Ali Məhkəmədə Bakıda tanışını bıçaqlamaqda təqsirli bilinən Vüqar Rəsulovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Stopnarkotik.az pravda.az-a istinadən xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Rəsulov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Növbəti instansiya məhkəmələri hökmü qüvvədə saxlayıb.
Qeyd: Hadisə 2021-ci ilin sentyabrında paytaxtın Xətai rayonunda qeydə alınıb.
Belə ki, Əhmədli qəsəbəsində 2005-ci il təvəllüdlü Riad Babayev əvvəllər mübahisə etdiyi 2001-ci il təvəllüdlü Vüqar Rəsulov tərəfindən dava zamanı bıçaqlanıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb və həyatını xilas etmək mümkün olub.
Faktla bağlı V.Rəsulov saxlanılıb və ona Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa zərər vurma) maddəsilə cinayət işi başlanıb.