Sumqayıtda Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Stopnarkotik.az-a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.
Belə ki, oktyabrın 19-da 1984-cü il təvəllüdlü Elvira Məmmədovanın çoxsaylı bıçaq xəsarətləri alması barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1987-ci il təvəllüdlü Mehman Rüstəmovun yaşadığı, Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən mənzildə ailə münaqişəsi zəminində arvadı Elvira Məmmədovanı bədəninin müxtəlif nahiyələrinə kəsilmiş-deşilmiş xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Mehman Rüstəmov hadisə zamanı xəsarət aldığından hazırda xəstəxanada müalicəsi davam edir.
***13:46
Sumqayıtda bıçaqlanan qadın əməliyyat olunub.
Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsindən bildirilib ki, şəhərin 14-cü məhəlləsi ərazisində ailə münaqişəsi zəminində baş vermiş hadisə ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına oktybarın 19-da saat 09:10 radələrində 1984-cü il təvəllüdlü Elvira Məmmədova bədənin çoxsaylı kəsilmiş, deşilmiş yaraları ilə daxil olub. Hadisə zamanı vurulan zərbələrdən ikisi döş və qarın boşluğuna nüfuz edib. Əməliyyat olunan E.Məmmədova Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
Eyni zamanda E.Məmmədovanın həyat yoldaşı 1987-ci il təvəllüdlü Mehman Rüstəmov da aldığı xəsarət səbəbilə tibb müəssisəsinə gətirilib. Ona xaya kisəsinin cırılması diaqnozu qoyulub və əməliyyat olunub. Hazırda Cərrahiyyə şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti qənaətbəxşdir.
***11:08
Sumqayıtda ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib.
Hadisə bu gün səhər saatlarında baş verib.
36 yaşlı Mehman Əkbər oğlu Rüstəmov həyat yoldaşı, 43 yaşlı Elmira Aydın qızı Məmmədovanı bıçaqlayıb.
E. Məmmədova çoxsaylı bıçaq xəsarətləri ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
M. Rüstəmov da münaqişə zamanı yüngül xəsarət alıb, ona da tibbi yardım göstərilib.
Fakt üzrə araşdırma aparılır./apa