Azərbaycana daxil olan narkotiklərin 95 faizi İrandan bura yol tapır. Bu narkoreyslərin qarşısını almaq çətinləşib. Amma İranın narkotik ticarətində “xarüqələri” yalnız narkotrafiki tənzimləməklə yekunlaşmır, hətta bu ölkənin hakim dairələri guya, dünyanın narkotik reydlərinin 90 faizinin İranda həyata keçirildiyini də iddia edirlər.
Bu açıqlama 2009-2013-cü illərdə İranın müdafiə naziri və SEPAH-ın önəmli bir qolu olan Qüds Qüvələrinin komandiri olmuş Əhməd Vahidinin dilindən səslənmişdi. Vahidi demişdi ki, "Dünyada keçirilən narkotik reydlərinin 90 faizi İran tərəfindən edilir". O, bu açqlamasını Ermənistanın son 30 ildə Tehranın köməyi ilə Avropaya narkotik keçirdiyini bildirən Azərbaycan prezidentinin ittihamına cavab qismində səsləndirmişdi.
"Dünyada heç kim bu bəyanatları təsdiqləyə bilməz" deyən Vahidi, "Dünya narkotik dövriyyəsində narkotiklərin ələ keçirilməsinin 90 faizi İran İslam Respublikasına aiddir, bəzi alıcı ölkələrdə isə bu müsadirələrin 10 faizdən az olduğu barədə rəsmi statistika var", - deyə iddia etmişdi.
Doğrudanmı, dünyada aparılan narkotik maddələrin ələ keçirilməsinin 90 faizi İranda baş verir? Dünyanın qalan hissəsinin isə bu işdə payı cəmi 10 faizdir? Elə isə necə olur ki, narkotik İrandan Azərbaycana daxil olana kimi rəsmi Tehran tərəfindən müsadirə olunmur? Azərbaycanda narkotik reydlərinin aparılması və sobalarda yandırılmasını göstərən çoxsaylı videogörüntülər var. Həmin narkotik yüklər İranda tutulursa, Azərbaycana necə yol tapır?
Dünyada narkotik reydləri
Narkotiklərin aşkarlanması və müsadirə edilməsində hər bir ölkənin rolunu anlamaq üçün ilk növbədə bu suala cavab verilməlidir: narkotiklər dünyanın harada istehsal olunur və tranzit yolları haradadır? Bir qayda olaraq, tranzit marşrutları üzərində olan ölkələr qanunsuz narkotiklərin ələ keçirilməsində əsas rol oynaya bilər və oynamalıdır.
BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin (UNODC) 2021-ci il hesabatına görə, Əfqanıstan dünyada tiryək, morfin və heroin məhsullarının ən öndəki istehsalçısıdır və qlobal istehsalın 83 faizini təşkil edir. Kolumbiya, Peru və Boliviya ən böyük kokain və çətənə-marixuana istehsalçılarıdır.
Eyni hesabatda göstərilir ki, dünya üzrə narkomanların yalnız 13 faizi heroin və morfin (Əfqanıstanın əsas narkotik məhsulu) kimi opioidlərə aludə olub. Digər 87 faiz isə əsasən marixuana, kokain, amfetaminlər və ya reseptlə satılan dərmanlar kimi qeyri-opioid maddələrdən istifadə edir. İran Əfqanıstanda istehsal olunan narkotiklərin Avropaya ən mühüm məlum tranzit yoludur. Bu reys tiryək, heroin və morfinin tranzit marşrutlarını göstərir, hansı ki, mərkəzdə İrandır, amma İranla yekunlaşmır: Əfqanıstana narkotiklərin tranzitində müxtəlif ölkələr iştirak edir, lakin BMT-nin hesabatında narkotranzitin əsas dayanacaqlarının İran, Türkiyə və Pakistan olduğu bildirilir. Əfqanıstanın ən böyük istehsalçı olmasına baxmayaraq, bu üç ölkənin çox vaxt mənşə ölkələr olduğu da vurğulanıb.
UNODC qeyd edir ki, 2019-cu ildə 102 ölkə tiryək və heroinin tapılması və müsadirəsində iştirak edib. Bunlardan aşkar edilən maddələrin 98 faizi Türkiyə, İran və Pakistanın, yəni əsas mənşə nöqtələri arasında olan üç ölkə tərəfindən qeydə alınıb. Lakin İran hər il böyük miqdarda narkotik aşkar edib hesabat verə bilsə də, hakim dairələr digər narkotik növlərinin ələ keçirilməsində ən yaxşı halda “kiçik rol” oynayırlar. Bəlkə də oynamaq istəmirlər.
Fərqli tranzit marşrutlarında olan digər ölkələr müxtəlif növ narkotiklərin böyük daşınmalarına mane olublar. Məsələn, UNODC-nin məlumatına görə, Şimali Amerikada aşkar edilən bütün kokainin 94 faizi qaçaqmalçılıq yolu ilə ABŞ vasitəsilə aparılıb və ABŞ dövləti 2019-cu ildə həmin narkotikin 277 tonunu tutduğunu bildirib ki, bu da dünyada aşkar edilmiş kokainin ümumi miqdarının 18 faizinə bərabərdir. Mərkəzi Amerikada kokainin on doqquz faizi Panama, Qvatemala və Kosta-Rika tərəfindən aşkarlanmış və açlqlanmışdır, digər böyük hissəsi isə Avropa ölkələri tərəfindən tutulmuşdur.
Digər növ narkotiklərin qarşısının alınmasında da İranın çox az payı var. Məsələn, UNODC-nin məlumatına görə, ən böyük miqdarda metamfetamin hər il ABŞ dövləti tərəfindən tutulur; İran ABŞ, Tailand, Meksika, Çin, Myanma və İndoneziyadan sonra yeddinci yerdədir. İran ekstazi həblərinin müsadirəsinə görə ilk 15 ölkə arasında da deyil. Bunların əsas hissəsi yenə ABŞ, ardınca Türkiyə, Avstraliya, Hollandiya, Yeni Zelandiya və Böyük Britaniya tərəfindən tutulur.
İran halüsinogen maddələrin aşkarlanmasına görə də ABŞ, Meksika, Tailand, Səudiyyə Ərəbistanı, İngiltərə, Türkiyə, Qvatemala, İndoneziya və Hollandiyadan sonra onuncu yerdədir.
Diqqət çəkən digər məqam isə odur ki, 2019-cu ildə İranda 656 ton tiryək, 18,2 ton morfin və 17 ton heroin aşkar edilib. Lakin həmin il ümumi qlobal istehsal 7500 tondan çox tiryək təşkil edib ki, bunun da böyük hissəsi İrandan tranzit edilib. BMT-nin 2021-ci il hesabatına görə, Belçikada tutulan heroinin 98 faizi İrandan, 60 faizi isə İtaliyadan keçib. Başqa sözlə, İslam Respublikası öz sərhədlərindən keçən narkotiklərin “qarşısını ala bilməyib”. Bəlkə də “istəməyib”.
İran, Pakistan və Türkiyədən tranzit edilən narkotiklərin əksəriyyətini Tehran “tutmur”. Buna görə də, “İran dünya narkotik dövriyyəsindəki məhsulun 90 faizini müsadirə edir” iddiası ən azı yalandır...
Stopnarkotik.az