Goranboy rayonunda iki nəfərin bıçaqlanmasının təfərrüatı məlum olub.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Səfikürd kəndində yerləşən kafedə qeydə alınıb.
Kənd sakinləri olan 3 dost - 1985-ci il təvəllüdlü Zaur Muradov, 1987-ci il təvəllüdlü Mail Məmmədov və 1981-ci il təvəllüdlü Vüsal Sarıyev kafeyə gələrək orada çörək yeyiblər. Onlar kafedə 2 litrdən artıq araq içiblər. Daha sonra Zaur Muradov Vüsal Sarıyevə söyüşlə zarafat edib. Bu vaxt V.Sarıyev sərxoş vəziyyətdə olduğundan zarafatı qəbul etməyib və kafedən götürdüyü bıçaqla Zaur Muradova xəsarət yetirib. Hadisə zamanı onları ayırmaq istəyən Mail Məmmədov V.Sarıyevi kafedən çıxarmaq istəyərkən sonuncu onu da bıçaqlayıb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər, V.Sarıyev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.
17:37
Goranboyda iki nəfəri bıçaqlayan şəxs tutulub.
Stopnarkotik.az xəbər verir ki, Goranboy rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Vüsal Sarıyev saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
TƏBİB-dən bildirilib ki, mayın 24-də xəsarət alması səbəbi ilə iki nəfər (kişi cinsli) şəxs Goranboy Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub: "Onlara sol boyun nahiyəsinin kəsilmiş yarası və kürək və bel nahiyəsinin kəsilmiş yaraları diaqnozu təyin edilib. Pasiyentlərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar".
*** 14.38
Goranboyda bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Səfikürd kəndində yerləşən kafedə qeydə alınıb. Kənd sakinləri - 1985-ci il təvəllüdlü Z.Muradov və 1987-ci il təvəllüdlü İ.Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.
Araşdırma zamanı məlum olub ki, onlar mübahisə zəminində 1981-ci il təvəllüdlü V.Sarıyev tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.