Vaqif Xaçatryanın məhkəməsi: O, özünü təqsirli bilmədi... - YENİLƏNİR

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadə verməsi davam edir.

Zərərçəkmişlər Vaqif Xaçatryanın onların başlarına gətirdiyi müsibətləri danışırlar.

Zərərçəkmiş Şakir Qonaqov qardaşı Musanın Meşəli hadisələrində qətlə yetirildiyini bildirib: "Qardaşım döyüşlərə könüllü qatılmışdı. Biz onu kənd qəbristanlığında dəfn etdik. Onun cəsədində 20-dən çox güllə izi var idi".

Roza Qasımova ifadəsində söyləyib ki, Meşəli hadisələri zamanı onun 27 yaşı var idi: "Kənddə idim. Atam qətlə yetirildi, anam isə ağır yaralandı. Təqsirləndirlilən şəxsə ən ağır cəza verilməsini tələb edirəm".

Süleyman Mahmudov isə bildirib ki, erməni döyüşçüləri onlardan səsgücləndirici vasitəsilə təslim olmalarını tələb ediblər.

Zərərçəkmiş Naidə Mehralıyeva mərhum atasının təqsirləndirilən şəxsi yaxşı tanıdığını deyib.

**13:38

Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın ibtidai istintaqa ifadəsi məlum olub.

"Report"un məlumatına görə, Vaqif Xaçatryan istintaqa verdiyi ifadəsində 1955-ci ildə keçmiş Əsgəran rayonunun Badara kəndində anadan olduğunu bildirib.

Həmin kənddə qeydiyyatda olmaqla yaşayır, evlidir və üç qız övladı var, ailədə ondan başqa iki qardaşı və bir bacısı olub. Bacısı və bir qardaşı, Qarnik ölüb. Vaqif Xaçatryan 1973-cü ildə üç aylıq hərbi avtomobil məktəbini bitirib, 1974-1976-cı illərdə keçmiş sovet ordusu sıralarında hərbi xidmətdə olub, sonra isə Xankəndi şəhərində aqrar-sənaye idarəsində sürücü işləməyə başlayıb. 1992-ci ilin sentyabr ayında Robert Koçaryan Qarabağ Komitəsinin rəhbəri olduqdan sonra 50-55 yaşına qədər ermənilər özünümüdafiə adı ilə Xankəndi (Stepanakert) şəhər hərbi komissarlığından səfərbərliklə xidmətə çağırılıb. Bununla əlaqədar Vaqif Xaçatryan 100-ə yaxın Badara kənd sakini ilə birlikdə hərbi komissarlığa gedib qeydiyyata düşmüş və kəndə qayıtdıqdan sonra hərbi xidmətə çağırılanlar hər qrupda 33 nəfər olmaqla üç qrupa bölünüblər. Daha sonra isə hərbi komissarlığın hərbçiləri tərəfindən keçmiş Əsgəran rayonunun Noragüh kəndinə aparılıb.

Orada onlara 5-10 gün müddətində silah doldurub boşaltmaq, hədəfə nişan alıb atəş açmaq və digər təlim məşqləri keçirilib. Təlimdən sonra isə 1992-ci ilin sentyabr ayının ortalarında Vaqif Xaçatryanın olduğu qrup Fərrux dağının yüksəkliyinə aparılıb, oradakı postda xidmət aparmaları tapşırılıb, 7 gündən bir həmin posta çıxıb, 7 gün xidmət aparıb, xidmətdə olduğu müddətdə Fərrux dağı ətrafında azərbaycanlılarla döyüş olmayıb və o həmin döyüşlərdə iştirak etməyib.

