Ukrayna əks-hücumlardan sonra Rusiyaya atəşkəs təklif edəcək - "WASHINGTON POST"

Rəsmi Kiyev ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri William Burns-ün Ukraynaya son gizli səfəri çərçivəsində ona Rusiyanın ölkəsinə qarşı başlatdığı müharibə ilə bağlı iddialı plan təqdim edib: Rusiyanın işğalı altında olan Ukrayna ərazilərini geri qaytarmaq və bu ilin sonuna kimi Moskva ilə atəşkəslə bağlı müzakirələrə başlamaq, ABŞ-ın "Washington Post" nəşri adını açıqlamadığı mənbəyə istinadən yazıb.

MKİ rəhbəri William Burns-ün iyunun sonlarında Ukraynaya səfər etməsi və orada ukraynalı həmkarları, eləcə də Prezident Vladimir Zelenski ilə görüşməsi barədə məlumatları anonim mənbələrə istinadən digər aparıcı kütləvi informasiya vasitələri də yayıb.

Mənbələr amerikalı rəsminin səfəri barədə dəqiq tarix açıqlamasa da, bunun iyunun 23-də Priqojinin Rusiyada təşkil etdiyi üsyandan qısa müddət sonra baş tutduğunu deyirlər.

"Washington Post" bununla bağlı məqalə dərc etdikdən 12 saat sonra Prezident Zelenski deyib ki, Ukrayna işğal altında olan əraziləri geri qaytardıqdan sonra Rusiya ilə danışıqlar apara bilər.

Ukraynalı rəsmilərin bildirdiyinə görə, Burns-ün səfəri sonuncu gecəyədək gizli saxlanılıb və onun gəlişi Ukayna qüvvələrinin Rusiyaya qarşı əks-hücuma başladığı vaxta təsadüf edib. Lakin rəsmi Kiyev əks-hücumlara hələlik Qərbdə təlim keçmiş və Qərb silahı ilə təchiz edilmiş briqadaların cəlb olunmadığını qeyd edib.

Nəşrin Amerikalı rəsmiyə istinadən verdiyi məlumatda bildirilir ki, MKİ rəhbərinin səfərinin məqsədi Ukraynanın özünü müdafiə etməsi üçün Biden administrasiyası tərəfindən zəruri kəşfiyyat məlumatlarını Kiyevə ötürməyə davam edəcəyini “təsdiqləməkdir”.

Biden administrasiyası daha əvvəl verdiyi açıqlamaların birində Priqojinin məqsədləri barədə hələ iyunun ortalarından məlumatlı olduğunu deyib. Lakin Burns-ün Kiyev səfərində bu mövzu müzakirə edilməyib, Washington Post (WP) yazıb.

Rəsmi Kiyev payızadək işğal olunmuş ərazilərin böyük hissəsini azad edəcəyi barədə Qərbli həmkarlarını məlumatlandırıb: Rusiyanın nəzarətində olan Krımla sərhəd ərazilərə artilleriya və raket sistemləri yerləşdirmək; Ukraynanın şərq sərhədinə daha da yaxınlaşmaq; və Moskva ilə danışıqlara başlamaq, - WP planla bağlı məlumatlı olan üç mənbəyə istinadla yazıb.

“Rusiya yalnız qorxduğu zaman danışıqlara başlayacaq”, Ukraynanın yüksək rəsmilərindən biri WP nəşrinə deyib.

"Washington Post" Kiyevin planlarının nə dərəcədə real olması ilə bağlı Burns-ün mövqeyini öyrənmək üçün MKİ-nə ünvanladığı sorğuya qurum cavab verməyib.

Son bir neçə həftə ərzində Zaporojye və Donetsk regionlarında əks-hücuma başlayan Ukrayna ordusu minalı ərazilərdən keçməyə və istehkam qurğularını yarmağa məcbur olub və nəticədə ağır itkilər verib, Washington Post yazıb.

Lakin Ukraynanın müdafiə naziri Oleksiy Reznikov bir neçə gün əvvəl bildirib ki, əks-hücumların “əsas hissəsi” hələ qarşıdadır. Ukraynalı nazir həmçinin Qərb ölkələrindən silah-sursat və döyüş təyyarələri gözlədiklərini və bunun döyüşün aqibəti üçün vacib olduğunu vurğulayıb.

Rusiya, ukrayna, müharibə, ABŞ

Rusiyanın Ukraynaya qarşı ötən ilin fevralında başlatdığı hücumdan sonra MKİ rəhbəri William Burns “mütəmadi olaraq” Ukraynaya səfər edir

"Washington Post" və AFP (Agence France-Presse) öz mənbələrinə istinadən bildiriblər ki, Rusiyanın Ukraynaya qarşı ötən ilin fevralında başlatdığı hücumdan sonra MKİ rəhbəri “mütəmadi olaraq” Ukraynaya səfər edir.

Onun səfərlərindən bəziləri məlumdur. O, 2022-ci ildə fevralın əvvəllərində şəxsən Ukraynaya məlumat ötürərək, Rusiyanın hücumun ilk saatlarında Kiyev yaxınlığındakı Gostomel hava limanını ələ keçirəcəyi və həmin aeroport vasitəsilə öz qoşunlarını ora yerləşdirərək, paytaxt şəhəri nəzarətə götürəcəyini bildirmişdi (Rusiyanın bu planının qarşısı alınmışdı).

Burns daha sonra 2022-ci ilin noyabrında Ankarada Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinlə görüşdən sonra Kiyevə səfər etmişdi.

Bu həftənin əvvəlində ABŞ Ukraynanın əks-hücumunu dəstəkləmək məqsədi ilə ümumi dəyəri 500 milyon dollar olan yeni planını açıqlayıb. Bura zirehli hərbi avtomobillərin, döyüş sursatlarının və mina təmizləmə qurğularının göndərilməsi də daxildir.