Süni intellekt sahəsində innovativ addımları ilə məşhur olan Çin, bu dəfə də texnologiya dünyasını təəccübləndirərək daha bir yeniliklə gündəmə gəlib.
Stopnarkotik.az musavat.com-a istinadən xəbər verir ki, nəhəng texnologiya şirkəti Alibaba, süni intellekt platformalarının inkişafında mühüm irəliləyiş olaraq xarakterizə olunan "Qwen 2.5 Max" modelini təqdim edib.
Bu yeni süni intellekt modeli haqqında verilən ilkin məlumatlara əsasən, Qwen 2.5 Max həm performans, həm də funksionallıq baxımından OpenAI, Google və DeepSeek kimi tanınmış texnologiya liderlərindən daha güclü ola bilər. Modelin dil işləmə, təbii dil anlayışı, kompleks, problem həlləri və yaradıcı məzmun istehsalında yüksək potensiala malik olduğu vurğulanır.
Ən diqqətçəkən məqamlardan biri də budur ki, Qwen 2.5 Max modeli tamamilə pulsuz istifadəyə açıq olacaq. Bu, istifadəçilərə müxtəlif sahələrdə öz layihələrini daha sərbəst və rahat şəkildə həyata keçirmək imkanı yaradacaq. Alibaba-nın bu qərarı texnologiyanın irəliləməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir.