Dövriyyədən çıxarılan narkotikin həcmi azalıb, bəs ölkəyə daxil olan? – ARAŞDIRMA

Tarixin müxtəlif dönəmlərində bəşəriyyət müxtəlif epidemiyalardan əziyyət çəkib. Müasir dövrün ən təhlükəli “epidemiya”sı isə narkomaniyadır. Təəssüflə qeyd etməliyik ki, ölkəmiz də bu qlobal bəladan kənarda qala bilməyib. Azərbaycanda narkomaniya və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə mübarizə dövlət səviyyəsində getsə də, nəticələri qənaətbəxş hesab edə bilmərik. Çünki nə qanunsuz dövriyyədə, nə də istifadəçilərin sayında azalma müşahidə olunmur, əksinə, proses neqativ tendensiya ilə gedir. Bunu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının hesabatında əks olunan rəqəmlər də sübut edir.

Təxminən, bir il əvvəl qayəsi cəmiyyətimizdəki bu bəlanın kökünü, çözüm yollarını araşdırmaq olan Stopnarkotik.az media resursu fəaliyyətə başladı. Fəaliyyəti dönəmində çoxsaylı ekspertlər, psixoloqlar, reabilitasiya mərkəzlərində çalışan mütəxəssislər, millət vəkilləri, narkoloq həkimlərlə edilən müsahibələr və araşdırmalarla problemə işıq tutmağa çalışdıq. Hesab edirik ki, bununla dövlətimizin gələcəyi hesab olunan gənclərimizin narkomaniyadan uzaq durmasına, ümumilikdə isə problemin həllinə müəyyən qədər də olsa töhfə verməkdəyik. İndi isə problemin həllinə bir qədər yaxından nəzər salaq.

Müsahibələr əsnasında rəyini soruşduğumuz ekspertlərin şərhlərindən bu qənaətə gələ bilərik ki, narkotik aludəçiliyinin əsasında “asılılıq xəstəliyi” durur. Bunu narkotik aludəçilərilə müntəzəm müalicə prosesində iştirak edən və onların uzunmüddətli narkotik qəbulu nəticəsində yaranmış davranış pozuntularını müşahidə edən narkoloq-həkimlər və psixiatrların analizləri ortaya çıxarır. Həmçinin, psixoloqların və sosioloqların araşdırması da onu deməyə əsas verir ki, uşaqlıqdan formalaşmış travmalar asılılığı yaradan səbəblər sırasında çıxş edir. Buna ailələrin pedaqoji və tərbiyə üsullarını tam mənimsəməməsi, faktiki olaraq uşaqları düzgün tərbiyə etmək yollarını bilməmələri də təsir edir. Buraya təlim-tərbiyə missiyasını itirmiş təhsil sisteminin vətəndaş və insan yetişdirilməsində öz rolunu oynaya bilməməsini də əlavə etməliyik.

Sözsüz ki, ailədən aldığı travmalar və qeyri-pedaqoji üsullarla tərbiyə edilə bilməyən uşaqların öncə açıq internet məkanında qeyri-etik məsələlərlə qarşılaşması, yeniyetməlik dövründə isə sosial şəbəkələrin neqativ təsiri altına düşməsi də burada öz sözünü deyir. Əlavə olaraq məktəblərdə mənəvi dəyərlərin aşılanması prosesi də zəif gedir. Çünki sovet dönəmindən fərqli olaraq məktəb uşaqların ideoloji qida aldığı bir məkan yox, yalnız müəyyən elmi bilgiləri əldə etdiyi bir məkana çevrilib. Təsadüfi deyil ki, məktəblərimizdə zaman-zaman şagirdlərin bir-birinə qarşı zorakı davranışlarına, hətta onların bu və ya digər səbəbdən intiharına da rast gəlinib. Səbəb gənc nəslin ideoloji boşluğa düşməsi və hədəfsiz, idealsız fərdlərə çevrilməsidir. Millət vəkillərindən birinin təbirincə desək, indi uşaqlar mənəvi-ideoloji boşluğa düşür: “Hədəf yoxdursa, səni gələcəyə səsləyən ülvi məqsədin, amalın yoxdursa, həyatın və yaşamın anlamı da olmur. Həyatı anlamsız zaman məsafəsinə çevrilən gənclər yaşam mənasını onu ilğım kimi uzaqda naməlum, tanış olmadıqları həzzdə tapır”.

Əlbəttə, burada valideynlərlə qopmuş ünsiyyətin, valideyn nəzarətsizliyini, laqeydliyini, “mənim övladım etməz” əminliyinin də rolunu qeyd etmək yerinə düşər. Statistikada da insanların narkoitk aludəçiliyinə qurşanma dövrünün əsasən yeniyetməlik çağlarından başladığı əks olunur. Təssüfedici haldır ki, cəmiyyətdə dəyərlərin aşınması sayəsində əxlaq və etika normalarının yerini kriminal meyllər doldurmağa başlayır. Narkotik alverçiləri üçün əlverişli şikar halına gələn yeniyetmələr onların qurbanına çevrilir.

