İcra başçısının qardaşının qətlinə görə tutulan oğlu məhkəmə qarşısında

Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun qətli ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, bu gün cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən onlayn qaydada keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən Azay Qaraşovun vəklinin vəsatəti əsasında məhkəmənin qapalı keçirilməsi qərara alınıb.

Baxış iclası fevralın 6-na təyin edilib.

Qeyd edək ki, hadisə ötən il iyulun 26-da Kürdəmir rayonunun Pirəköcə kəndində baş verib. 1975-ci il təvəllüdlü Azər Qaraşovun odlu silahdan açılan atəş nəticəsində ölməsi ilə bağlı Kürdəmir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

İlkin olaraq hadisənin intihar olduğu bildirilirdi. Qaraşovlar ailəsi isə Azər Qaraşovun ehtiyatsızlıq səbəbindən aldığı güllə yarasından vəfat etdiyini iddia edirdi.

Daha sonra əməliyyat tədbirləri ilə Azər Qaraşovun oğlu Azay Qaraşov atasını ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.

Azay Qaraşova qarşı Cinayət Məcələsinin 120.1 (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.