Bacısını boğaraq öldürən, anasını isə ölümlə təhdid edən şəxsin məhkəməsi başlayır

Bakının Rəsulzadə qəsəbəsində bacısını boğaraq öldürən qardaşın məhkəməsi başlayır.

Cinayət işi artıq Binəqədi rayon prokurorluğundan Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub. Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən Qasımov Təbriz İsmixan oğlunun məhkəmə prosesi oktyabr ayının 28-də hakim Aytən Əliyevanın sədrliyi ilə keçiriləcək. 

Xatırladaq ki, hadisə bu il iyulun 1-də Bakının Binəqədi rayonu ərazisində qeydə alınıb. Araşdırmalarla 1997-ci il təvəllüdlü Təbriz Qasımovun rayonun Rəsulzadə qəsəbəsi ərazisində şəxsi münasibətlər zəminində bacısı Təhminə Qasımovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Qətlə yetirilən 20 yaşlı Təhminə Qasımova məişət əşyaları satılan mağazada satıcı vəzifəsində çalışıb. 

Onu gecə saat 2 radələrində qardaşı işdən çıxan zaman qarşılayıb və birlikdə evə gediblər. Hadisə səhərə yaxın qeydə alınıb. Hadisədən sonra Təbriz Qasımov könüllü olaraq polisə təslim olub. 

İlkin istintaq hərəkətləri zamanı məlum olub ki, Təbriz anasını da ölümlə təhdid edib./"unikal"