Azərbaycana daxil olan narkotikin həcmi azalıb, yoxsa daha da artıb? - II YAZI

Birinci yazı ilə bu linkdə tanış ola bilərsiniz: (Dövriyyədən çıxarılan narkotikin həcmi azalıb, bəs ölkəyə daxil olan?)

2023-cü və 2024-cü illərin ilk rübünü statistik rəqəmlər əsasında müqayisə etdikdə, müsadirə olunan narkotikin həcmində azalma müşahidə olunur. İlk baxışdan belə düşünmək olar ki, narkotik vasitələrin ölkəyə daxil olmasında azalma var. Lakin aparılan araşdırmalara əsasən deyə bilərik ki, dövriyyədən çıxarılan narkotiklərin həcmindəki azalma heç də ölkəmizə axının azaldığı anlamına gəlməməlidir. Əksinə, “qara bazar”da realizasiya olunan narkotikin kütləsinin artdığını deyə bilərik. Nəyə əsasən bu qənaətdəyik?

Təbii ki, bu sualın cavabı da Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının hesabatında əks olunur. Söhbət ondan gedir ki, ölkəyə daxil olan narkotik vasitələrlə müxtəlif əməliyyatlar zaman aşkar olunanlar arasındakı “uçurum” getdikcə böyüyür. Üstəlik, Azərbaycanda narkomanların sayında da gündəgün artım olduğunu nəzərə alsaq, deməli, “qara bazarda” bizim düşündüyümüzdən daha çox narkotik realizə olunur.

Fikrimizi bir qədər də aydınlaşdırmaq üçün narkomanların sayı ilə bağlı statistik rəqəmlərə də diqqət edək. Statistikaya əsasən, bu gün ölkəmizdə təxminən 35 600 narkoman qeydiyyatdadır. Lakin əksər ekspertlər bu fikirdədir ki, adətən belə məsələlərdə rəsmi statistik rəqəmlər real nəticələrdən 7-10 dəfə az olur. Bu isə, əslində, onların sayının daha çox olmasını göstərir. Hansı ki, bəzi ekspertlər bu rəqəmin 300 min nəfərə yaxın olduğunu da iddia edirlər. Şübhəsiz, belə bir vəziyyətdə “istehlak olunan” narkotikin həcmi də ən azı 7-10 dəfə artıq olacaq. Deməli, nə qədər ki, ölkədə narkomanların real sayında azalma yoxdur, əksinə artım müşahid olunur, narkotik vasitələrin Azərbaycana daxil olmasındakı “azalma”dan danışmaq mümkün deyil.

**

Ölkəmizdə bəzi narkotik vasitələrin istifadəsi leqallaşdırıla bilər?  

Digər məsələ budur ki, bəzən narkotikin leqallaşdırıla bilməsi ehtimalı barədə fikirlər səsləndirilir. Hər kəs qəbul edər ki, inkişaf səviyyəsinə görə Avropa dövlətləri post-sovet məkanı ölkələrindən daha irəlidədir. Elə narkotikin leqal əlçatanlığı məsələsi barədə də bunu deyə bilərik. Vaxtilə narkotikə daha sakit yanaşan və qanunlarla bu məsələləri daha geniş çərçivədə tənzimləyən Avropa ölkələrindəki ekspertlər artıq əks istiqamətdə qanunların qəbul olunması tərəfdarı kimi çıxış etməyə başlayıblar. Məsələn, narkotik aludəçisinə steril iynə hüququ tanıyan Portuqaliyada narkomanların sərgərdan şəkildə məktəblərin ətraflarına toplaşmasından narahatçılıq və narazılıq ifadə olunur. Bu yaxınlarda isə İspaniyada narkotik alverçilərinin Milli Qvardiya hərbçilərinə hücum edəcək qədər gücləndiyi və “qırmızı xətti” artıq keçdiyi barədə həyəcan siqnalı verildi. Bu səbəbdən, İspaniyada qeyri-qanuni narkotik ticarətinə qarşı qanunun sərtləşdirilməsinə çağırışlar edilir. Qonşu Gürücstanda da narkotik ticarətinə qarşı mübarizənin sərtləşdirilməsi təklif edilir. Lakin bu məsələdə həmin yolu keçmiş ölkələrin təcrübəsinə baxmaq faydalı olar.

**

Biz də eyni zərərli yoldan getməməli, xarici təcrübədən ibrət götürməliyik. Narkotiki leqallaşdırmaq, yaxud yeni qanun-qaydalar işlənib hazırlanmasında insan xisləti nəzərə alınmalıdır. İnsanların pis vərdişlərə qurşanmasında onlara hüquq tanımaq, buna sakit yanaşmaq, qəbullanmaq, şans vermək, onların uçuruma yuvarlanmasına sakit yanaşmaq baş verənləri qəbul etmək anlamına gəlir. Bu isə gələcəyimizin, dövlətçiliyimizin təməlinə yavaş-yavaş təsir göstərən “bomba” deməkdir. Odur ki, nəinki narkotiki leqallaşdırmaq, əksinə mübarizəni bir qədər də sürətləndirməliyik.

Asya ŞÜKÜROVA

Stopnarkotik.az