Məlum olduğu kimi, ölkəmizə narkotik əsasən İrandan daxil olur. Gənc nəsli ağ zəhərin qurbanına çevirən narkoticarət birbaşa əhalimizin genosidi deməkdir ki, bu da dövlətimizin gələcək mövcudluğuna təhlükə vəd edir. Sual oluna bilər ki, ölkənin hüquq mühafizə orqanlarının var gücü ilə narkotik ticarətinə qarşı mübarizə apardığı bir şəraitdə gənclərimizi belə rahatlıqla narkotik aludəçisinə çevirən bir sistem buna necə nail olur? Onun üçün kölgədə gizlənmək necə mümkün olur? İldən-ilə artan narkotik müsadirəsinə baxmayaraq, qeyri-qanuni narkotik dövriyyəsi necə ayaqda qalır? Külli miqdarda narkotik müsadirə oluna bilirsə, bəs “qara bazar”da dövr edən narkotik müsadirədən necə yayınır? Müsadirə olunan narkotik sərhədlərdən keçəndə aşkarlanırsa, “qara bazar”da dövr edən narkotik hansı şəraitdə, hansı səbəbdən sərhəddə ələ keçməkdən qurtula bilir və öz alıcısına çatır? Onların müsadirə olunub dövriyyədən çıxarılmasına nə mane olur?

Əlbəttə, bütün bunlarla bağlı sualları saymaqla bitməz. Odur ki, bu konteksdə statistik göstəricilərə müraciət etmək daha doğru olar. Məsələn, 2023-cü ilin statistik göstəricilərinə görə, yanvar-aprel ayları ərzində qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 3 ton 112 kq 209 qram narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 209 kq 253 qramı heroin, 1 ton 590 kq 303 qramı marixuana, 128 kq 867 qramı tiryək, 43 kq 155 qramı həşiş, 139 kq 297 qramı psixotrop maddələr, 1 kq 332 qramını digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin, göstərilən dövr ərzində 19 838 ədəd metadon həbi, 1097 ədəd çətənə bitkisi, eləcə də 617 qram, 2321 ədəd kapsul və 953 ədəd həb güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülmüşdür.

2024-cü ilin yanvar-aprel ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri isə belədir: Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 2 ton 262 kq 740 qram narkotik vasitələrin və psixotrop maddələrin 336 kq 272 qramı heroin, 1 ton 725 kq 753 qramı marixuana, 60 kq 267 qramı tiryək, 26 kq 557 qramı həşiş, 105 kq 521 qramı psixotrop maddələr, 8 kq 368 qramı digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin, göstərilən dövr ərzində 9190 ədəd metadon həbi, 138 ədəd çətənə kolu və 236 qram güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülmüşdür.

Yeri gəlmişkən, 2024-cü ilin təkcə yanvar-aprel ayları ərzində qanunsuz dövriyyədən çıxarılmış 2 ton 262 kq 740 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumi dəyəri 64 milyon 844.000 min AZN kimi qiymətləndirilir.

Son açıqlanan rəqəmlərə görə isə, 2024-cü ilin yanvar-may aylarının statistik göstəriciləri belədir: Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 2 ton 828 kq 028 qram narkotik vasitələrin və psixotrop maddələrin 366 kq 854 qramı heroin, 2 ton 233 kq 579 qramı marixuana, 80 kq 405 qramı tiryək, 27 kq 561 qramı həşiş, 111 kq 149 qramı psixotrop maddələr, 8 kq 478 qramını digər narkotik vasitələr təşkil edib. Həmçinin, göstərilən dövr ərzində 9190 ədəd metadon həbi, 3654 ədəd çətənə kolu və 318 qram güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb.

2024-cü ilin ötən ayınadək qanunsuz dövriyyədən çıxarılan 2 ton 828 kq 028 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri isə 79 milyon 400 min manat kimi qiymətləndirilir.

Statistik rəqəmlər əsasında 2023-cü və 2024-cü illərin ilk rübünü müqayisə etdikdə, müsadirə olunan narkotikin həcmində azalma müşahidə olunur. İlk baxışdan belə düşünmək olar ki, narkotik vasitələrin ölkəyə daxil olmasında azalma var. Lakin aparılan araşdırmalara əsasən deyə bilərik ki, dövriyyədən çıxarılan narkotiklərin həcmindəki azalma heç də ölkəmizə axının azaldığı anlamına gəlməməlidir. Əksinə, “qara bazar”da realizasiya olunan narkotikin kütləsinin artdığını deyə bilərik.

Nəyə əsasən bu qənaətdəyik? Bu haqda növbəti yazımızda daha ətraflı məlumat verəcəyik. Bizi izləyin.

Asya ŞÜKÜROVA

Stopanrkotik.az