"Günahsızlıqlarını sübut etməsələr, qanla qisas alınacaq" - Kadırov iki deputatı və senatoru hədələdi / VİDEO

Çeçenistan (Rusiya Federasiyası) rəhbəri Ramzan Kadırov Dövlət Dumasının iki deputatı - Beqxan Baraxoyev və Rizvan Kurbanov, eləcə də senator, milyarder Süleyman Kərimova qarşı qan qisası elan edib.

Bu barədə o, Qroznıda regional təhlükəsizlik blokunun nümayəndələri ilə görüşdə bəyan edib.

Ramzan Kadırov düşünür ki, bu şəxslər onun qətlini planlaşdırıblarmış.

Görüşün videoyazısı ötən gün ortaya çıxıb. Kadırovun dərc etdiyi paylaşımın mətnində bu ittihamlarla bağlı bir kəlmə belə yoxdur. Lakin videonu çeçen dilindən tərcümə etdikdə, onun qətlin sifariş edilməsindən və buna görə də qisasın qanla alınacağından danışdığı aydın olur.

"Onların öz biznesləri var və onlar bu qadının (Tatyana Kim) nəinki biznesini əlindən alıblar, hətta məni öldürməyi də sifariş veriblər", - deyə Kadırov bildirib.

O qeyd edib ki, əgər onlar günahsız olduqlarını və bu ittihamların saxta olduğunu sübut etməsələr, o zaman Çeçenistan başçısı qisası qanla alacaq.

Kadırov əlavə edib ki, Süleymanın sifariş üçün 100 milyon (valyutanı göstərmir) dollar ödəməyə hazır olması barədə ona məlumat ötürülüb./oxu.az