ilə gətirilir.
Söhbətləşdi: Asya ŞÜKÜROVA
Stopnarkotik.az