“Azərbaycana narkotikin çox hissəsi birmənalı şəkildə İrandan gəlir” - MİLLƏT VƏKİLİ

Arzu Nağıyev: “Narkotiklərlə mübarizə yalnız hüquq mühafizə orqanlarının işi deyil… cəmiyyət bu işdə fəal olmalıdır”

“…öz adamlarını başqa ölkəyə cərrahi əməliyyata göndərib, onun mədəsinə, bağırsağına narkotik doldurub geri qaytarırlar...”

BMT-nin qərarı ilə 26 iyun tarixi bütün dünyada Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur. Məqsəd hər bir ölkə ictimaiyyətinin diqqətini daim narkomaniya ilə bağlı problemlərə yönəltməkdir.

Azərbaycanda da narkomaniya və narkobiznesə qarşı mübarizə çərçivəsində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün DÖVLƏT PROQRAMI Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilib və artıq yekunlaşmaq üzrədir. Amma bir sıra ekspertlər güman edir ki, mübarizə qənaətbəxş hesab oluna bilməz, çünki nəticələr istənilən səviyyədə deyil.

Odur ki, problemin həlli yollarını tapmaq üçün Stopnarkotik.az saytı olaraq çox sayda mütəxəssis rəylərini, bu bəlanın öhdəsindən necə gəlməli olduğumza dair psixoloq və narkoloq-həkimlərin qənaətlərini, eləcə də qanunverici orqan üzlərinin problemə yanaşmalarını mütəmadi olaraq ictimaiyyətə çatdırmaqdayıq. Bu dəfə isə mövzunu millət vəkili Arzu Nağıyevlə müzakirə etdik.

- Arzu müəllim, Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə Komitəsinin üzvüsünüz. Təbii ki, təhlükəsizlik orqanlarında iş fəaliyyəti də əmək və həyat təcrübənizə sirayət edib. Sizcə, Azərbaycan əhalisinin gənc təbəqəsinin narkotik bataqlığına salınması təhlükəsizliyimizə nə dərəcədə təhdid faktoru sayılır?

- Təbii ki, bu, bəşəri bir problemdir. Söhbət tək gənclərdən getmir, gələcək genefondun məhvinə gətirib çıxaran bir təhdiddir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi böyük miqyasda kommersiya fəaliyyətidir. Burada həm hazırlama, həm də yetişdirmə və onlardan bir sıra maddələrin hazırlanması var və axırda onların satışından, külli miqdarda gəlir əldə edilməsindən söhbət gedir.

Narkotiklərin daşınmasında şimal və cənub marşrutu var. Ölkəmiz də elə bir məkanda yerləşir ki, narkotik qaçaqmalçılığı ilə məşğul olanların maraq dairəsindədir. Xüsusilə, əfqan mənşəli narkotiklərin Avropaya daşınması üçün istifadə edilən marşrutların demək olar ki, çoxu Azərbaycan üzərindən keçir. Həmin marşrutlar Əfqanıstan-İran-Azərbaycan-Gürcüstan-Avropa, Əfqanıstan-Orta Asiya-Azərbaycan-Gürcüstan-Avropa, Əfqanıstan-İran-Azərbaycan-Rusiya-Avropa marşrutlarıdır. Yəni hər birində qonşu dövlətlərin, İranın adı var. Əvvəllər belə bir marşrut var idi - Əfqanıstan-İran-Dağlıq Qarabağ-Ermənistan. Vətən müharibəsindən sonra 143 kilometrlik Azərbaycan -İran sərhəddi bağlandığı üçün artıq bu problem demək olar ki, yoxdur. Və təbii ki, beynəlxlaq səviyyədə Balkan marşrutu deyirlər - Şimal marşrutu, Avropaya qeyri-qanuni heroinin daşınmasında əsas istifadə olunan ərazilərdir. Rusiya Federasiyası və Avropaya daşınma Balkan marşrutu ilə həyata keçirilir. Yenə də burada narkotik İran vasitəsilə gəlir. O cümlədən, Pakistanın və Türkiyənin də da adı çəkilir, daha sonra Yunanıstan, Bolqarıstan vasitəsilə Avropaya daxil olur.

Son vaxtlar Ukraynada gedən müharibə marşrutlarda müəyyən dəyişiklik edib. Deməyim odur ki, Azərbaycan ərazisindən daşınan narkotiklərin müəyyən hissəsi burada qala bilər və bu, çox ciddi məsələdir. Amma hüquq-mühafizə orqanları - DİN, DTX, Sərhəd Qoşunları Xidməti və bütün aidiyyəti qurumlar həm tranzit, həm də digər daşınmaların qarşısının alınması üçün ciddi şəkildə məşğul olurlar. Çalışırlar ki, burada - Azərbaycanda narkotiklər qalmasın.

