Həbsdən çıxan polkovnik yenidən məhkəməyə verildi

Müdafiə Nazirliyinin keçmiş polkovniki Elnur Məmmədov yenidən məhkəməyə verilib.

Stopnarkotik.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi ədliyyə polkovniki Elçin Əliyev E.Məmmədova Cinayət Məcəlləsinin 148-ci (Təhqir) maddəsi ilə iş açılması ilə bağlı xüsusi ittiham qaydasında müraciət edib.

Şikayətə Yasamal Rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun sədrliyi ilə baxılacaq. İş məhkəməyə bu gün daxil olub və hələlik məhkəmə iclasının vaxtı təyin edilməyib.

Qeyd edək ki, Elnur Məmmədov ötən ay “Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədovla birgə həbs edilmişdi. Onlar İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsilə (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) təqsirli bilinərək məhkəmə qərarı ilə hər birinə 1 ay həbs cəzası verilmişdi. Bir neçə gün əvvəl isə hər iki şəxs həbsdən azadlığa çıxıblar.

Onu da qeyd edək ki, Elnur Məmmədov ehtiyatda olan polkovnikdir. O, ötən ilin oktyabrında 6 aylıq həbs olunmuşdu.