Taksi sürücüləri ilə əlbir oldu, 70 müəllimi aldatdı - AZADLIĞA BURAXILDI

Yardımlıda 70-ə yaxın müəllimi sertifikatlaşdırma imtahanından keçirəcəyinə inandıraraq pullarını mənimsəyən 31 yaşlı qadın azadlığa buraxılıb.

Stopnarkotik.az "qaynarinfo"ya istinadən xəbər verir ki, 1994-cü ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olmuş Atayeva Jalə Əlövsət qızına Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham olunub.

O, 70-ə yaxın müəllimə qarşı dələduzluq edib. Təqsirləndirilən 31 yaşlı qadın bir qrup müəllimi Elm və Təhsil Nazirliyində yüksək vəzifəli adamının olduğuna inandırıb. Hər bir müəllimdən ayrı-ayrılıqda 3000-4000 min manat arası pul alaraq guya onları sertifikatlaşdırılma imtahandan keçirəcəyinə inandırıb. Zərərçəkmişlər Yardımlı rayonun Telavar, Horonu, Gərsava, Şovut və Sığna kəndinin müəllimləri olublar.

2024-cü ilin avqust ayında növbəti sertifikatlaşdırılma imtahanından keçə bilməyən bəzi müəllimlər hüquq-mühafizə orqanlarına şikayət etməli olublar. Aparılan araşdırma zamanı Jalə Atayevanın cinayət əməlini "Uber" şirkətində taksi fəaliyyəti ilə məşğul olan Xalid və Elnur adlı adlı şəxslərin vasitəsilə həyata keçirdiyi müəyyənləşib.

O, 8 aprel 2025-ci ildən 11 sentyabr 2025-ci ilədək həbsdə saxlanılıb. Məhkəmənin hökmü ilə həbsdə keçirdiyi 5 ay 3 gün cəza müddətinə hesablanmaqla Jalə Atayevaya 7 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması təyin edilib.

Qadın məhkəmə zalından azad olunub, barəsində başqa yerə getməmək qadağası qüvvədə saxlanılıb. O, cəza müddəti bitənədək elektron qolbaqla nəzarətdə qalacaq.