Postda xidmət aparan zaman Vaqif Xaçatryanın böyrəkləri və bağırsaqları soyuqladığına görə, o, 1992-ci ilin oktyabr ayının əvvəllərində Xankəndi (Stepanakert) şəhər xəstəxanasına gətirilib və orada təxminən 20 gün müalicə olunduqdan sonra xəstəliyi ilə bağlı xidmətdən tərxis olunub. Mülki şəxs kimi arxa təminat xidmətində, keçmiş Əsgəran rayonunun Noragüh kəndində yerləşən ərzaq anbarında fəhlə kimi işləməyə başlayıb.

1994-cü ilin iyun ayında müharibə qurtardıqdan sonra Vaqif Xaçatryan həmin işdən çıxıb və Badara kəndində təsərrüfatla məşğul olmağa başlayıb.

Təqsiləndirilən şəxs məhkəmədə Fərrux dağındakı postda xidmət etdiyini təsdiqləyib: "Biz o vaxt özümüzü azərbaycanlılardan müdafiə etmək üçün orada postda xidmət edirdik. Hərbi Komissarlıq tərəfindən bizə silah verilmişdi".

***13:02

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsində zərərçəkmiş şəxslər ifadə veriblər.

Onlar ermənilər tərəfindən işgəncə və təhqirə məruz qaldıqlarını bildiriblər.

Belə ki, zərərçəkmiş Kamal Rəcəbov məhkəmədə söyləyib ki, Meşəli kəndinə qəfil hücum olub: "Evdə yatmışdım. Gördüm ki, güllə yağış kimi yağır və ermənilər tərəfindən kəndə od vurulub. Onların atəşi nəticəsində sağ budumdan güllə yarısı aldım. Qışın günündə ailəmdən uzaq qaldım. Güllə atışından 2 metrliyimdə olan ailə üzvlərimi təxliyə etməyə imkan yox idi. Yoldaşımı və 2 azyaşlı körpəmi itirdim. Onların qadınlara da yazığı gəlmədi. Gözümün qabağında 2 və 17 yaşında olan qızı vəhşicəsinə qətlə yetirdilər".

Digər zərərçəkmiş şəxs Eldar Salmanov ifadəsində Vaqif Xaçatryanı şəxsən tanıdığını deyib: “Məlum hadisə vaxtı 16 yaşım var idi. Meşəli kəndinə 2 mindən artıq qoşun hücum etdi. Bunların məqsədi insanları daha çox əsir götürmək idi. Xaçatryan və onun dəstəsi qonşumuzun evinə od vurub, onların çığırtısına oynayırdılar. İçərisində döşləri kəsilmiş qadınlar olan 28 meyit gördüm. Mən də ana və atamı itirdim. Onlara azərbaycanlıların qulaqlarını kəsərək gətirmələrinə görə yaxşı pul verirdilər".

***12:28

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin istintaqa verdiyi ifadə elan edilib.

Vaqif Xaçatryan istintaqa verdiyi ifadəsində bildirib ki, 1955-ci ildə Əsgəran rayonunun Badara kəndində anadan olub. Həmin kənddə qeydiyyatda olmaqla yaşayıb, evlidir və üç qız övladı var.

Vaqif Xaçatryan 1973-cü ildə üç aylıq hərbi avtomobil məktəbini bitirdiyini deyib. O, 1974-1976-cı illərdə keçmiş sovet ordusu sıralarında hərbi xidmətdə olub, sonra isə Xankəndi şəhərində aqrar-sənaye idarəsində sürücü işləməyə başlayıb. 1992-ci ilin sentyabr ayında Robert Koçaryan Qarabağ Komitəsinin rəhbəri olduqdan sonra, 50-55 yaşına qədər ermənilərin özünümüdafiə adı altında Stepanakert şəhər hərbi komissarlığından səfərbərliklə xidmətə çağırılıb.

Bununla əlaqədar Vaqif Xaçatryan 100-ə yaxın Badara kənd sakini ilə birlikdə hərbi komissarlığa gedib qeydiyyata düşüb və kəndə qayıtdıqdan sonra, hərbi xidmətə çağırılanlar hər qrupda 33 nəfər olmaqla, üç qrupa bölünüblər. Daha sonra isə o, hərbi komissarlığın hərbçiləri tərəfindən Əsgəran rayonunun Noragüh kəndinə aparılıb.

