Yeniyetmə oğlan tanışını öldürdü, 10 il cəza aldı - Suraxanıdakı qətlin təfərrüatı

Bakıda tanışını qətlə yetirməkdə təqsirli bilinən Anar Səlimovun cinayət işi üzrə təfrrüatlar məlum olub.

Hadisə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində baş verib. 15 yaşlı Anar Səlimov mübahisə zamanı tanışı Nazim Həşimovu bıçaqlayıb. Xəstəxanaya çardırılan yaralı kəskin qanitirmədən dünyasını dəyişib. Anar Səlimov səhərisi gün könüllü bölməyə gələrək, təslim olub.

İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Anar Səlimov bildirib ki, hadisə baş verən gün günorta dostları ilə görüşmək üçün həyətə düşüb. Sonra isə evin qarşısında fəaliyyət göstərən internet kluba gedib. İçəri daxil olduqda Nazim Həşimov ona uca səslə qapını bağlamasını deyib. Sonra isə yanına çağıraraq sifətinə şillə vurub. Anar bir söz demədən klubdab çıxaraq telefonundan qardaşı Rəşada zəng vurub və Nazimin onu vurduğu barədə məlumat verib. 

Rəşad gəlib internet kluba daxil olaraq Nazimi çölə çağırıb. Onlar əlbəyaxa olublar. Lakin klubda olan şəxslər çölə çıxaraq onları ayırıblar. Sonra Rəşad kiçik qardaşı Anarı evə aparıb və mənzildə qalmasını tapşıraraq özü aşağı düşüb. 

Qardaşı gedəndən bir müddət sonra Anar da bıçaq götürərək həyətə düşüb və qardaşını axtarmağa başlayıb. "Çay evi"nin  yanına çatan zaman qardaşının döyüldüyünü görüb. Bu səbəbdən özündən asılı olmayaraq bıçağı çıxarıb qorxutmaq üçün Nazimin qarın nahiyyəsindən vurub.   

Anar Səlimov bildirib ki, cinayət ani olaraq baş verib, əsəbi olduğu üçün Həşimovun hansı nahiyəsinə və neçə zərbə vurduğu yadında qalmayıb. Nazimi vurduqdan sonra qorxduğu üçün dərəyə tərəf qaçıb, əynində gödəkçəsi olmadığı üçün tez evə gəlib və paltarını götürüb, Mərdəkan qəsəbəsində yaşayan xalasının evinə yollanıb. Səhərisi gün isə polis bölməsinə gedərək, təslim olub.

Məhkəmə cinayət işini araşdıraraq nəticəyə gəlib ki, təqsirləndirilən şəxsin ittiham olunduğu CM-nin 120.2.4-cü maddəsi 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif olunmalıdır. İş materiallarına görə, Anar Səlimov cinayət törədərkən yetkinlik yaşına çatmayıb, bu səbəbdən məhkəmə ona cəza təyin edərkən nəzərə alıb ki, elan olunacaq cəzanın müddəti 10 ildən artıq ola bilməz. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. 

Bakı Apellyasiya Məhkəməsi A.Səlimovun şikayətini təmin etməyərək, birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb./olke.az