Xankəndidə tarixi oyun: "Qarabağ" MOİK-ə qalib gəldi - VİDEO / YENİLƏNİB

Azərbaycan Kubokunun 1/8 final mərhələsinin dekabrın 21-i Xankəndi şəhər stadionunda keçirilən “Qarabağ” - MOİK matçı başa çatıb.

Stopnarkotik.az-ın məlumatına görə, oyun “Qarabağ” komandasının 1:0 hesablı qələbəsi ilə bitib.

Oyunda xeyli qol vəziyyəti yaransa da, yalnız 90+3-cü dəqiqədə “Qarabağ” klubunun futbolçusu  Nəriman Axundzadə qol vurmağa nail olub. 

Bununla da Ağdamın “Qarabağ” komandası Azərbaycan Kubokunun 1/4 finalına vəsiqə qazanıb.

***15:09

Xankəndidə "Qarabağ" və MOİK arasında keçirilən Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyununda ikinci hissə başlayıb.

***14:50

Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qarabağ” və MOİK komandaları arasında keçirilən oyunda ilk hissə başa çatıb.

Stopnarkotik.az xəbər verir ki, Xankəndi şəhər stadionunda keçirilən qarşılaşmada komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.

Ağdam klubunun yarımmüdafiəçisi Riçard Almeyda 39-cu dəqiqədə zədələnərək Patrik Andrade ilə əvəzlənib.

***14:01

“Qarabağ” və MOİK komandaları arasında Xankəndidə keçirilən Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunu başlayıb.

Stopnarkotik.az xəbər verir ki, Xankəndi şəhər stadionundakı qarşılaşma az öncə start götürüb.

Matçı Əli Əliyevin başçılıq etdiyi hakimlər briqadası edir. Bu oyunun qalibi 1/4 finalda “Sabah”la üz-üzə gələcək.

Xankəndidəki görüş işğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra ilk futbol oyunudur.

***09:12

Bu gün Xankəndi şəhərində tarixi oyun keçiriləcək.

Stopnarkotik.az xəbər verir ki, Ağdamın “Qarabağ” komandası Azərbaycan kubokunun 1/8 final mərhələsindəki oyunu adını daşıdığı Qarabağ bölgəsinin mərkəzi şəhərlərindən olan Xankəndidə keçirəcək. “Qarabağ” MOİK-lə üz-üzə gələcək.

Xankəndi stadionunda reallaşacaq qarşılaşma saat 14:00-da başlayacaq. Matçın qalibi 1/4 finalda “Sabah”la qarşılaşacaq. Oyunu yüzlərlə tamaşaçı stadiondan canlı izləyəcək.

Xatırladaq ki, bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində ilk rəsmi oyun olacaq. Son dəfə işğal altında olmuş ərazilərdə oyun 1993-cü ilin may ayında Azərbaycan çempionatında “Qarabağ”la “Turan” (“Turan Tovuz”) arasında olub.

Ağdamın “İmarət” stadionunda keçirilmiş həmin matçda “Qarabağ” 2:1 hesabı ilə qələbə qazanıb. Bu oyundan iki ay sonra Ağdam işğal edilib.