Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin Rusiya ərazisində hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulmasından 2 gün keçsə də, rəsmi Moskva demək olar ki, susur. Baxmayaraq ki, Azərbayan hökuməti hadisənin səbəblərini, təfərrüatını qeyri-rəmi kanallarla ictimailəşdirib. Rəsmi mənbələr mətbuata bildiriblər ki, Rusiyadan rəsmi üzürxahlıq, təzminant və cinayətdə əli olan şəxslərin cəzalandırılmasını gözləyirlər.
Lakin buna baxmayaraq, dünən Kremlin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, yalnız hadisənin ekspertizasının nəticələri açıqlandıqdan sonra ona münasibət bildirmək niyyətindədirlər.
Rusiya 2022-ci il 22 fevralda imzalanmış “Müttəfiqlik və qarşıqlılı yardım haqqında birgə Bəyannamə” ilə Azərbaycanın müttəfiqi sayılır. Rəsmi şəxslər ötən 3 ilə yaxın müddətdə fəaliyyətlərini bu bəyannaməyə əsasən genişləndirdiklərini bildiriblər. Amma Rusiyanın təyyarənin vurulmasına nümayiş etdirdiyi susqunluq və etinasızlıq ikitərəfli münasibətlərə uyğun gəlmir.
Azərbaycan isə hələ rəsmi müttəfiqlikdən əvvəl qismən oxşar hadisəyə görə üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirmişdi. Söhbət Ermənistanla Azərbaycan arasında 44 günlük müharibənin başa çatmasına saatlar qalmış – 9 noyabr 2020-ci il tarixdə Naxçıvan-Ermənistan sərhədi yaxınlığında Rusiyaya məxsus hərbi helikopterin səhvən vurulmasından gedir.
Əvvəlcə hadisə barədə: 9 noyabr 2020-ci il tarixində, Ermənistanın Yerasx kəndi yaxınlığında, Azərbaycanın Naxçıvan Muxtar Respublikasından bir neçə kilometr aralıda və Qarabağdan 70 kilometr məsafədə heç bir məlumat vermədən sərhədimizə yaxınlaşan helikopter daşınabilən hava hücumundan müdafiə sistemindən atılan atəş nəticəsində vurulur. Helikopterin Gümrüdəki 102-ci Rusiya hərbi bazasının konvoyunu müşayiət etdiyi bildirilir. Hadisə zamanı vertolyorda olan 2 hərbçi həlak olub, bir nəfər isə yaralanıb.
Bakıdan rəsmi reaksiyalar: Qısa müddət sonra Azərbaycan Xarici İşlər Nazirliyi hadisənin təsadüfən baş verdiyini bildirir, Rusiyadan üzr istədiyini və təzminat ödəməyə hazır olduğunu qeyd edərək hücuma görə məsuliyyəti Azərbaycan tərəfinin üzərinə götürdüyünü açıqlayır. Azərbaycanın Həmin vaxt Xarici İşlər Nazirliyindən vurğulanıb ki, helikopter bilavasitə Qarabağ münaqişəsi zonasında aktiv döyüş əməliyyatların davam etdiyi Azərbaycan-Ermənistan dövlət sərhədinə yaxın ərazidə uçuş keçirib. Üstəlik uçuş günün qaranlıq vaxtında, aşağı hündürlükdə, hava müdafiəsi sisteminin radar müşahidəsindən kənar zonada həyata keçirilib. Həmçinin, bölgədə əvvəllər Rusiya helikopterlərinin görünmədiyi vurğulanıb.
Hadisədən qısa müddət sonra Azərbaycanın Müdafiə naziri Zakir Həsənov Rusiyanın Müdafiə naziri Sergey Şoyquya başsağlığı məktubu göndərib. Rusiya Xarici İşlər Nazirliyi hadisənin məsuliyyətini dərhal öz üzərinə götürən Azərbaycanın addımını müsbət qiymətləndirdiklərini bildirib. Rusiya Prezidenti Vladimir Putin daha sonra helikopterdəki hərbçiləri “Cəsarət ordeni” ilə təltif edib.
