Daşkənd-Qroznı marşrutu üzrə hərəkət edən "Özbəkistan Hava Yolları"na məxsus sərnişin təyyarəsi uçuşu başa vura bilməyib.
Bu barədə "Flightradar24" (təyyarə transponder siqnallarına əsaslanan uçuş izləmə xidməti – red.) xidmətinin məlumatında bildirilir.
Paylaşımdan görünür ki, Qroznıya çata bilməyən təyyarə Mahaçqaladan geri dönür və Aktau üzərində bir neçə dövrə vurduqdan sonra Daşkənd hava limanına geri qayıdır.
İlkin ehtimallara görə, bu, dron hücumu təhlükəsi səbəbilə Rusiyanın hava məkanını bağlaması səbəbindən baş verib.
Xatırladaq ki, dekabrın 25-də AZAL-a məxus sərnişin təyyarəsi Aktauya qəza enişi edib. Yerli mənbələrə görə, təyyarə Rusiya ərazisində hücuma məruz qalaraq zədələndikdən sonra qəzaya uğrayıb.