“Azərişıq” ASC-in 1,7 milyon pulunu mənimsəyən şirkət rəhbəri ilə bağlı qərar verildi

Ali Məhkəmədə xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilən Pərviz Əliyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 
Qərara əsasən, şikayət təmin edilməyib.

İttihama görə, “Easy Pay” şirkətinin rəhbəri, 1984-cü il təvəllüdlü Pərviz Əliyev həmin şirkətin terminalı vasitəsiylə vətəndaşların ödədiyi 1 milyon 750 min manat işıqpulunu “Azərişıq” ASC-nin hesabına köçürməyib. Ona Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə) maddəsilə ittiham verilib. İstintaq dövründə “Azərişıq” cinayət işində zərərçəkmiş qismində tanınıb və 1 milyon 750 milyon manatın ödənilməsini tələb edib. Məhkəmədə məlum olub ki, iş adamı Pərviz Əliyevin atası 1 milyon 750 min manatı qarşı tərəfə ödəyərək barışıq əldə edib. Bu səbbədən “Azərişıq” iddiasını geri götürüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Əliyevə şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb./pravda.az