Bakıda tanışını qətlə yetirməkdə təqsirli bilinən Şəhriyar Abbasquliyevin cinayət işi üzrə təfərrüatlar məlum olub.
Hadisə Maştağa qəsəbəsində baş verib. Qəsəbə sakini, 1986-cı il təvəllüdlü İlham Tahir oğlu Ağayev bıçaqlanaraq öldürülüb. Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən şəxsin Maştağa sakini Şəhriyar Abbasquliyev olduğu müəyyən edilib. Daha sonra o, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham olunub.
İstintaqla müəyyən edilib ki, martın 9-u saat 18 radələrində Maştağa qəsəbəsinin mərkəzində əhalinin sıx olduğu yerdə Şəhriyar Abbasquliyev taksi sürücüsü Alim Mirzəyevə məxsus "VAZ 2106" markalı avtomobildə əyləşdiyi zaman əvvəllər qərəzli münasibətdə olduğu Elvin Abdullayev sərxoş vəziyyətdə ona yaxınlaşıb və aralarındakı narazılığa görə ondan üzr istəməsini tələb edib. Buna görə Abbasquliyev cibindən çıxardığı bıçaqla Abdullayevə hücum edib. Münaqişəyə hadisə yerinə gələn sonuncunun dostları İlham Ağayev, İmran Zeynalov və Mirvaleh Əzizov qoşulublar. Dava vaxtı təqsirləndirilən şəxs Ağayevin ürək nahiyəsinə bir zərbə vuraraq onu qəsdən həyatdan məhrum edib.
İş üzrə dindirilmiş Şəhriyar Abbasquliyev ifadəsində bildirib ki, Elvin əlində soyuq silahla üstünə gələrkən o, özünü qorumaq üçün cibindən bıçağını çıxarıb arxaya çəkilib. Bu zaman Abdullayevin avtomobilindən İlham, İmran və Mirvaleh düşüb qaça-qaça onlara tərəf gəliblər. İlham onu tutub divara sıxıb. Ağayevin əlində bıçaq görən Şəhriyar həyatı üçün təhlükə yarandığını fikirləşib, öz kəsici aləti ilə onun sifətinə xəsarət yetirib. Geriyə çəkilib, bıçağı havada sağa-sola firladıb ki, İlham yaxınlaşa bilməsin. Buna baxmayaraq yaralanan şəxs üstünə gəlib və o, bıçaqla onun sinəsinə bir zərbə vurub. Yerə yıxılan İlhamın vəziyyəti pisləşməsin deyə, İmrana tapşırıb ki, onu xəstəxanaya aparsın. Özü isə Bilgəh qəsəbəsinə gedib. Bir müddət sonra taksi ilə hava limanına gəlib. Saat 20:00-da Moskvaya yola düşüb. Təyyarədə olarkən qəsəbədən xatırlamadığı tanışına zəng edib, Ağayevin öldüyünü öyrənib. İki gündən sonra Rusiyada olan dostlarına hadisəni danışıb. Həmin şəxslərdə Bakıya zəng edib, polisin onu axtardığını və ailə üzvlərinin saxlanıldığını öyrəniblər. Buna görə ayın 12-də geri qayıdıb və hava limanında polis əməkdaşları onu həbs ediblər.
Məhkəmədə təsdiq olunub ki, Şəhriyar Abbasquliyev İlham Ağayevi xuliqanlıq niyyəti ilə deyil, qisas almaq məqsədi ilə qəsdən öldürüb.
Sonda məhkəmənin hökmü ilə o, 13 il müddətinə azadlıqdan məhrum olunub./olke.az