Sumqayıtda tanışını qətlə yetirməkdə təqsirli bilinən Rüfət Quliyevin cinayət işi üzrə təfərrüatlar məlum olub.
Hadisə şəhərin Corat qəsəbəsində, 502 saylı evdə baş verib. Qəsəbə sakini, əvvəllər məhkum olunmuş 1974-cü il təvəllüdlü Quliyev Rüfət Salman oğlu evinə qonaq gəlmiş 1983-cü il təvəllüdlü Hətəmov Ramiz Yunis oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində R.Quliyev R.Hətəmovu balta ilə qətlə yetirib.
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində Rüfət Quliyev saxlanılıb.
O, istintaqa verdiyi ifadəsində bildirib ki, əvvəllər məhkumluq həyatı yaşayıb. Azadlığa çıxandan sonra Sumqayıta qayıdaraq Corat qəsəbəsində ata evində tək yaşayıb. Ramiz Hətəmovla 3 saylı istintaq tədricxanasında tanış olublar. Hər ikisi cəzaçəkmə müəssəsindən azad olunduqdan sonra münasibətlərini davam etdiriblər. Ramiz tez-tez Corat qəsəbəsində yaşayan bacısıgilə gəlib-gedərkən onunla görüşüb. Bəzən onun evində gecələyib.
Quliyev bildirib ki, Ramiz sakit görünsə də, dili acı olub. Mübahisəni xoşladığından bu xasiyyəti ona problem yaradıb və həmişə üzərində bıçaq gəzdirib.
Rüfət Quliyev bildirib ki, həyətdəki darvazanın qıfılı olsa da, açarı itirdiyindən onu örtməklə bağlı saxlayıb.
Fevralın 7-də işi ilə əlaqədar evdən gedərkən qapıları çəkib bağlayıb və Ramizin evinə gələcəyini gözləməyib. Saat 22:00 radələrində qayıtdıqda həyətdə bir neçə kişinin hündürdən gülüb danışdıqlarını eşidib. Təəcüblənərək içəri daxil olanda Ramizin iki nəfər tanımadığı həmyaşıdı ilə döşəmədə oturub çay içdiklərini və ucadan danışıb güldüklərini görüb. Onun özbaşına süfrə açıb gülməsi Rüfətə pis təsir edib. Qəzəbini saxlaya bilməyib irad tutduqda Ramiz onun üzünə bozarıb. Bu səbəbdən aralarında sözlü mübahisə yaranıb. Hətəmov üzr istəmək əvəzinə kobud danışdıqda Rüfət onların evini tərk etmələrini tələb edib.
Səhərisi gün səhər saat 8 radələrində oyanıb siqaret çəkərkən Ramiz evinə gəlib. Hətəmov döşəmədə oturan kimi, ötən axşam aralarında yaranan söz-söhbətə görə onu günahlandırıb. Cibindən bıçağı çıxarıb böyrünə qoyub və həbsxana dili ilə jarqon ifadələr işlədib.
Ramizin bu hərəkətlərinə görə oturduğu yerdən arxaya çevrilərək qapıya söykədiyi baltanı götürüb onun başına zərbələr endirib. Zərbənin təsirindən Ramizin başından və burnundan qan axmağa başlayıb. Rüfət yerindən qalxıb onun baş nahiyəsinə daha iki zərbə vurub. Daha sonra meyiti evdə qoyaraq polisə gedib və törətdiyi əməli etiraf edib.
Məhkəmə prosesində Rüfət Quliyev ittiham üzrə özünü təqsirli bilib.
Sonda məhkəmənin hökmü ilə o, 12 il müddətinə azadlıqdan məhrum olunub./olke.az