Fransaya casusluqda ittiham edilən şəxslər hakim qarşısına çıxarılır

Dövlət Təhlükəsizliyi Xidmətində başladılan cinayət işi üzrə Fransaya casusluqda ittiham edilən Martin Ryan və Azad Məmmədlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Stopnarkotik.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Anket məlumatlarından bəlli olub ki, ali təhsili olan Martin Ryan Fransada Monpelye 3 Universitetini “beynəlxalq əlaqələr, hərbi tarix və geosiyasət” ixtisası üzrə bitirib.

O, Azərbaycanda sahibkarlıqla məşğul olub və ölkəyə şərab idxal edib.

Martin Ryan Fransa vətəndaşı olduğu üçün prosessual qaydaya uyğun olaraq tərcüməçi ilə təmin olunub.

Eyni zamanda, təqsirləndirilən Martin Ryanın vəkili bildirib ki, müvəkkili iki ölkə vətəndaşıdır:

“Müvəkkilim Fransa vətəndaşı olmaqla yanaşı, həm də Böyük Britaniyanın vətəndaşıdır. Məhkəmənin qapalı keçirilməsinə heç bir lüzum yoxdur. Belə ki, məhkəmə proseslərində səfirlik nümayəndələri iştirak edir. Qapalı olan zaman onlar iştirak edə bilməyəcək. Həmçinin qoy səfirlik nümayəndələri görsünlər ki, Azərbaycanın məhkəmə zallarında məhkəmə prosesləri necə şəffaf formada keçirilir”.

Təqsirləndirilən Azad Məmmədlinin vəkili bildirib ki, müvəkkili ali təhsillidir və Rusiyada Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq hüquq fakültəsini bitirib:

“2019-2023-cü illərdə Azərbaycan Beynəlxalq Bankında hüquqşünas kimi çalışıb. 2023-cü ildə İngiltərəyə gedib və orada 2 ay yaşayıb. Azərbaycana geri döndükdən sonra saxlanılıb”.

Təqsirləndirilən Azad Məmmədlinin vəkili müvəkkili barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət qaldırıb.

Məhkəmə bu vəsatəti təmin etməyib.

Dövlət ittihamçısı vəsatəti əsaslı hesab etməyib və təmin edilməməsini istəyib.

Məhkəmə bu vəsatəti təmin etməyib.

Məhkəmə cinayət işinin baxışa verilməsi və açıq keçirilməsi ilə bağlı qərar qəbul edib.

Məhkəmənin baxış iclası 6 yanvara təyin olunub.

Məhkəmədə diplomatik korpusun nümayəndələri və jurnalistlər iştirak edib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 2023-cü il dekabrın 4-də həbs olunub. “Merkorama” MMC-nin baş direktoru olan Martin Ryana qarşı 276-cı maddə (casusluq) üzrə ittiham irəli sürülüb.

İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədliyə 274-cü maddə (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.

Məlum olduğu kimi, geniş casus şəbəkəsinin ifşasından və xidməti uğursuzluqlardan sonra 2023-cü il dekabr ayının 20-də Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emye həmin vəzifəsindən azad edilib./apa