"Əvvəlki rəis məni işimdən sürgün etmişdi, Nizami Məmmədov qaytardı" - MN-dəki 143 milyonluq cinayət işi

 

Müdafiə Nazirliyinin mənimsəməyə görə həbs edilmiş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadənin vəsatəti əsasında şahid qismində çağırılan Maliyyə və Büdcə İdarəsinin sabiq şöbə rəisi Rəfael Xələfov dindirilib. İlk olaraq hakim şahidə hüquqlarını izah edib. Belə ki, 143 milyonluq mənimsəmə işində  Rafael Xələfov barəsində olan cinayət işi ayrılaraq ayrıca icraatda davam etdirilir. Yəni başqa işdə təqsirləndirlən şəxs statusunda olsa da şahid qismində bir dəfə ifadə verən Xələfov yenidən sualları cavablandırıb.

Rəşad Mirmehdizadə: Dövlət Təhlükəsizliyi Xidmətində barənizdə aparılan cinayət işi yekunlaşıb məhkəməyə göndərilib?

Rafael Xələfov: Yox, hələ ibtidai istintaq davam edir. 

R. Mirmehdizadə: Bu müddətdə hər hansı bir ödəniş olub?

R. Xələfov: Mən bu suala cavab vermək istəmirəm. 

Bu zaman R.Xələfovun hüquqlarını müdafiə edən vəkili Xəyal Bəşirov Rafael Xələfovun məhkəmədə şahid qismində ifadə verəndən sonra 800 min manat ödəniş etdiyini hakimlərin nəzərinə çatdırıb. 

R. Mirmehdizadə: Təftiş Şöbəsinin zabiti olan Teymur Teymurov məhkəmədə gəlib ifadə verdi ki, sizinlə onun arasında verdiyi məbləğlərdə ziddiyət var. Ümumiyyətlə bunu təsdiq edirsiz?

R. Xələfov: İbtidai istintaqda ilkin verdiyim ifadəmdən başqa digər ifadələrimi təsdiq edirəm. Teymur Teymurovla aramızda heç bir problem olmayıb. 

R. Mirmehdizadə: Maliyyə və Büdcə İdarəsinin yoxlayıcıları həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə təsdiq ediblər ki, onlardan əlavə olaraq böyük məbləğdə pullar almısınız, nə deyə bilərsiz? 

R. Xələfov: Mən bildirirəm ki, ibtidai istintaqda ilkin ifadəmi verən zaman fikirli olmuşam. 

R. Mirmehdizadə: İbtidai istintaqda 1-ci verdiyiniz ifadə həm Nizami Məmmədovun, həm də yoxlayıcıların verdikləri ifadələrlə üst-üstə düşür. Bu barədə nə deyə bilərsiniz?

R. Xələfov: Biz həmin zabitlərlə bir yerdə xidmət etmişik, bu pulları bir yerdə mənimsəmişik, danışmaq istəmirəm. 

R. Mirmehdizadə: Bayram Bayramov, alınan məbləğlə bağlı sizin Xələfovla aranızdakı epizodda çox ziddiyətli məqamlar var. Nə deyə bilərsiniz?

Bayram Bayramov: “N” saylı korpusda 2021-ci ilin təftişi zamanı mən İsmayılın maşınında Həsən Paşayevlə Rafael Xələfova 1 milyon 263 min manat təftiş pulu vermişəm. Ancaq o daha aşağı olan başqa məbləğ aldığını deyir.

R. Xələfov: Mən ətraflı ifadə vermişəm. Boş-boş suallara cavab vermək istəmirəm. Pulu Həsənə verdi, mənə verdi fərqi yoxdur. Umumilikdə Bayram həmin gün 950 min manat pul verib. 

B. Bayramov: Necə 950 min, 313 min manatlıq ziddiyət var verdiyiniz ifadədə?

R. Mirmehdizadə: Cəlal Kazımov, Rafael Xələfovla sizində ifadələriniz arasında verilən məbləğlə bağlı mübahisəli rəqəmlər, yəni ziddiyət var. Nə deyə bilərsiz?

Cəlal Kazımov: Möhtərəm hakim, nəzərinizə çatdırım ki, Rafael Xələfovun oğlu hazırda məhkəmə zalındadır. Onun zaldan çıxmağını xahiş edirəm. Bəzi məsələlər var, onun atası barədə bu sözləri eşitməyini istəmirəm. 

