Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ilə bağlı sanksiyalar sərtləşdirilir.
Stopnarkotik.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakın həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncam verilməsinin, onların yerdəyişməsinin, belə əmlaka olan hüquqların və ya onların kimə məxsus olmasının ört-basdır edilməsi və ya gizlədilməsi 4 min manatdan 8 min manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Təklif edilən dəyişikliyə əsasən, bu cinayət predmetinin dəyərinin 50 faizindən 70 faizinədək miqdarında cərimə və ya 5 ilədək müddətə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.