Orada onlara 5-10 gün müddətində silah doldurub boşaltmaq, hədəfə nişan alıb atəş açmaq və digər təlim məşqləri keçirilib. Təlimdən sonra isə 1992-ci ilin sentyabr ayının ortalarında Vaqif Xaçatryanın olduğu qrup Fərrux dağının yüksəkliyinə aparılıb oradakı postda xidmət aparmaları tapşırılıb. O, 7 gündən bir həmin posta çıxıb 7 gün xidmət apardığını bildirib.

V. Xaçatryan deyib ki, xidmətdə olduğu müddətdə Fərrux dağı ətrafında azərbaycanlılarla döyüş olmayıb, və o, həmin döyüşlərdə iştirak etməyib.

Bildirib ki, postda xidmət aparan zaman böyrəkləri və bağırsaqları soyuqladığına görə, 1992-ci ilin oktyabr ayının əvvəllərində Stepanakert şəhər xəstəxanasına gətirilib və orada təxminən 20 gün müalicə olunub. Sonra xəstəliyi ilə bağlı xidmətdən tərxis olunub. Mülki şəxs kimi arxa təminat xidmətində, Əsgəran rayonunun Noragüh kəndində yerləşən ərzaq anbarında fəhlə kimi işləməyə başlayıb.

1994-cü ilin iyun ayında müharibə qurtardıqdan sonra Vaqif Xaçatryan hamin işdən çıxıb və Badara kəndində təsərrüfatı ilə məşğul olmağa başlayıb.

Təqsiləndirilən şəxs məhkəmədə Fərrux dağında postda xidmət etdiyi təsdiq edib: "Biz o vaxt özümüzü azərbaycanılardan müdafiə etmək üçün orada postda xidmət edirdik. Hərbi Komisarlıq tərəfindən bizə silah verilmişdi".

***11:41

 

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsində ittiham aktı elan olunub.

Stopnarkotik.az xəbər verir ki, Vaqif Xaçatryanın məhkəmədə özünü təqsirli bilmədiyini açıqlayıb.

Xatırladaq ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

***10:33

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Natiq Bəybalayev Meşəli qətliamını törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın müdafiəsindən imtina edib.

Stopnarkotik.az-ın məlumatına görə, bu, bu gün Yasamal rayon məhkəməsində Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmədə məlum olub.

Prosesdə N. Beydullayev məhkəməyə müraciət edib. O bildirib ki, səhhəti ilə əlaqədar müdafiədən imtina edir.

Etiraz qəbul edilib və V. Xaçatryan başqa müdafiəçi ilə təmin edilib.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü Radmila Abdulova V. Xaçatryana müdafiəçi təyin edilib.

***10:06

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçaturyanın məhkəməsinin baxış iclası başlayıb.

Stopnarkotik.az xəbər verir ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.

Prosesdə dövlət ittihamçıları - Baş prokurorun böyük köməkçisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov və ədliyyə müşaviri Cövdət Mehrəliyev tərəfindən V.Xaçaturyanın ittiham aktının elan edilməsi gözlənilir.

Eyni zamanda məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verəcəklər.

İş üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb.

***09:07

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin bu gün cinayət işi üzrə məhkəmənin növbəti iclası keçiriləcək.

Stopnarkotik.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev məhkəmə iclasına sədrlik edəcək.

Qeyd edək ki, cinayət işi üzrə məruzəçi hakim Camal Ramazanovdur.

Cinayət işinə Yasamal rayon Məhkəməsinin inzibati binasında baxılacaq.

Bu gün prosesdə məhkəmə istintaqın açıq elan olunacağı və prokurorun ittiham aktının elan edəcəyi gözlənilir.

Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçaturyan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.

Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.