- Narkotik ticarətinə qarşı qanunun sərtləşdirilməsi bu problemin həllinə müsbət təsir edə bilərmi?

- Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar Azərbaycan Cinayət Məcəlləsində müvafiq maddələr var - 234-dən başlayaraq 240-cı maddə də daxil olmaqla, bir sıra maddələr də bunu təsbit edir. Burada da demək olar ki, həddindən artıq sərt, həbs qətimkan tədbirləri, məcburi müalicələr var. Təbii ki, məhz tranzit daşımalar qaçaqmal olduğuna görə, 206-cı maddə də var, kifayət qədər sərtdir. Bu, problemin həllinə də müsbət təsir edir. Yəni birmənalı şəkildə qanunda yenidən hansısa dəyişikliklər etməyə elə bir ehtiyac yoxdur. Çünki müvafiq korrektələr edilir. Son vaxtlar kimyəvi tərkibli sintetik narkotiklərin daha çox yayılmasına görə bir sıra korrektələr var.

- Ölkəmizdə xüsusilə də son 2 il ərzində narkomaniyaya və narkotik ticarətinə qarşı ciddi mübarizə aparılsa da, indiyədək həbs olunan minlərlə narkotacir arasında bircə nəfər də narkobaron, yaxud vəzifəli şəxs yoxdur. Yaxud narkoticarətin himayəçisi qismində heç kim ortaya çıxarılmayıb. Sizcə, bu normaldır?

- Deməzdim ki, yalnız son iki ildə belə mübarizə var, mübarizə daim olub və olacaq. Burada tranzit daşımalarından da, külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəsindən də söhbət gedir. Yəni narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizədə iki istiqamət var - biri sərhəddən başlayaraq istifadəçiyə qədər, digəri istifadəçidən başlyaraq sərhəddən keçirən kuryerə qədər. Bütün bu məsələlərin hamısı demək olar ki, nəzarət altındadır və istər kuryerlərə, istər topdan və pərakəndə satışla məşğul olanlara, istər istifadəçiyə çatdıranlara, istər də istifadəçilərin özlərinə qarşı birmənalı şəkildə mübarizə aparılır, həbs qətimkan tədbiri seçilir və yaxud bunlarla əlaqədar müvafiq qanuni hərəkətlər edilir. Odur ki, burada kimisə, narkobaron və s. axtarmaq doğru olmaz. Belə bir məsələ yoxdur ki, bir nöqtədən idarə olunsun. Bu, elə də inandırıcı görünmür. Aparılan əməliyyatlar da göstərir ki, son vaxtlar daha çox sosial şəbəkələrdən istifadə edilir, haradasa gizlədilir. Yəni  “narkotik vasitələrin qanunsuz dövriyyəsinin başında kimsə durur”, demək inandırıcı deyil və belə bir fakt da yoxdur. Düşünmürəm ki, bu, Azərbaycan kimi bir dövlətdə ola bilsin. Bizim istiqamətmiz, bizim dövlətimizin apardığı xarici və daxili siyasət elədir ki, burada bu, mümkün deyil. Və düşünmürəm ki, yaxın gələcəkdə də olacaq.

Bu, tam mübarizədir, kimliyindən asılı olmayaraq, gələcək genefondumuzun məhvinə çalışan insanların, bu ticarətçilərin qarşısı birmənalı şəkildə alınır. Həmin o tutulanların içində özünü narkobaron, böyük ticarətçi sayanlar da var. Lakin bunlara baxmayaraq, hamı qanun qarşısında cavabdehdir. Və onların işində ciddi titulu olan elə bir şəxs yoxdur.        

- Bəzən belə fikrlər də səsləndirilir ki, narkotik yalnız İrandan gətirilmir, həm də ölkə daxilində becərilir. Əlbəttə, söhbət heç də ermənilərin Qarabağda saldıqları narkoplantasiyalardan getmir. Yəqin ki, onlar həmin torpaqlar alınandan sonra tam məhv edilib...

