Fazil Mustafanı öldürmək istəyən şəxslər yenidən məhkəmə qarşısında

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd etməkdə təqsirləndirilən Azər Səricanov, Səbuhi Şirinov, Rəşad Əhmədov, Elşad Əsgərov və Emin Əliyarovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses sentyabrın 30-na təyin edilib.

Şikayət hakim İbrahim İbrahimlinin sədrliyi ilə araşdırılacaq. 

Qeyd: Cinayət hadisəsi ötən ilin martında baş verib. Həmin vaxt millət vəkili olan Mustafayev Fazil Qəzənfər oğlu silahdan açılan atəşdən xəsarət alıb. 

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hadisəni terror aktı adlandırıb. Daxili İşlər Nazirliyi və DTX əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə şübhəli bilinən 5 nəfər tutularaq istintaqa təhvil verilib. Onlara qarşı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Səricanov ömürlük, Səbuhi Şirinov 20 il, Rəşad Əhmədov 19 il, Elşad Əsgərov 18 il, Emin Əliyarov isə 4 il azadlıqdan məhrum ediliblər./pravda.az