Məhkəməyə sədrlik edən hakim Fikrət Əliyev bu məhkəmə prosesinin qapalı keçirilmədiyindən Xələfovun oğlunun zalda oturmağının hər hansı bir qanun pozuntusu olmadığını qeyd etdi. Rafael Xələfovun oğlu da atası barədə deyilənləri eşitməyə hazır olduğunu söylədi. 

C. Kazımov: Xələfovla bəzi məbləğlərdə aramızda ziddiyət var. 210 mində, Fariz Nəbiyevlə bağlı 70 mində, birdə inspeksiya pulu adı ilə 2 dəfəyə verilən 140 mində. Bu pulların hamısını Xələfova vermişəm. 

R. Xələfov: Mən də hamısını aparıb aidiyyəti üzrə çatdırmışam. 

C. Kazımov: Bu 143 milyonluq cinayət işində tək 4 nəfərlə bağlı 7 milyon 555 min 216 manat çatışmazlıq var. Bu pullarda Rafael Xələfovdadır. O açıqlama verməlidir.

R. Xələfov: Mən istintaqda hər şeyi demişəm, 1-ci dəfədir eşidirəm bu məbləği. 

Məhkəmənin növbəti gedişində Cəlal Kazımovun hüquqlarını müdafiə edən vəkil Əli Adıgözəlovda şahidə bir neçə sual verib. 

Əli Adıgözəlov: Cəlal Kazımov demir ki, həmin məbləği alıb cibinizə qoymusunuz. Misal üçün, həmin məbləğdən 140 min manatı inspeksiya və ya kurasiya pulu kimi almısınız.  Bu halı təsdiq edirsiz?

R. Xələfov: İnspeksiya pulu olub, kurasiya pulu yox. Cəlal Kazımov 140 min inspeksiya pulu verib, təsdiq edirəm. 

Ə. Adıgözəlov: Cəlal Kazımov “N” saylı hərbi hissənin maliyyə xidmət rəisi olan Anar Məmmədovun bağını satdırmaq istəyirdi, ya yox?

R. Xələfov: Anar Məmmədov pul verən deyildi, mən ifadəmdə də qeyd eləmişəm ki, bu haldan xəbərim yoxdu. Məmmədovu təftiş işçiləri yoxlamayıb, Cəlal Kazımov özü yoxlayıb. 

Cəlal Kazımov: 2018-ci ildə yoxlama zamanı təftişçilərin sırasına mən də qatılmışdım. Anar Məmmədovun maliyyə xidmət rəisi olduğu hərbi hissədə 89 min manat yeyinti olduğu deyilsədə 300 min manat mənimsəmə aşkar etdim. Mən həmin hərbi hissənin aktını dərhal yazmadım. Anara dirənmişdim ki, evini satıb dövlətdən mənimsədiyi pulu ödəsin. Həmin aktı 5 aydan sonra yazdım. Cəmi 30 min manat pul verdi, ondan da 24 min manatı mənə çatdı.  

R. Mirmehdizadə: Xələfov, Cəlal Kazımov bir rəqəm səsləndirdi. Bölgüyə uygun olaraq 2-ci dəfə başqa ifadə vermisiz. Misal üçün, yoxlayıcılardan aldığınız məbləğlərdə 700 min manat tək bir korpusda fərq var. Yoxlayıcılar təftişdən sonra böyük məbləğdə pullar veriblər sizə. Ancaq siz ilkin ifadənizdə həmin məbləğləri təsdiq etsənizdə sonrakı ifadələrinizdə inkar etmisiz. Həmçinin ortada ziddiyət var.  Bu məbləğlərə ibtidai istintaqda qiymət verə bilməyib. Korpuslarıda, məbləğləridə deyirəm. İnspeksiya pulu barədə nə deyə bilərsiz? İfadənizdə var ki, 450 min manat pulun faizini razılaşmış formada o zaman İnspeksiya İdarəsinin rəisi olan Namiq Poladova vermisiz. Ümumilikdə 4,6 milyon manat Namiq Poladova kurasiya pulu verilib. Bunu ibtidai istintaqda təsdiq etmisiz. 

R. Xələfov: O məsələnin mənə heç bir aidiyyəti yoxdur, idarə rəisinə aidiyyəti var. 

R. Mirmehdizadə: İnspeksiya pulunun məbləğini deyə bilərsiz? 

R. Xələfov: Bilmirəm, mən o məbləği deyə bilmərəm. 450 min manat mənimsəmə çıxıb, Namiq Poladovu sakitləşdirmək üçün həmin məbləğin 10 faizidə verilib ona. 

