Narkotiklərlə bağlı qanunvericilikdə mövcud olan boşluqlar ölkədə qeydiyyatın və onların təhlilinin aparılmasına əngəllər yaradır
Kimsəyə sirr deyil ki, Аzərbаycаn trаnzit ölkədir və nаrkоtiklərin Аsiyаdаn Аvrоpаyа və Rusiyаyа nəqli mаrşrutundа yеrləşir. Ölkəmizdə istifаdə еdilən nаrkоtiklərin çохu хаricdən, əsasən də İrandan gəlir. Çünki Аzərbаycаndа nаrkоtiklərin bеcərilməsi və istеhsаlı məhduddur. Buna baxmayaraq, hətta dünyanın inkişaf etmiş ölkələrində də son vaxtlar orta məktəblərdə belə, narkotik aludəçisi olan gənclərin sayının çoxalması ölkəmizdə də bu problemin təhlükəsindən xəbər verir. Onların arasında qızların da olması, daha doğrusu, çoxalması bu bəlanın inkişaf səviyyəsini göz önünə sərir. Əgər işsiz, məşğuliyyətsiz, normal həyat şəraiti sürməyən bəzi insanlar problemlərin qarşısında aciz qalıb tüfeyli həyata meyllənərək narkotikə qurşanırlarsa, bəzi imkanlı ailələrin övladları isə əyləncə növü olaraq narkotik maddələrdən istifadə edərək narkomaniyaya düçar olurlar. İstənilən halda narkomaniyanın inkişafı gənc nəslə dəyən böyük zərbədir.
Rəsmi statistikaya əsasən, bu gün ölkədə təxminən 35600 narkoman qeydiyyatdadır. Lakin adətən belə məsələlərdə rəsmi statistik rəqəmlər real nəticələrdən 7-10 dəfə az olur. Bu isə, əslində, onların sayının daha çox olmasını göstərir.
Məncə, bu gün Azərbaycanda hər hansı formada narkomaniyaya qoşulan insanların sayı təxminən 300 mini ötür. Rəqəmlər arasındakı belə uyğunsuzluq isə bəzi narkotik istifadəçilərinin rəsmi qeydiyyatdan yayınmaları ilə bağlıdır. Buna səbəb isə Azərbaycanda bu sahədə mövcud olan statistik məlumatların qeydiyyatı sistemində çatışmazlıqların olmasıdır. Bu uyğunsuzluq səhiyyə sistemində narkotiklərlə bağlı göstəricilərin statistik qeydiyyatının, təhlilinin və şərhinin verilməsi ilə bağlıdır. Qeydiyyat sistemində olan bəzi çatışmazlıqların nəticəsində dünya standardlarına uyğun təhlil və müqayisələr aparmaq mümkün olmur.
Bildiyimə görə, Səhiyyə Nazirliyi qeydiyyata götürdüyü xəstələrin, o cümlədən narkomanların statistikasını cəmi üç yaş kateqoriyası üzrə təqdim edir: 18 yaşa qədər, 19-35 yaş arasında və 35 yaşdan yuxarı. Əslində, bu sahə üzrə məlumatları digər ölkələr üzrə məlumatlarla müqayisə etmək üçün yaş şkalası beş il intervalı ilə qurulmuşdur. Yəni 20-25 yaş, 26-30 yaş, 31-35 yaş və s. Fikrimcə, bu gün ölkədə belə qeydiyyat sisteminin olmaması epidemioloji xarakter daşıyan xüsusi tədqiqatların keçirilməsini çətinləşdirir.
Səhiyyə qeydiyyatı sistemində mövcud olan digər mühüm çatışmazlıq xəstələrin qeydiyyatında vahid sistemin olmamasıdır. Xəstələrin qeydiyyatı əvvəl mexaniki üsulla aparılırdı (hazırda elektonlaşmalı idi). Xəstələri qeydiyyata götürəndə xüsusi blank forması doldurulurdu. Formada xəstə haqqında şəxsi məlumat, xəstəlik haqqında məlumat (diaqnoz) və təyin olunan müalicə haqqında məlumat olur. Müalicə müəssisələrində qeydiyyata alınmış xəstələr haqqında məlumat Respublika Narkoloji Dispanserinə, sonra isə Səhiyyə Nazirliyinin statistika şöbəsinə ötürülür. Respublika Narkoloji Dispanserinə vaxtaşırı ötürülən ümumi məlumatlar statistik xarakter daşıyır. Müalicə kartlarında olan məlumatlar isə Respublika Narkoloji Dispanserinə gecikdirmələrlə ötürüldüyü üçün və onların təhlili çox vaxt mexaniki üsulla aparıldığından ayrı-ayrı xəstələr haqqında məlumatın təhlili gecikir. Məsələn, eyni xəstə bir il ərzində Bakıda və Azərbaycanın digər bölgəsində müalicə alırsa, o, iki dəfə qeydiyyata götürülmüş olur. Bu xəstə haqqında təsnifatlı məlumat Respublika Narkoloji Dispanserinə gəlincə, müalicə alan xəstənin eyni adam olduğu müəyyənləşincə, statistik məlumatlarda mexaniki səhvlər yaranır. Fikrimcə, qeydiyyatla bağlı çatışmazlıq yalnız səhiyyə sistemində deyil, hüquq-mühafizə orqanları tərəfindən aparılan müvafiq qeydiyyat sistemində də özünəməxsus formada mövcuddur.
