Dünyanı cənginə alan narkotik bəlasının çözümü – Problemə "ingilis gözü"ndən baxış

Bir çox Qərb ölkələri yumşaq dərmanlara dair siyasətlərini aktiv şəkildə təkrar gözdən keçirərkən, Britaniya özünü yol ayrıcında görür.

2024-cü ilin sonu və 2025-ci ilin əvvəlində aparılan yeni “YouGov” araşdırması marixuananın leqallaşdırılması süalında siyasi elita ilə adi vətəndaşların mövqeləri arasında nəzərəçarpacaq fikir ayrılığını üzə çıxardı. Bəs qlobal tendensiya və Britaniyaya xas reallıq prosesə hansı pəncərədən baxır?

Son illərdə dünyanın narkotik siyasətinin xəritəsi əhəmiyyətli dərəcədə dəyişdi. Almaniya, Lüksemburq, Malta və Kanada, eləcə də ABŞ-ın bir çox ştatları artıq çətənə saxlanmasını və istifadəsini qanuniləşdiriblər. Britaniyada indiyədək yalnız “Liberal Demokrat” mənsubları 2024-cü il seçki manifestinə marixuananın leqallaşdırılmasını daxil etmişdilər.

Britaniya parlamentində bu məsələ ilə bağlı sonuncu səsvermə 2018-ci ildə keçirilmişdi, o zaman da leqallaşma təklifləri rədd edilmişdi. “YouGov”un yeni sorğusu göstərir ki, siyasətçilərin mövqeyi mühafizəkar olaraq qalır: parlament üzvlərinin 50%-i leqallaşmanın əleyhinədir, yalnız 39%-i bu ideyanı dəstəkləyir. Eyni zamanda, əhali arasında mənzərə fərqlidir: britaniyalıların 45%-i leqallaşmanın tərəfdarıdır, 42%-i isə əleyhinədir. Ekspertlər məsələnin üç həll yolu olduğunu irəli sürülər - tam leqallaşdırma, dekriminallaşdırma və yaxud cinayət məsuliyyətinin saxlanması. Bu üç versiya arasında seçim təklif etdikdə nəticələr daha da maraqlı olub. Parlamentarilər arasında 25% leqallaşdırmanı dəstəkləyib, 38% cinayət cəzasının saxlanmasının lehinə çıxış edib, 28% isə dekriminallaşdırmanı seçib.

Cəmiyyətdə isə bölgü daha bərabər olub: leqallaşdırma üzrə 31%, cinayət məsuliyyətinin saxlanılması üzrə 33%, dekriminallaşdırma üzrə 24%. Bu, cəmiyyətin narkotik siyasətinə liberal yanaşmalara daha açıq olduğunu göstərir.

Bəs marixuananın tibbi istifadəsi necə?

Maraqlıdır ki, marixuananın tibbi istifadəsi ilə bağlı geniş konsensus mövcuddur. Deputatların böyük əksəriyyəti (83%) və vətəndaşlar (73%) həkimlərin dərman məqsədləri üçün marixuana yazmaq hüququnu dəstəkləyir. Bu, qanunvericiliyin liberallaşdırılması üzrə gələcək dialoq üçün başlanğıc nöqtəsi ola bilər.

Amma məsələyə baxışda açıq demoqrafik fərqlər aşkar edilib. Burada yaş əsas amil kimi görünür: 50 yaşdan aşağı britaniyalılar ümumiyyətlə leqallaşmanı dəstəkləyir, yaşlı nəsil isə buna qarşıdır. 25-49 yaş qrupundakı insanların 41% tam leqallaşmanın tərəfdarıdır ki, bu da 65 yaşdan yuxarı insanların mövqeyi ilə kəskin ziddiyyət təşkil edir, onların arasında yalnız 20% belə yanaşmanı dəstəkləyir.

Siyasi spektr

Siyasi üstünlüklər də leqallaşmaya münasibətə güclü təsir göstərir. Mühafizəkarlar ən sərt mövqedədirlər – seçicilərinin 64%-i leqallaşmanın əleyhinədir. “Reform UK” tərəfdarları arasında 48%, “Liberal Demokratlar”ın tərəfdarları arasında 40%, “Leyboristlər” arasında isə yalnız 33% leqallaşmanın əleyhinədir.

Ağır narkotiklər: vahid mövqe

Heroin və krek kokain kimi ağır narkotiklərə gəlincə, siyasətçilər və cəmiyyət arasında nadir yekdillik var. Həm parlamentarilərin, həm də vətəndaşların 80%-dən çoxu onların saxlanmasına və yayılmasına görə cinayət məsuliyyətinin saxlanılmasının tərəfdarıdır. Bu, Britaniyada narkotik siyasətinin liberallaşdırılması ilə bağlı müzakirələrin sırf yüngül narkotiklərlə bağlı olduğunu göstərir.

Gender faktoru

Araşdırmada maraqlı gender fərqləri də aşkar edilib. Kişilər daha liberal yanaşma nümayiş etdirirlər: onlar marixuananın leqallaşdırılmasını daha çox dəstəkləyirlər və ağır narkotiklərin dekriminallaşdırılmasını daha çox müdafiə edirlər (kişilərin 16%-I, qadınların 7%-i). Eyni zamanda, çətənədən tibbi istifadə məsələsində cinslərarası mövqe fərqləri aşkar edilməyib.

Sağlamlıq, yoxsa cinayət?

Daha geniş kontekstdə araşdırma narkotik probleminə necə baxmaq lazım olduğu sualına – ona sağlamlıq problemi və ya cinayət problemi kimi baxmağı diqqətə gətirdi. Parlamentarilər arasında 36% narkotiki sağlamlıq problemi, 11% cinayət məsələsi hesab edir. 51% isə hesab edir ki, hər iki aspekt eyni dərəcədə nəzərə alınmalıdır.

Britaniya cəmiyyətinin bu məsələdə daha mühafizəkar olduğu ortaya çıxdı: 28% narkotikləri ilk növbədə cinayət problemi, 23% sağlamlıq problemi hesab edir, 40% isə hərtərəfli yanaşmanı dəstəkləyir.

Stopnarkotik.az