- Ümumiyyətlə, işğal altında olan ərazilərdə (bu BMT-nin də hesabatında var) narkolaboratoriyalar da  mövcud idi. Hətta İrandan, Əfqanıstandan təbii şəraitə uyğun olaraq müxtəlif mütəxəssislər gətirmişdilər. Belə plantasiyalar var idi. Bunlar bü gün məhv edilir. Yerə qalanı da məhv edilə-edilə, demək olar ki, bitir. Yəni bizim dövlətimizin sərhəddindən girən əsas narkotik birmənalı şəkildə İran tərəfdən gəlir. Məlumdur ki, Əfqanıstandan da gələndə burada - Azərbaycanda elə bir ciddi istehsal prosesi getmir. Təbii ki, kimsə dibçəkdə yetişdirə, kimsə nəsə edə bilər. Bu, ola bilər.

- Ümumiyyətlə, həm xaricdən gətirilən, həm ölkə daxilində yetişdirilən narkotiklər və bunun da sayəsində qarşısı alına bilməyən narkoticarət içəridəki “gizli əl”, yaxud yüksək səviyyəli himayədar olmadan mövcud ola bilərmi? Bu müəmmanı necə aça bilərik?

- Narkotik qaçaqmalçılığı ilə məşğul olan qruplaşmalar narkotikin daşınması üçün çox variantlara əl atırlar. Hətta öz adamlarını bir ölkədən o biri ölkəyə cərrahi əməliyyata göndərirlər. Əməliyyat edib, həmin adamın mədəsinə, bağırsağına narkotik doldurub geri qaytarırlar. Təyinat ölkəsində həmin adam yenidən əməliyyat olunur, ondan narkotik çıxarılır. Yəni ağlasığmaz üsullara əl atırlar. Maye heroin də ola bilər, distillə edilmiş su ilə heroin tozunu qatırlar, bu, inyeksiya üçün hazır məhsuldur. Birmənalı şəkildə çox ciddi problemdir. Qeyd etdiyim kimi, burada hansısa himayədarın varlığı mövcud ola bilməz. Mümkün deyil ki, kimsə bunu himayə etsin, bu, alınan məsələ deyil. Bu, o qədər spesifik bir alverdir ki, burada zəncir qırılsa, mütləq şəkildə kimsə kiminsə arxasından çıxacaq. Ona görə də, onlar hətta çalışır ki, kuryer malı verəni, malı alan malı topdan satanı, malı topdan satan malı pərakəndə satanı tanımasın. Ona görə də bunlar ümumi boş söhbətlərdir ki, hansısa “gizli əl” və yaxud kimlərsə bunu idarə edir.

- Sizcə, narkomaniyaya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə əlaqədar növbəti 5 illik planda nə kimi yeniliklər edilməlidir, daha çox hansı məsələlər öz əksini tapmalıdır?

- Narkotikin qanunsuz dövriyyəsi ilə əlaqədar müvafiq dövlət komissiyası var. Bu komissiya narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparan qurumların işinin koordinasiyası ilə məşğuldur. Bu, dövlət, hökumət səviyyəsində olan işlərdir. İl ərzində dəfələrlə toplaşıb narkotikə qarşı situasiyanı müzakirə edir, görüləcək işlərə dair tədbirlər müəyyən edirlər. Bundan sonra öz tapşırıqlarını verir, hansı qurumun nə işlə məşğul olacağını və gələcəkdə hansı istiqamətdə işlər aparılacağını koordinasiya edirlər.

Azərbaycan Mərkəzi Asiya Narkotiklərlə Mübarizə Koordinasiya Mərkəzinin üzvüdür. Bizim hüquq mühafizə orqanlarının, digər bir sıra qurumların əməkdaşları orada təmsil olunurlar. Onların nümayəndələri də bu mübarizədə iştirak edirlər. Çox ciddi nəticələr əldə edirlər. Yeniliklərin edilməsi, əldə olunan məlumatlarla bağlı koordinasiyalı şəkildə öz fikirlərini bildirirlər. Qeyd etmək istəyirəm ki, narkoitklərlə mübarizə yalnız hüquq mühafizə orqanlarının işi deyil. Bu, bəşəri bir bəladır. Digər ölkələrlə müqayisədə Azərbaycanda bu sahədə doğrudan da irəliləyiş var. Təbii ki, nəzarət də günbəgün güclənir. Baş verən hadisələr də bunu göstərir.

- İstər ekspertlər, istər də rəsmi qurumlar narkomaniyaya və narkotik ticarətinə qarşı mübarizədə cəmiyyəti də fəal olmağa çağırırlar. Sizcə, vətəndaşları bu prosesə necə cəlb etmək olar?