R. Mirmehdizadə: Nizami Məmmədovla başa düşdüm, başqa yoxlayıcılarla niyə ziddiyətiniz var?

R. Xələfov: Mən bu suala cavab vermirəm. Nizami Məmmədovdan əvvəlki rəislə çox pis münasibətim olub, məni sürgün eləyib atmışdılar qırağa, yenidən məni vəzifəyə Nizami müəllim gətirdi.

Sonra dövlət ittihamçısı da inspeksiya pulu ilə bağlı Rafael Xələfova bəzi suallar verib. 

Dövlət ittihamçısı: İnspeksiya pulunu kim və necə müəyyən edirdi?

R. Xələfov: İnspeksiya pulunu yığmağı Nizami müəllim mənə həvalə etmişdi. Yoxlayıcılar həmin pulu hərbi hissələrdən alıb mənə verirdilər, mən də Nizami müəllimə verirdim. 

Dövlət ittihamçısı: Nizami Məmmədovdan başqa kiməsə inspeksiya pulu vermisiniz? 

R. Xələfov: Mən dediyiniz şəxsdən başqa heç kimə pul verməmişəm. O da deyirdi çatdıracam Namiq Poladova. 

Rafael Xələfovla sorğu-sual bitəndən sonra təqsirləndirilən şəxs Vüsal Əlizadənin vəkili müvəkkilinin həbsdə olan ipoteka yüklü evinin üzərindən həbsin götürülməsini məhkəmədən xahiş etdi: “Əlimizdə çeklər var, pulu tam ödəmişik, ancaq bank arayışı vermək istəmir. Pulumuzu dərhal alırlar, ancaq arayışı bir aya verirlər. Evin üzərindən həbsi götürün sataq dövlətin pulunu ödəyəkdə”.

Hakim Fikrət Əliyev isə ödəmə ilə bağlı banka sorğu verildiyini, o cavab gələndən sonra bu məsələyə qayıdacağını qeyd etdi. 

Sonra vəkil Rəşad Mirmehdizadə 143 milyon məbləğin şişirdildiyi ilə bağlı bəzi məsələlərə aydınlıq gətirdi: “İfadə verən şəxslərin ifadələrindən də aydın olur ki, bu məbləğ şişirdilib. Qeyd edim ki, Maliyyə Nazirliyinin Müdafiə Nazirliyinə nəzarət edən şöbəsi 2017-2021-ci illərdə büdcənin xərclənməsi ilə bağlı heç bir qanun pozuntusunun olmadığını təsdiq ediblər, hər il yoxlamalar aparıblar, yeyinti aşkar etməyiblər. Büdcəni ayıran Maliyyə Nazirliyinin xəzinədarlıq şöbəsi hara baxırdı, əgər yeyinti varsa, nə məqsədlə bu qədər pul ayırırdılar. Bu məbləğ hansı sənədlər əsasında təsdiqlənib, sübutlar yoxdur. Bəzi məbləğlərə ittiham tərəfidə qiymət verə bilmir, açıq qalıb. Hüquqlarını müdafiə etdiyim şəxsə əlavə olaraq 4,6 milyon manatla bağlı ittiham veriblər. Namiq Poladov gəlib 4,6 milyon pulu almağına aydınlıq verməli idi, o vəsatətimdə təmin olunmadı. Rafael Xələfov ilkin ifadəsində bütün məsələlərlə bağlı düzgün ifadə versədə sonradan fikirli olmuşam deyib ifadəsini dəyişib. Halbuki ilkin ifadəsi ilə həm Nizami Məmmədovun, həm də yoxlayıcıların, həm də hərbi hissələrin maliyyə xidmət rəislərinin ifadələri üst-üstə düşür. Biz ilkin ifadəmizdə nəyi necə demişiksə bütün istintaq və məhkəmə boyu onun üstündə də dururuq”. 

Cəlal Kazımov da 143 milyonluq ittihamla razılaşmadığını söylədi: “Bu məbləğin mənimsənilməsi qeyri-mümkündür. Xəzinədarlıqdan çıxarılan məbləğlər şişirdilmiş rəqəmlərdi. Hərbi hissələrdə hərbçilərə verilən nağd ödənişlərin hamısı qalıb bizim boynumuzda, halbuki bu hal demək olar bütün hərbi hissələrdə olub. Rafael Xələfov da aldığı məbləğləri inkar edir”. 

Növbəti məhkəmə prosesi 11 oktyabr tarixində keçiriləcək. 

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə, xüsusi ilə külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb./"Unikal"