Təyyarə qəzasında həlak olan 3 ekipaj üzvü və 21 sərnişinin cənazəsi Bakıya gətirildi / YENİLƏNİB

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan daha 24 nəfərin nəşi ölkəyə gətirilib.

Stopnarkotik.az xəbər verir ki, qəza nəticəsində həlak olan 21 sərnişin və 3 ekipaj üzvü-pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarənin bələdçisi Hökumə Əliyevanın nəşi ölkəyə gətirilib.

Bildirək ki, ekipaj üzvləri ll Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.

*** 18:30

Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus təyyarədə həyatını itirən növbəti 24 nəfərin nəşi bu gün Bakıya gətiriləcək.

Stopnarkotik.az xəbər verir ki, bu barədə oxu.az etibarlı mənbələrdən məlumat əldə edib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.