- Ümumiyyətlə bunu qeyd etmək istəyirəm ki, 4 cür narkotik istifadəçisi var: nadir hallarda istifadə edənlər; ara-sıra istifadə edənlər; daimi aludəçilər -əsasən cavanlar;  4-cü qrup - xəstələr. Ən ağır kontingent üçüncüdür. Həmin şəxslərlə ciddi mübarizə aparmaq lazımdır ki, el dilində deyildiyi kimi, onlara gələn “mal”ın qabağı alınsın. Ola bilsin, kimsə evdə dibçəkdə narkotik becərib çəkirsə, onu müəyyən etmək asan deyil. Amma get-gedə onun dozasının artması böyük bəlalara gətirib çıxara bilər. Müəyyən testlər keçirmək lazımdır, gənclərlə, məktəblilərlə təmasda olan digər şəxslərlə mütəmadi olaraq bu prosesləri aydınlaşdırmaq və bunlarla mübarizə aparmaq lazımdır. Yəni dövlət, komissiya, hüquq-mühafizə orqanları tərəfindən bu mübarizə gedir. Lakin bizim vətəndaşları da ayıq-sayıq olmalı, hər bir qanunsuz dövriyyənin nə fəsadlar verə biləcəyini başa düşməlidirlər. Hər bir valideyn də mütləq fikir verməlidir ki, onu övladının xarici görünüşündə, hərəkətlərində müəyyən dəyişikliklər var?! Eyni zamanda, onlarla fikir mübadiləsi aparmaq, qəflətən depressiyaya düşmələri, fikirlərinin başqa istiqamətə yönəlməsi - bunlara mütləq fikri verməli və dərhal bununla ciddi məşğul olmalıdırlar. Və hər bir azərbaycanlı başa düşməlidir ki, bir dəfə istifadə etsə belə, artıq birinci dəfədən o təsirə, asılılığa  düşə bilər.

Məlumdur ki, narkotik vasitələr eyni zamanda sağlamlığa, sosial məsələlərə, hüquqi və digər tərəflərdən ciddi təsirlərə gətirib çıxarır - yaxınlarını itirmək və s. Narkotik istifadə edən şəxs öz həyatını belə qiymətləndirmir ki, həyat insana bir dəfə verilir.

Dəfələrlə qeyd edilib ki, narkomanları əsgərliyə  ümumiyyətlə buraxmaq olmaz. Onlar mütləq şəkildə müalicə olunmalıdırlar. Son vaxtlar qəbul olunmuş qanunlarımız da artıq işləyir. Əsgərliyə gedənlər istər zabit, istər müddətdən artıq hərbi qulluq etmiş hərbçilər mütləq şəkildə narkotestlərdən keçməlidirlər. Bunun keçirilməsi labüddür ki, orduda narkomaniya yayılmasın. Əgər yaxın insanlarda asılılıq varsa, bu, tək onun özünə aid deyil, həm də onun ətrafını düşündürməlidir. Yəni əgər doğrudan da hiss etmək istəyirsinizsə ki, qarşındakı narkomandır, o, tez-tez yalan danışır, tez-tez evdən qaçır, onun xarakteri dəyişilib, pis yatmağa başlayıb, qəflətən iştahı çoxalıb, gözləri böyüyüb, isti havada qolu uzun geyinməyə başlayıb, əvvəllər sizin onda görmədiyiniz müəyyən proseslər baş verir, o, keçmişdə nə ilə məşğul olurdusa, indi bunlar onu maraqlandırmır, indi özü üçün digər məsələlər tapıb, müxtəlif jarqonlarda danışır, müxtəlif sözlər istifadə edir -bunlar hamısı müəyyən simptomlardır, hiss olunur ki, bu uşaqda, yeniyetmədə müəyyən dəyişikliklər baş verib. Ona görə də, düşünürəm ki, bukletlərin buraxılması, QHT-lərin fəaliyyəti, təbliğat-təşviqat işi ən yüksək səviyyədə olmalıdır. Və müalicədən qorxmamaq, nəyin bahasına olursa olsun, iradəli olub bunun qarşısını almaq lazımdır. Yəni, böyüklərdən çox şey asılıdır ki, övladları narkoman olmasın. Və düşünürəm ki, siz demişkən, cəmiyyət bu işdə doğrudan da fəal olmalıdır. Vətəndaşlar da bu işdə daimi iştirakçı olmalıdır.

Asya ŞÜKÜROVA

Stopnarkotik.az