Ali Məhkəmə insan alverində təqsirləndirilən qadınla bağlı qərar verdi

Ali Məhkəmədə Bakıda insan alverində təqsirləndirilən E.Məmmədovanın barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Məmmədova 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin onun himayəsində 5 yaşlı övladı olduğu üçün hökmün icrası təxirə salınıb. E.Məmmədovanın övladının 14 yaşı tamam olduqda hökmün icrasına yenidən baxılacaq.

Qeyd: E.Məmmədova 2022-ci ilin mayında Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

İttiham aktına görə, o, öz qurbanlarını 2020-ci ilə qədər Türkiyənin Aydın şəhərinə aparıb. Burada onlara işləyəcəkləri ilə bağlı söz versə də, sonradan kişilərlə cinsi münasibət qurmağa vadar edib. Zərərçəkmiş 4 qızın hər biri Bakı şəhərində yaşayıblar.

E.Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsi ilə ittiham elan olunub./pravda.az