Azərbaycan Baş Prokurorluğu tərəfindən də vurulmuş helikopterlə bağlı “səhlənkarlıq” ittihamı ilə cinayət işi açılıb. Noyabrın 12-də Ermənistanın Gümri şəhərində yerləşən Rusiya hərbi bazasının hərbi müstəntiqləri cinayət işi açıblar. İş əvvəlcə RF Cinayət Məcəlləsinin 351-ci maddəsi ("Uçuş qaydalarını pozma və ya ona hazırlaşma, ehtiyatsızlıqdan ölümlə nəticələnmə") əsasında qaldırılıb, daha sonra daha ağır bir maddəyə - 105-ci maddənin 2-ci hissəsinə ("İki və ya daha çox şəxsin qəsdən öldürülməsi") uyğunlaşdırılıb.
İnternet resurslarında bu haqda son məlumat 5 yanvar 2021-ci ildə paylaşılıb:
Rusiyanın hərbi müstəntiqləri azərbaycanlı həmkarlarından Ermənistan və Azərbaycan sərhədində Mi-24 hərbi helikopterinin vurulması ilə bağlı cinayət işinin araşdırılmasında kömək istəyib. Bu barədə vəziyyətlə tanış olan bir mənbə “İnterfaks” xəbər agentliyinə bildirib...
Xatırladaq ki, bu hadisə aktiv döyüş zonasında baş verib, həlak olanlar isə hərbçilərdir.
2 gün əvvəl isə Rusiyanın uçuşa qadağan etmədiyi ərazisində Azərbaycana məxsus sərnişin təyyarəsi vurulub, nəticədə 38 nəfər həlak olub, 29 nəfər yaralanıb, onların bir çoxunun vəziyyəti ağırdır. Rusiya HHM atəşi zamanı zədələdiyi avialaynerin öz hava limanlarına enməsinə icazə verməyib. Bir çox hərbi ekspertlər vurğulayırlar ki, təyyarənin Xəzər dənizi üzərinə istiqamətləndirilməsi onun məhv olması və cinayətin izinin itirilməsi məqəsdi daşıyıb.
Bu iki hadisə arasında müqayisə apardıqda Rusiyanın susqunluğu, törədilən cinayətə adekvat reaksiya verməməsi ikitərəfli münasibətləri ciddi şəkildə zədələyir.
Azərbaycan tərəfi hələlik bu məsələ ilə bağlı rəsmi şəxslərin dili ilə danışmayıb, olayın səbəbini ictimailəşdirməklə kifayətlənib və ehtimal ki, Kremlin nəhayət adekvat davranacağını gözləyir. Amma “müttəfiq” ölkə susmaqda davam etdir. Belə olan halda Azərbaycan Baş Prokurorluğunun, XİN-in, rəsmi şəxsləri Rusiyadan rəsmi izahat tələb etməsinin zamanı çatır. Əgər reaksiyalar dəyişməzsə, rəsmi Bakı ikitərəfli münasibətləri yenidən gözdən keçirə, ilk növbədə Moskvadakı səfirini məsləhətləşmək üçün geri çağıra bilər. Daha sonra təyyarənin vurulması ilə bağlı beynəlxalq prosedurların başladılmasına “yaşıl işıq” yandırıla bilər.
Xatırladaq ki, Azərbaycanın sərnişin təyyarəsini vurması Rusiyanın törətdiyi bu tip ilk cinayət deyil. 2014-ü ildə Donetskdə Malaziyaya məxsus avialaynerin “Buk” ZRK ilə vurulması nəticəsində 297 nəfər həlak olmuşdu. Rusiya beynəlxalq istintaq orqanları tərəfindən tam araşdırılmış, təqsirkarları müəyyən edilmiş bu cinayəti hələ də etiraf etmir.../azpolitika.info