Yanından yüksək sürətlə keçdi və öldürüldü - Bakıdakı dəhşətli qətlin təfərrüatı / VİDEO

Sabunçu Rayon Polis İdarəsinə rayonun Balaxanı qəsəbəsində qətl törədilməsi barədə əməliyyat məlumatı daxil olub.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları şahidləri dindirərkən məlum olub ki, 35 yaşlı Natiq Məmmədov qəsəbədə kirayədə qalan 28 yaşlı Ülvi Mahmudov tərəfindən qətlə yetirilib. Buna görə faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılır və Ülvi Mahmudov şübhəli şəxs kimi paytaxtın Nəsimi rayonunda saxlanılıb. İstintaq müəyyən edir ki, axşam saat 9 radələrində Ülvi Mahmudov tanışı Camal Yusibovla Balaxanıda yaşadığı evin qarşısında dayanıb söhbət edərkən Natiq Məmmədov avtomobili yüksək sürətlə idarə edərək onların yanından keçib. Bu zaman ona yüksək səslə irad bildirilib. Bunu eşidən Natiq avtomobildən enərək Ülvi Mahmudova yaxınlaşıb. Natiq Məmmədov döş boşluğunda deşilmiş-kəsilmiş yara ilə əlaqədar baş vermiş kəskin qanitirmə səbəbində ölüb. Ülvi Mahmudov Natiqi qətlə yetirdikdən sonra kirayədə qaldığı həyətə daxil olub, hamamda bıçağı yuyaraq kəmərinə keçirib.

Həyətdən çıxarkən isə ev sahibi ondan nə baş verdiyini soruşub. Ülvi isə küçədə səs-küyün olduğunu bildirib. Bundan sonra o, metronun “28 May” stansiyası yaxınlığındakı qardaşının telefon mağazasına gələrkən polislər tərəfindən saxlanılıb. Qətlə yetirilən Natiq Məmmədovun anası Xatirə Qurbanova məhkəmədə ifadəsində bildirib ki, oğlu 2 dəfə ailə həyatı qurub, qəbiristanlıqda baş daşlarını hazırlamaqla məşğul olub. Özü isə 3 saylı Şəhər Klinik Xəstəxanasında tibb bacısı işləyib. Gecə növbəsindən qayıdarkən oğlunun dostu Vüqar ona zəng edərək övladının bıçaqla vurulduğunu bildirib. Oğlunun arxasınca işlədiyi xəstəxanaya gəlib çatanda bilib ki, oğlu Natiq artıq ölüb. Beləliklə Bakı Ağır Cinayətlər Məhkəməsi Ülvi Mahmudovu Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə maddəsi ilə təqsirli bilib və onu 18 il müddətinə azadlıqdan məhrum edib.

İstintaq dövründə o da məlum olub ki, Ülvi Mahmudov Cinayət Məcəlləsinin hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma maddəsi ilə Tərtər Hərbi Məhkəməsinin qərarı ilə 2014-cü ildə 2 il müddətinə azadlıqdan məhrum olunub. Bir il sonra ölkə başçısının “Əfv Sərəncamı” ilə cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik: