ABŞ Kanada, Çin və Meksikadan idxal edilən mallara rüsum tətbiq edəcək - YENİLƏNİB

ABŞ prezidenti Donald Tramp Kanada, Çin və Meksikadan idxal edilən mallara gömrük rüsumlarının tətbiq edilməsi haqqında fərman imzalayıb.

Bu barədə CNN məlumat yayıb.

Fərmana əsasən Kanada və Meksikadan idxal olunan mallara 25%, Çindən gətirilən mallara isə 10% rüsum tətbiq ediləcək. Sənəd imzalanan gündən qüvvəyə minir. Digər tərəfdən benzin və soba yanacağının qiymətlərində artım ehtimalını minimuma endirmək üçün Kanadadan enerji idxalına tariflər 10 faiz azaldılıb.

ABŞ prezidenti Donald Tramp qeyri-qanuni mühacirlərin və narkotiklərin yaratdığı ciddi təhlükə səbəbindən Kanada, Çin və Meksikadan gələn mallara rüsum tətbiq etmək qərarına gəldiyini bildirib:

"Bu, qeyri-qanuni mühacirlərin ciddi təhlükəsi və fentanil də daxil olmaqla vətəndaşlarımızı öldürən ölümcül narkotiklər səbəbindən edildi. Biz amerikalıları qorumalıyıq və hamımızın təhlükəsizliyini təmin etmək mənim prezident kimi mənim məsuliyyətimdir”, - deyə Tramp əlavə edib.

02:14

ABŞ fevralın 4-dən bütün Kanada mallarına 25 faizlik rüsum tətbiq edəcək.

“Report” xəbər verir ki, bu barədə Kanada hökumətindəki mənbəyə istinadən CBC telekanalı məlumat yayıb.

Qeyd olunub ki, rüsumlar ABŞ prezidenti Donald Tramp Kanadanın fentanil narkotikinin ölkəyə axınını dayandırmaq üçün lazım olan hər şeyi etdiyinə əmin olana qədər qüvvədə qalacaq.

Xatırladaq ki, ABŞ, Meksika və Kanada birgə azad ticarət zonasının yaradılmasını nəzərdə tutan üçtərəfli sazişə imza atıblar.