“Tərtər işi” üzrə daha 4 hərbçi hakim qarşısına çıxarılır - FOTOLAR

“Tərtər işi” üzrə daha 4 hərbçi hakim qarşısına çıxarılır.

Bunlar Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevdir. İttiham olunan 4 nəfərin işi üzrə cinayət işi Bakı Hərbi Məhkəməsinin icraatına daxil olub. Prosesə hakim Camal Ramazanov sədrlik edəcək.

Cinayət işi üzrə 185 nəfər zərərçəkmiş qismində tanınıb. Məhkəmə iclasları zalların genişliyi baxımından Sumqayıt Məhkəmə Kompleksində keçiriləcək.

Qeyd edək ki, 2017-ci ildə bir qrup azərbaycanlı hərbçi Ermənistan xüsusi xidmət orqanlarına casusluq etməsi şübhəsi ilə Azərbaycan hüquq-mühafizə orqanları və ordunun vəzifəli şəxslərinin göstərişləri ilə Tərtər və ətraf ərazilərdə işgəncələrə məruz qalıb. Qeyri-rəsmi mənbələrdə işgəncəyə məruz qalan şəxslərin əhatə dairəsinin 1000-dan çox olduğu bildirilir.

Həmin şəxslərin ailələri və cəmiyyətin ictimai basqısından sonra “Tərtər işi”nin istintaqı 2021-ci ildə təzələnib. Məlum olub ki, vətənə xəyanətdə itiham olunan şəxslərin çoxu məsumdur və onların əksəriyyəti bəraət alıb. Bir neçəsinə ölümündən sonra bəraət verilib.

Xatırladaq ki, Tərtər hadisələri ilə bağlı hazırda daha iki məhkəmə prosesi davam etdirilir. Aralarında general-mayor Bəkir Orucovun da olduğu 9 nəfər iki ayrı prosesdə mühakimə olunur. İki iş üzrə zərərçəkmişlərin sayı 250-dən çox idi. Bununla da rəsmi olaraq ittiham olunanların sayı 13, zərərçəkmişlərin sayı 440-ı ötüb.

Fotoda: gizir Elçin Əliyev

Fotoda: gizir Sənan Maşıyev

Fotoda: baş gizir Cabir Qəhrəmanov

"Qafqazinfo"