Daşkəsəndə həyat yoldaşını və qayınatasını bıçaqlayan şəxs saxlanıldı - TƏFƏRRÜAT

Daşkəsəndə kişi həyat yoldaşı və qayınatasını bıçaqlayıb.

Hadisə rayonun Bayan kəndində ailə münaqişəsi zəminində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Röyal Hidayət oğlu Allahverdiyevlə həyat yoldaşı Aytən İsa qızı Quliyeva arasında yaşadıqları evdə mübahisə olub.

R.Allahverdiyev daha sonra icarəyə götürdüyü obyektə gedib.

Həyat yoldaşı ilə əvvəllər də mübahisələri olan qadın Göygöl rayon Yeni Qızılca kəndində yaşayan atasına zəng edərək məsələni ona bildirib. 1965-ci il təvəllüdlü İsa Quliyev qızı ilə birgə R.Allahverdiyevin icarəyə götürdüyü obyektə (çayçı və avtoyuma) gedərək övladını aparacağını deyib. Bununla razılaşmayan kürəkən kəsici ailətlə hər ikisinə xəsarət yetirib.

Zərərçəkmişlər müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdiriliblər.

Hadisəni törətməkdə şübhəli bilinən R.Allahverdiyev isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır./report

*** 21:36

Daşkəsəndə ata və qızını bıçaqlayan şəxs saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Stopnarkotik.az-a bildirib ki, Daşkəsən Rayon Polis Şöbəsinə rayonun Bayan kənd sakinləri 1965-ci il təvəllüdlü İ. Quliyev və onun qızı 1997-ci il təvəllüdlü A. Quliyevanın bədənin kəsilmiş deşilmiş yaraları alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslərə kəsici alətlə xəsarət yetirən şəxsin Röyal Allahverdiyev olması müəyyən edilib. Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

*** 20:28

Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib.

Stopnarkotik.az xəbər verir ki, hadisə rayonun Bayan kəndində qeydə alınıb.1965-ci il təvəllüdlü İsa Quliyev və onun qızı 1997-ci il təvəllüdlü Aytən Quliyeva bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal hər iki xəstə əməliyyat edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, hadisəni ailənin kürəkəni törədib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.