Səhiyyə sistemində olduğu kimi, bildiyim qədər narkotiklərlə bağlı törədilən cinayətlər və məsuliyyətə cəlb olunan şəxslərin də qeydiyyatı cəmi üç yaş qrupuna bölünərək aparılır. Daxili İşlər Nazirliyinin və Dövlət Komissiyasının İşçi Qrupunun statistik məlumatlarında tətbiq olunan göstəricilər natamamdır. Hər iki qurum məhsuliyyətə cəlb olunan şəxslərin məşğuliyyət xüsusiyyətlərinə aid statistik şkalada cəmi üç qrupu qeyd edir: qulluqçular, fəhlələr və işsizlər. Bu, natamam qeydiyyat şkalasıdır. Çünki, məncə, burada muzdlu işçilər, mövsümi işlə təmin olunanlar, kənd təsərrüfatı, sahibkarlıq və s. sahələrdə işləyən qrupda bölgü yoxdur. Eyni zamanda, Daxili Işlər Nazirliyinin və Dövlət Komissiyasının İşçi Qrupunun təqdim etdiyi məlumatlar arasında cinayət məsuliyyətinə cəlb olunanların ailə vəziyyəti və maddi durumu ilə bağlı məlumatlar əksini tapmır.
Məsuliyyətə cəlb olunan narkomanların hansı mühitdə, şəraitdə, hansı müddət ərzində bu işlə məşğul olmaları və s. məqamlarla bağlı göstəricilər hesabatlarda əks olunmur. Bu da göstəricilərin müqayisəli təhlilini aparmağa və hazırkı durum haqda tam təsəvvür yaratmağa imkan vermir.
Rəsmi mənbələrdən belə məlumatlar alınmadıqda epidemioloji təhlilləri yalnız xüsusi sorğuların və ya QHT lərin işinin nəticələrinə əsasən aparmaq olur.
Mənim bir işim də gənclər arasında narkotik maddələrə tələbatın azaldılmasıdır. Bu məsələ təbii ki, bütün cəmiyyətin fəaliyyətinə daxil olmalıdır. Məktəblərdə şagirdlər, müəllim və valideynlər arasında birbaşa təlim kurslarının keçirilməsi, narkomanlığın ilkin simptomları, ilkin araşdırılması, narkotik maddələrin sui-istifadəsi ilə bağlı olan davranış halları üzrə ciddi iş aparılmalıdır. Bəzilərinin mühit təsiri altında hərdənbir narkotikin dadına baxan gənclərin üzə çıxması, profilaktik tədbirlərin aparılması, erkən müdaxilənin olunması çox mühümdür. Belə yeniyetmə və gənclərə qarşı psixoloji, lazım gəlsə, tibbi tədbirlər görülməlidir. Lakin reabilitasiya proqramları, onların dünyagörüşünə təsir edən tədbirlər bu gün təəssüf ki, yoxdur və ya maliyyə və səriştəsizlik problemi var. Bunu həm maddi-texniki şəraitin, həm əmək haqqının, həm də kadrların azlığı ilə izah edirəm.
Narkotikdən asılılığın hansı fəsadlar yarada bildiyinə gəlincə isə, bildirim ki, narkotiklərdən istifadə pərakəndə cinsi əlaqələrə və cinsi xəstəliklərin yayılmasına da xidmət edir. Bundan başqa, damardaxili, yəni inyeksion narkotik istifadə edən şəxslər arasında ölümlə və ölümcül xəstəlikləri yaymaqla nəticələnən immune çatışmazlığı virusu QIÇS (SPID), Hepatitlər və digər xəstəliklər yayılır. Bu haqda da FB səhifəmdə yazı və çıxışlarım var.
Emil MAQALOV,
Narkoekspert, Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri