Dövlətə 1, 6 milyon manat dəyərində zərər vurmaqda təqsirləndirilən Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının keçmiş baş həkimi Rauf İsfəndiyarovun cinayət işi üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə ittiham aktını elan edilib.
İttiham aktında qeyd olunub ki, Rauf İsfəndiyarov Laçın rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində işləyərkən 2016-cı ilin iyul ayından başlayaraq 2017-ci ilin may ayınadək olan müddətə öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş 2 min 170 manat məbləğində pul vəsaitini israf etmə yolu ilə talayıb.
Bundan başqa, Rauf İsfəndiyarov Bakıdakı 21 nömrəli Birləşmiş şəhər Xəstəxanasının baş həkimi vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə edərək aldatma ve etibardan sui-istifadə etmə yolu ilə müğənni Dəniz Əsədovaya məxsus 260 min manat və 59 min 500 manat məbləğində pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirib.
İstintaqla müəyyən edilib, eyni zamanda, təqsirləndirilən şəxs qulluq mövqeyindən istifadə edərək 136 adda şəxsə əlillik dərəcəsinin təyin edilməsinə və pensiya teminatı, sosial müavinət və qulluğa görə ödəniş qismində onların hesablarına kömək edəcəyi vədi verərək ümumilikdə 1 milyon 600 manat məbləğində pul vəsaiti mənimsəyib. R.İsfəndiyarov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək tamah niyyətilə rəsmi sənədə və informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, müəyyən tibb müəssisələrinin vəzifəli şəxslərin vahid tamah niyyətilə rəsmi sənədə və informasiya resursuna bilə-bilə yalan məlumatlarını daxil etməklə vəzifə saxtakarlığı edib.
Təqsirləndirilən şəxs Rauf İsfəndiyarov ona qarşı elan edilən ittiham üzrə özünü təqsirli bilməyib.
Məhkəmə iclası martın 19-na təyin edilib.
Qeyd edək ki, Rauf İsfəndiyarova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla), 179.2.3-cü (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 32.4.308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma), 313, 32.4.313-cü (vəzifə saxtakarlığına təhrik etmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb./apa