Telman İsmayılovun əmrilə müğənnini qaçıranlardan biri həbs olundu

Rusiyada erməni əsilli müğənni Abraham Russonun oğurlanmasında şübhəli bilinən daha bir şəxs Moskvada saxlanılıb.

Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, şübhəli şəxs dünən axşam Şeremetyevo hava limanında tutulub.

Məlumata görə, şübhəli şəxs 60 yaşlı Moskva sakini Vladimir Şestopalovdur. O, hələ 2018-ci ildə cinayətin üstü açılanda axtarışa verilib. Bu gün paytaxtın Basmannı məhkəməsinə məhbusun həbsi ilə bağlı vəsatət daxil olub.

Bundan əlavə, müğənnini oğurlamaqda təqsirli bilinərək həbs olunan məhkum sərbəst güləşçi Tərxan Eldukayev isə Ukraynada döyüşmək üçün Rusiya Müdafiə Nazirliyinə müraciət edib. Bu müraciət məhkum və zərərçəkən arasında qalmaqala səbəb olub.

Qeyd edək ki, Abraham Russo 2017-ci il yanvarın 31-də iş adamı Telman İsmayılovla (AST Telman) işgüzar görüşü üçün qaçırılıb. Belə ki, İsmayılovun adamları olan Şestopalov və başqa bir nəfər onun əmri ilə sənətçini iş adamının malikanəsinə aparıblar. Orada onu 24 saat saxlayıblar və ondan İsmayılovun təklif etdiyi konsert fəaliyyətinin aparılması şərtləri ilə razılaşmağı tələb ediblər. Russo təkliflə razılaşıb və sərbəst buraxılıb. O, yalnız altı aydan sonra polisə müraciət edib.