Vəzifəli şəxsi silahla hədələyərək, dörd milyon manat tələb etdi - MƏHKƏMƏ İŞİ

Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovdan hədə-qorxu ilə dörd milyon manatdan çox pul tələb etməkdə ittiham olunan Vahid Xələfovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Stopnarkotik.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror V.Xələfovun hədə-qorxu ilə xüsusilə külli miqdarda tələb etməkdə və xuliqanlıqda təqsirli bilinməsini, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 15 il azadlıqdan məhrum edilməsini tələb edib.

Müttəhimin vəkilinə müdafiə çıxışına hazırlaşmaq üçün vaxt verilib.

Qeyd edək ki, hadisəyə səbəb müttəhimlə zərərçəkmiş arasında əvvəldən yaranan pul mübahisəsi olub.

İttihama əsasən, təqsirləndirilən şəxs H.Xəlilovu təhqir edib, əlində olan dərmansəpən aparatdan silah qismində istifadə edərək avtomobilə zərbələr endirib. Daha sonra o, üzərində olan “MP-654K” markalı pnevmatik tapançanı Xəlilova tuşlayaraq hədə-qorxu ilə 4 165 000 manat pul tələb edib.