İran Antarktidada hərbi baza quracaq? - VİDEO

İranda iqtisadiyyatın ağır böhran məngənəsində boğulmasına, vətəndaşların sosial vəziyyətinin durmadan pisləşməsinə, yoxsulluq və bahalığın tüğyan etməsinə baxmayaraq, hakim teokratik rejim özünün nəhəng maddi məsrəflərə başa gələn regional və qlobal ambisiyalarından əl çəkmir.

Sentyabrın 28-də İran ordusunun Hərbi-Dəniz Qüvvələrinin komandanı admiral Şəhram İraninin verdiyi açıqlama rəsmi Tehranın həmin ambisiyalarından daha birini ortaya qoyub. Belə ki, dövlət televiziyasına müsahibəsi zamanı o, ölkəsinin Antarktidada hərbi baza qurmağı planlaşdırdığını bəyan edib və orada hərbi işlərlə yanaşı, elmi araşdırmaların da həyata keçiriləcəyini vurğulayıb.

Aparıcının bir qədər heyrətlə verdiyi: “Deməli, İran cənub qütbündə daimi bazaya malik olacaq, eləmi?” - sualına admiral: “İnşallah”, - deyə cavab verib.

O, bu işin İranın ali rəhbəri Ayətullah Əli Xameneinin göstərişi əsasında icra olunduğunu vurğulamağı da unutmayıb.

Lakin nədənsə Antarktidada hərbi baza qurmağın 1961-ci ildən qüvvəyə minmiş Beynəlxalq Konvensiyaya zidd olmasının üzərindən sükutla keçib.

Yüksəkrütbəli hərbçinin İran hakimiyyətinin bu planını əsaslandırmaq üçün söylədikləri isə xüsusi diqqət çəkib. O, deyib:

“Bizim Məkran sahillərindən (yəni Oman körfəzindən) Cənub qütbünə birbaşa çıxışımız mövcuddur, bu baxımdan orada bizim mülkiyyətimiz var və həmin mülkiyyət İran xalqına məxsusdur. Planımız budur ki, orada İran bayrağını ucaldaq”.

Bununla da İran rəsmisi faktiki olaraq təmsil etdiyi rejimin Antarktidaya sahiblik iddiasını dilə gətirib.

Onu da deyək ki, bu iddia İran hərbi rəhbərliyi tərəfindən ilk dəfə səsləndirilmir. Bir neçə il əvvəl İran Silahlı Qüvvələri Baş Qərargahının hazırkı rəisi general Məhəmməd Bağeri bir tədbirdəki çıxışında demişdi: 

“Bizim Məkran sahillərindən azad sulara birbaşa çıxışımız var və cənub qütbünə gedən yolumuzun üstündə heç bir quru ərazi yoxdur. Odur ki, biz beynəlxalq qanunlara əsasən, cənub qütbünün bir hissəsinə sahiblik iddiası edə bilərik”.

“Azad İran” “Youtube” kanalının mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik: